Oxu müddəti: ~4 dəq.
Bura qədər bəhs etdiyimiz bütün imkansızlıqlar və məntiqsizlikləri bir an üçün unudaq və ibtidai dünya şərtləri kimi ola biləcək ən əlverişsiz mühitdə bir zülal molekulunun təsadüflərlə meydana gəldiyini fərz edək.
Tək bir zülalın meydana gəlməsi də yetməyəcək, bəhs edilən zülalın bu nəzarətsiz mühitdə başına heç bir şey gəlmədən özü kimi təsadüfən meydana gələcək başqa zülalları gözləməsi lazım olacaqdı ... Ta ki, hüceyrəni meydana gətirəcək milyonlarla uyğun və lazımlı zülal, həmişə təsadüfən eyni yerdə yan-yana yaranana qədər. Əvvəldən meydana gələnlər, o mühitdə ultrabənövşəyi şüalara, şiddətli mexaniki təsirlərə baxmayaraq heç bir pozulmaya uğramadan, səbirlə dərhal yanlarında digərlərinin təsadüfən meydana gəlməsini gözləməliydilər. Sonra kafi sayda və eyni nöqtədə meydana gələn bu zülallar, mənalı şəkillərdə bir yerə gələrək hüceyrənin orqanoidlərini əmələ gətirməliydilər. Aralarına heç bir xarici maddə, zərərli molekul, işə yaramaz zülal zənciri qarışmamalıydı. Sonra bu orqanoidlər son dərəcə planlı, nizamlı, uyğun və əlaqəli bir şəkildə bir yerə gəlib bütün lazımlı fermentləri də yanlarına alıb bir pərdə ilə örtünsələr, bu pərdənin içi də bunlara ideal mühiti təmin edəcək xüsusi bir maye ilə dolsaydı, bütün bu qeyri-mümkün hadisələr baş versəydi belə, bu molekul yığını canlanardımı?
Cavab "xeyr"-dir! Çünki araşdırmalar göstərmişdir ki, həyatın başlaması üçün yalnız canlılarda olması lazım olan maddələrin bir yerə gəlmiş olması kifayət deyil. Həyat üçün lazımlı bütün zülalları yığıb bir təcrübə balonuna qoysaq, yenə də canlı bir hüceyrə əldə etməyi bacara bilmərik. Bu mövzuda edilən bütün təcrübələr müvəffəqiyyətsiz olmuşdur. Bütün təcrübə və müşahidələr isə həyatın ancaq həyatdan gəldiyini göstərmişdir. Həyatın cansız maddələrdən təsadüflər nəticəsində ortaya çıxdığı iddiası, yalnız təkamülçülərin xəyallarında yer alan, bütün müşahidə və təcrübələrə zidd bir nağıldır.
Cardiff Universitetindən Tətbiqi Riyaziyyat və Astronomiya Professoru Chandra Wickramasinghe həyatın təsadüflərlə doğulduğuna on illər boyunca inandırılmış bir elm adamı olaraq qarşılaşdığı bu həqiqəti belə izah edir:
"Bir elm adamı olaraq aldığım təhsil boyunca, elmin hər hansı bir şüurlu yaradılış anlayışı ilə uyğunlaşmayacağına dair çox güclü bir nəticəyə tabe olundum. Bu anlayışa qarşı şiddətli mövqe alınması lazım idi ... Amma hal-hazırda Allaha inanmağı lazımlı edən açıqlama qarşısında, irəli sürülə biləcək heç bir ağıllı arqument tapa bilmirəm ... Biz həmişə açıq bir zehinlə düşünməyə alışdıq və indi həyata gətirilə biləcək tək məntiqli cavabın yaradılış olduğu nəticəsinə gəlirik, təsadüfi qarışıqlıqlar deyil." (244)
Bu vəziyyətdə yer üzündəki ilk həyatın da ancaq bir həyatdan gəlməsi lazımdır. Elə bu "Hayy" (həyat sahibi) olan Allahın yaratmasıdır. Həyat ancaq Onun diləməsiylə başlayır, davam edir və sona çatır. Təkamül isə canlılığın necə başladığını açıqlamaq bir yana, canlılıq üçün lazımlı vəsaitin necə meydana gəldiyini və bir yerə gəldiyini belə açıqlaya bilmir. Quranda Rəbbimiz belə bildirir:
Yaradan, heç yaratmayan kimidirmi? Artıq öyüd-nəsihət alıb-düşünməzlərmi? Əgər Allahın nemətlərini saymağa qalxsanız, onu bir ümumiləşdirmə edərək belə sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir. Allah, gizli saxladığınızı və aşkarda etdikləriniz hər şeyi bilir. Allahdan başqa yalvardıqlarınız heç bir şeyi yarada bilməzlər, həmçinin onlar özləri yaradılmışdırlar. (Nəhl surəsi, 17-20)
