Həyatın Mənşəyi
AZEN

Təkamül nəzəriyyəsinin molekulyar dalanı

"Hüceyrənin Təsadüfən Yaranması" Haqqında Əfsanə

Oxu müddəti: ~3 dəq.

Hüceyrənin təsadüfən yaranmasına inanan insan bizim şəhər haqqında hekayəmizə də asanlıqla inanacaq.

Gəlin məhsuldar olmayan, quraqlıq bir ərazidə, iki qaya arasında sıxılmış gil parçasını təsəvvür edək. Yağışlardan sonra bu gil parçası palçığa çevrilir, sonra günəşin təsiri altında quruyur, bərkiyir və bu qayalar arasında müəyyən bir şəkil alır. Sonra bu gilin forma almasına şərait yaradan qayalar necə olursa dağılıb yox olurlar; bunun nəticəsində səliqəli bir kərpic meydana gəlir. Bu üsulla alınan kərpic illərlə eyni üsulla əmələ gələn kərpicləri gözləyir. Beləcə, minlərlə kərpicin düzəlməsi üçün əsrlər keçir. Bu müddət ərzində isə xoşbəxt bir təsadüf nəticəsində bundan əvvəl əmələ gələn kərpiclərə heç bir ziyan dəymir. Bu kərpiclər heç dəyişmədən əsrlərlə yenilərinin əmələ gəlməsini gözləyir: onları nə külək, nə də boran aparır, onlara nə yağış, nə isti, nə də şaxta təsir etmir.

Kifayət qədər çoxaldıqdan sonra isə kərpiclər küləyin, boranın təsiri nəticəsində sıraya düzülüb bir bina əmələ gətirirlər. Bununla birlikdə sement və digər tikinti materialları eyni "təbii üsulla" əmələ gələrək kərpiclərin arasına yerləşir və onları sıx birləşdirir. Bu hadisələr cərəyan etdiyi zaman isə torpaqdakı dəmir "təbii üsulla" forma alaraq tikiləcək binanın bünövrəsini əmələ gətirir. Bütün bunların nəticəsində heç bir qüsuru olmayan bir bina meydana gəlir.

Əlbəttə, bu binanın tikilməsində bünövrə və kərpiclərdən başqa digər materiallardan da istifadə edilmişdir. Bəs bu digər materiallar necə meydana gəlmişdir? Cavab sadədir: bütün lazım olan materiallar binanın yerləşdiyi torpağın tərkibində vardır. Şüşə üçün lazım olan qalay, elektrik təchizatı üçün lazım olan mis naqillər və su boruları üçün lazım olan dəmir - bunların hamısı böyük miqdarda torpağın altında mövcuddur. Bu materialların formalaşması və bina tikintisində istifadə olunması isə təbiət hadisələrinin ustalığından asılıdır. Küləyin, yağışın, zəlzələnin və boranın təsiri nəticəsində bütün qurğu və avadanlıqlar öz yerlərini tuturlar. Hətta kərpiclər özləri pəncərə çərçivələri üçün yer saxlayır. Bununla birlikdə kərpiclər gələcəkdə çəkilən su, istilik və elektrik şəbəkələri üçün xüsusi yerləri də hazırlamışlar. Bu şəbəkələr də "təbii üsulla" meydana gəlir. Sözsüz ki, "təsadüflər" və "təbii üsullar" hansısa layihədən, modeldən istifadə etmişlər.

Əgər siz bu hekayəyə yenə də inanırsınızsa, onda bundan sonra şəhərdəki digər evlərin, körpülərin, yeraltı keçidlərin, yolların, rabitənin, nəqliyyatın və digər şəbəkələrin necə əmələ gəldiyini fikirləşib özünüz tapa bilərsiniz.

Bundan əlavə, əgər bu mövzu sizi maraqlandırırsa, siz "kanalizasiya şəbəkələrinin təkamül prosesi və onların mövcud tikililərlə harmoniyası" haqqında çox geniş "elmi iş" hazırlaya bilərsiniz. Siz özünüzü bəşəriyyət tarixini aydınlaşdırdığına görə elmi mükafat alan alim kimi də fərz edə bilərsiniz. Planetimizdə canlıların təsadüf nəticəsində meydana gəldiyini iddia edən nəzəriyyə məhz buna bənzəyir.

Çünki hüceyrənin quruluşu bir şəhərin quruluşuna bənzəyir.