Oxu müddəti: ~5 dəq.
DNT molekulundakı qüsursuzluğun və nizamın əhəmiyyətini ortaya qoyan amillərdən biri də genetik xəstəliklərdir. Hər hansı bir molekulun etdiyi tək bir xəta insanın zərər görməsinə, hətta ölməsinə səbəb ola bilər. Amma bu molekullar üstün bir ağlın əmrində olduqlarını açıq şəkildə göstərir və gördükləri işdə xətaya yol vermirlər. Bədəninizdəki 100 trilyon DNT molekulu, DNT-ni əmələ gətirən nukleotidlər, hüceyrəni quran zülallar, aradakı trafiki mükəmməl şəkildə idarə edən fermentlər, fermentləri əmələ gətirən amin turşuları və 100 trilyon DNT-ni içində saxlayan və "sizi" əmələ gətirən 100 trilyon hüceyrə bənzərsiz üstünlükdə təşkilat və nizama malik quruluşlardır.
DNT-dəki məlumatların nə qədər həssas nizam və tarazlığa malik olduğu nəzərə alındıqda isə təsadüfi yaranmanın nə qədər mümkünsüz olduğu daha yaxşı anlaşılır. Daha əvvəl ətraflı yer verdiyimiz kimi, üç milyard hərfdən ibarət DNT-dəki məlumatlar A-T-G-C hərflərinin bir-birinin ardınca xüsusi və mənalı ardıcıllıqla düzülməsi ilə yaranır. Lakin bu ardıcıllıqda tək bir hərf xətası belə olmamalıdır. Ensiklopediyada səhv yazılmış söz və ya hərf xətası əhəmiyyət kəsb etmir, hətta çox vaxt fərq edilmir belə. Buna qarşılıq, DNT-də hər hansı bir pillədə, məsələn, 1 milyard 719 milyon 348 min 632-ci pillədəki bir hərfin səhv kodlanması kimi xəta belə hüceyrə, deməli, insan üçün ciddi nəticələrə yol aça bilər.

Genomdakı minimum dəyişiklik bir nukleotiddəki dəyişiklikdir. Lakin burada kiçik görünən bir xəta belə çox ciddi nəticələr doğurur. Məsələn, insan gözünün tor qişasında rodopsin adlı piqmenti şifrələyən gendə S (sitozin) yerinə A (adenin) olması korluğa aparan göz xəstəliyinə səbəb olur.116
Tək bir gendə yaranan pozuntu nəticəsində isə müalicəsi demək olar ki, mümkünsüz olan irsi xəstəliklər meydana çıxır. Məsələn, "fenilketonuriya" adlanan xəstəliklə doğulan uşaqların orqanizmi zülallı qidalarda olan fenilalanin adlı amin turşusundan istifadə edə bilmir. Bunun nəticəsində qanda və digər bədən mayelərində artan fenilalanin və onun qalıqları uşağın inkişaf etməkdə olan beynini dağıdır və ağır əqli geriliyə, sinir sistemi ilə bağlı müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Bu xəstəliyin səbəbi isə fenilalanin-hidroksilaza fermentinin istehsalından məsul olan pozulmuş bir genin olmasıdır. Ciddi nəticələr doğuran Aralıq dənizi anemiyası (talassemiya), hemofiliya, kistoz fibroz, ailəvi Aralıq dənizi qızdırması (FMF), anadangəlmə eşitmə itkisi kimi xəstəliklərin səbəbləri də bu cür gen pozuntularıdır. Genetik quruluşdakı müxtəlif pozuntuların səbəb olduğu daha bir çox irsi xəstəlik var. Hər biri çox ciddi nəticələr doğuran bu xəstəliklərin başlıca səbəbi genetik şifrədəki milyardlarla hərfdən bir neçəsinin səhv yerdə olmasıdır.

