Oxu müddəti: ~1 dəq.

Darvinin "İnsanın mənşəyi" kitabında insanın meymunabənzər məxluqdan törəməsi iddiasından sonra bu ssenarinin təsdiqlənməsi üçün qalıqların axtarışına başlanmışdı. Amma bəzi təkamülçülər inanırdılar ki, təkcə meymunabənzər insanın qalıqları deyil, həmçinin canlı fərdlər də dünyanın müxtəlif qitələrində tapılacaqdır. XX əsrin əvvəllərində "canlı keçid formasının" axtarışları vəhşilik dərəcəsinə çatmışdı. Bu vəhşiliyin nümunəsi 1904-cü ildə Konqoda təkamülçü tədqiqatçı Semyuel Verner tərəfindən tutulmuş Ota Benqa adlı piqmeyin (cırtdanın) əhvalatıdır. Ota Benqa adı onun öz dilində "dost" mənasını daşıyırdı. O, evli idi və iki uşağı var idi. O, zəncirlənib heyvan kimi qəfəsə salınmış və Amerikaya Müqəddəs Luis adına dünya sərgisinə yola salınmışdı. Yerli təkamülçü alimlər onu meymunların müxtəlif növləri ilə birlikdə bir qəfəsə salıb insana ən yaxın olan "keçid forması" kimi nümayiş etdirirdilər.
İki ildən sonra onun yerini dəyişib Nyu-Yorkun Bronks zooparkında şimpanze, Dinah qorillası, Dohunq oranqutanı ilə birlikdə yerləşdirib insanın qədim əcdadı kimi təqdim etdilər. Zooparkın müdiri təkamülçü həkim Uilyam T.Honedey öz məruzələrində belə nadir keçid formasının öz zooparkında olmasının şərəfi haqqında tez-tez danışır, zooparka gələn adamlar isə Ota Benqa ilə heyvanla davranırmış kimi rəftar edirdilər. Ota Benqa sonda alçaldılmalara, təhqirlərə və rüsvayçılığa dözməyərək intihar etdi.61
Piltdaun, Nebraska və yaxud Ota Benqa... Bütün bu qalmaqallar təkamülçülərin öz məqsədlərinə çatmaq və öz nəzəriyyələrini isbat etmək naminə "məqsəd vasitəni doğruldur" prinsipinə əsaslanaraq hər bir yanlış elmi metodlardan istifadə etməsindən xəbər verir.
Məhz bu nöqteyi-nəzərdən insan təkamülü əfsanəsinin belə demək mümkünsə, başqa "sübutlarına" baxdıqda oxşar vəziyyətlə qarşılaşmaq olar: uydurma dolu hekayələr və onların yaşaması uğrunda hər şeyə hazır olan könüllülər dəstəsinin mövcudluğu göz qabağındadır.
