Həyatın Mənşəyi
AZEN

Oxu müddəti: ~1 dəq.

Biz əvvəlki fəsillərdən belə nəticəyə gəlirik ki, təbiətdə canlı orqanizmlərin təkamülünə imkan yaradan mexanizm mövcud deyil; canlıların bütün növləri təkamül prosesi nəticəsində yox, biz onları tanıdığımız kimi, bir-birindən asılı olmadan yaradılmışlar. Buradan da aydındır ki, "insanın təkamülü" həyata keçməsi qətiyyən mümkün olmayan uydurmadır. Bəs müxtəlif hekayələr uyduran təkamülçülər bu zaman nəyə əsaslanırlar? Onların istinad nöqtəsi istədikləri kimi şərh edə bildikləri skelet qalıqlarının bolluğu olmuşdur. Tarix boyu 6000-dən çox meymun növü yaşamışdır. Meymunların əksəriyyətinin nəsli kəsilmiş və müasir dövrə meymunların yalnız 120 növü gəlib çatmışdır. Təkamülçülər nəsli kəsilmiş meymunların kəllələrindən və sümüklərindən özlərinə sərfəli şəkildə istifadə edib onları boy sırası ilə kiçikdən böyüyə qədər bir cərgəyə düzmüş və bu sıraya nə vaxtsa nəsli kəsilmiş insan irqinə mənsub kəllələri də əlavə etmişlər. Beləliklə də "insanın təkamülü" ssenarisi yaranmışdır. Bu ssenariyə görə, insanlar və bugünkü meymunlar ümumi əcdaddan törəmişlər. Zaman keçdikcə bu məxluqlar təkamül prosesinə məruz qalıblar, bunun nəticəsində onların bir hissəsindən meymunlar, digər hissəsindən isə insanlar əmələ gəlib. Lakin bütün paleontoloji, anatomik və bioloji məlumatlar təkamül nəzəriyyəsinin bu və ya başqa iddialarının əsassız və köhnəlmiş olmasından xəbər verir.

Saxtakarlıqlar, faktların təhrif edilməsi, aldatmalar, uydurulmuş rəsm və şərhlər istisna olmaqla meymunla insan arasında olan qohumluq əlaqəsinə aid hər hansı bir əhəmiyyətli dəlil-sübut yoxdur. Skelet qalıqları da sübut edir ki, tarix boyu insanlar insan, meymunlar isə meymun olaraq qalmışlar. Təkamül nəzəriyyəsi tərəfdarları tərəfindən insanların "əcdadı" kimi təqdim olunan bəzi qalıqları təxminən 10 min il bundan əvvəl yaşamış, lakin sonradan nəsli kəsilmiş qədim insan irqlərinə məxsusdur. Həmçinin müasir dövrdə elə xalqlar var ki, onların fiziki quruluşu və xüsusiyyətləri nəsli kəsilmiş insan irqlərinə bənzəyir. Ən əsası isə insanlar və meymunlar anatomik cəhətdən çox fərqlənirlər və onlar təkamül prosesi nəticəsində əmələ gələ bilən irqlərdən deyillər. Bu cür fərqlərdən biri "dik yerimə"dir. Dik yerimə yalnız insanlara xasdır və insanları digər canlı məxluqlardan fərqləndirən ən vacib xüsusiyyətlərdən biridir.