Hantinqton xoreyası adlanan genetik xəstəlikdə isə xəstə 35 yaşına qədər sağlamdır. Lakin bu yaşdan sonra birdən-birə qol, ayaq və üz əzələlərində idarə olunmayan qeyri-iradi yığılmalar başlayır. Müalicəsi olmayan bu ölümcül xəstəlik beyinə də təsir etdiyi üçün xəstənin yaddaşı və düşünmə qabiliyyəti getdikcə zəifləyir. Bütün bu genetik xəstəliklərin göstərdiyi mühüm bir həqiqət var: genetik şifrə o qədər həssas, tarazlı və qüsursuz hesablanaraq planlaşdırılmışdır ki, bu nizamdakı ən kiçik dəyişiklik belə ciddi problemlər yarada bilər. Yalnız bir hərfin əskik və ya artıq olması ölümcül xəstəliklərə və ya ömür boyu davam edəcək ciddi şikəstliklərə səbəb ola bilir. Deməli, belə həssas tarazlıq və nizamın təsadüfən yarandığını və təkamül nəzəriyyəsinin iddia etdiyi kimi mutasiyalar yolu ilə öz-özünə inkişaf etdiyini söyləmək qətiyyən mümkün deyil.
Elə isə DNT-dəki möhtəşəm məlumat ilk dəfə necə yaranmış və şifrələnmişdir? Həyatın mənşəyini təsadüflərə bağlayan təkamülçülər həyatın mənşəyi ilə bağlı hər sualda cavabsızdırlar. Milyonlarla səhifəlik, milyardlarla məlumatın təsadüfən yazıldığını iddia edənlər, əlbəttə, belə cavabsız qalacaqlar. Necə ki, hər əsərin və ya hər məlumatın bir müəllifi və sahibi var, DNT-dəki məlumatın da bir sahibi və yaradanı var; və O Yaradan üstün və qüdrətli, sonsuz elm və ağıl sahibi olan Rəbbimiz Allahdır.
Təsadüfi təsirlərin canlılara yalnız zərər verdiyinin başqa bir sübutu isə genetik şifrənin kodlanma üsuludur. Canlılardakı məlum olan demək olar ki, bütün genlər canlı ilə bağlı birdən çox məlumatı ehtiva edir. Molekulyar bioloq Maykl Denton genlərin bu xüsusiyyətini belə izah edir:
Genlərin inkişafa təsirləri heyrətamiz dərəcədə müxtəlifdir. Ev siçanında tük rəngi ilə bağlı demək olar ki, hər gen boy uzunluğu ilə də əlaqəlidir. Meyvə milçəyi Drosophila melanogaster-in göz rəngi mutasiyaları üçün aparılan 17 rentgen şüası təcrübəsindən 14-ündə göz rəngi ilə heç bir əlaqəsi olmayan dişinin cinsiyyət orqanlarının quruluşu təsirə məruz qalmışdır. Ali orqanizmlərdə tədqiq olunan demək olar ki, hər genin birdən çox orqana təsiri var.117
Canlıların genetik quruluşundakı bu xüsusiyyət səbəbindən təsadüfi təsir nəticəsində DNT-dəki hər hansı gendə yaranan dəyişiklik birdən çox orqana təsir edəcək. Beləliklə, pozuntu yalnız müəyyən bölgə daxilində qalmayacaq, daha çox dağıdıcı təsirlərə malik olacaq.
Nəticə etibarilə sağlamlıq "təsadüfən" yarana bilməz. Əksinə, üstün yaradılışın nəticəsi olaraq Rəhman və Rəhim olan Rəbbimizdən bir nemətdir. Allah istədiyi zaman bu neməti ala biləcəyini, bədənin naməlum bir nöqtəsində ölümcül xəstəlik yarada biləcəyini bizə nümunələrlə göstərir. Əlbəttə, bu əskikliklərdə böyük hikmətlər var. İnsanın üzərinə düşən ona sağlamlıq verən və onu "kamil insan edən" (Kəhf surəsi, 37) Allaha şükür etməkdir. Xəstələndikdə isə xəstəliyin də, sağlamlığın da Ondan olduğunu bilməli və İbrahim peyğəmbər kimi "xəstələndiyim zaman mənə şəfa verən Odur" (Şuəra surəsi, 80) deyərək Allahdan kömək diləməlidir.
