Oxu müddəti: ~5 dəq.

Təkamülçülərin uydurulmuş sxeminə görə, homo növünün daxilində olan təkamül belədir: əvvəlcə Homo erectus, sonra Homo sapiens archaic, neandertal, cro-magnon və müasir insan... Lakin bu təsnifat əslində yalnız insanların xüsusi irqlərini təmsil edir. Onların arasında olan fərqlər eskimosla zənci və yaxud piqmeylə avropalı arasında olan fərqdən artıq deyil.
Əvvəlcə, təkamülçülərin zənnincə ibtidai növ sayılan Homo erectus-u gözdən keçirək.
"Erect" istilahı "dik" mənasını ifadə edir, Homo erectus isə "dik yeriyən insan" deməkdir. Təkamülçülər bu insanları öncəkilərdən "erect" kəlməsi ilə ayırmağa məcbur olmuşdular. Çünki Homo erectus-un bütün qalıqları Australorithecus-dan və ya Homo habilis-dən fərqli olaraq dik (şaquli) skeletə malikdir. Homo erectus-la müasir insanın skeletləri isə bir-birindən heç nə ilə fərqlənmir.
Təkamülçülər Homo erectus-u orta insan kəllə ölçülərindən kiçik olan kəllə ölçüsünə (900-1100 sm.kub) və qalın qaşüstü çıxıntılara görə ibtidai növ sayırlar. Halbuki indi də dünyada Homo erectus-la eyni kəllə sümüyü həcminə malik olan (məsələn, piqmeylər) və yaxud onda olduğu kimi qaşüstü çıxıntılara malik olan insanlar (məsələn, Avstraliya aborigenləri) yaşayır.
Kəllə sümüyünün həcmi qabiliyyəti və ya zehni imkanları əsla əks etdirmir. Ağıl, zəka, dərrakə səviyyəsi kəllə sümüyünün həcmindən deyil, beyindaxili olan nizamdan asılıdır.72
Homo erectus-u dünyaya təqdim edən skelet qalıqları Asiyada tapılmış və "Pekin insanı" və yaxud "Yava insanı" adlandırılmışdır. Ancaq vaxt ötdükcə aydın olmuşdur ki, bu iki tapıntıya da etibar etmək olmaz. Pekin insanı gipsdən düzəldilmişdi və orijinalı itirilmiş modeldən ibarət idi. Yava insanı isə kəllənin özündən bir neçə metr uzaqlıqda tapılmış qırıq sümükdən və qırıq kəllə hissələrindən ibarət idi. Onların canlıya məxsus olmasının isbatı mümkün deyil. Afrikada tapılan Homo erectus bu səbəbdən daha çox əhəmiyyət kəsb etməyə başlamışdı. (Burada qeyd etmək lazımdır ki, Homo erectus qalıqlarının bir hissəsi təkamülçülər tərəfindən Homo ergaster adlı digər təsnifata daxil edilmiş və bu da onların arasında fikir ayrılıqlarına səbəb olmuşdu. Lakin biz bu misalları Homo erectus təsnifatında nəzərdən keçirəcəyik).
Homo erectus-un ən məşhur nümunəsi "Narikotome homo erectus" yaxud "Turkana oğlanı" adlandırılan və Afrikada, Keniyanın Turkana gölünün ətraflarında tapılmış skelet qalığıdır. Bu qalıqların 12 yaşlı uşağa məxsus olması müəyyən edilmişdir. Bu uşağın boyu yetkinlik dövründə 1,83 metrə çata bilərdi. Onun skeleti müasir insan skeletindən heç nə ilə fərqlənmirdi. ABŞ paleoantropoloqu Alan Uolker deyir: "Paleontologiya sahəsində hətta orta dərəcəli mütəxəssislərə belə həmin skeleti müasir insanın skeletindən ayırmaq çətindir".73 Kəllə haqqında isə o, belə deyir: "Neandertal kəlləsinə çox bənzəyir".74 Neandertal insan müasir insan irqlərindən biridir. Deməli, Homo erectus da insan irqlərindən biridir.

Belə ki, hətta təkamülçü Riçard Liki də etiraf edir ki, Homo erectus-la müasir insan arasında olan fərq yalnız irqi fərqlərdən ibarətdir:
"Hər bir insan buradakı fərqləri - kəllənin forması, sifət bucağı, kobud qaşüstü yastıq və sair kimi fərqləri müşahidə edə bilər. Lakin bu fərqləndirici cəhətlər bu gün də müxtəlif coğrafi mühitlərdə yaşayan insanlarda müşahidə olunur. Bu müxtəliflik insanların uzun müddət ərzində bir-birindən fərqli olan şəraitlərdə yaşadıqları zaman baş verir"75
Konnektikut Universitetindən (ABŞ) olan professor Uilyam Laflin uzun illər ərzində eskimoslar və Aleut adaları xalqları arasında anatomik tədqiqatlar apararaq Homo erectus-la bu insanlar arasında olan heyrətamiz oxşarlıqları aşkar etmişdir. Bu tədqiqatlar nəticəsində o, belə bir nəticəyə gəlmişdir: bunlar əslində Homo Sapiens (müasir insan) növünə aid olan müxtəlif irqlərdir:
"Əgər Homo sapiens növünə mənsub olan eskimoslar və Avstraliya aborigenləri kimi uzaq qrupların arasında olan böyük fərqləri nəzərə alsaq, onda Homo erectus-un da daxilində fərqlər olan Homo sapiens növünə aid edilməsi haqqında nəticəyə gəlmək məntiqəuyğundur".76
Bir insan irqi olan Homo erectus uydurma "insanın təkamülü" ssenarisi üzrə ondan əvvəl gələn meymunlardan (Australorithecus, Homo habilis, Homo rudolfensis) çox fərqlənir. Yəni qazıntı nəticəsində tapılan qalıqlarda aşkar olunmuş ilk insanlar hər hansı bir təkamül prosesi keçmədən birdən-birə və eyni zamanda əmələ gəlmişlər. Yaradılmanın sübutu kimi bundan tutarlı dəlil ola bilməz.
Lakin bu həqiqətlə razılaşmaq ehkamçı təkamül fəlsəfəsinə və təkamülçülərin ideologiyasına ziddir. Bu səbəbdən də onlar əslində insanın özünəməxsus irqi olan Homo erectus-u yarımeymuna bənzər məxluq kimi təqdim etməyə cəhd göstərirlər. Homo erectus-un bərpa edilmiş maketinə inadla meymunabənzər zahiri görünüş verilir. Digər tərəfdən, onlar Australorithecus və ya Homo habilis kimi meymunları həmin metodla "insanabənzər"ə çevirir, ayrı-ayrı qruplara mənsub olan meymunları və insanı bu cür "yaxınlaşdıraraq" onların arasında mövcud olan fərqləri azaltmaq istəyirlər.
