Oxu müddəti: ~6 dəq.
Darvinin davamçıları onun irəli sürdüyü yavaş və mərhələli təkamül nümunələrini fosil qeydlərində görmək üçün çox səy göstərmişlər. Darvin bunların tapılmamasını fosil qeydlərinin azlığı ilə əlaqələndirmişdi. Əslində, onun vaxtında da tarixin ən erkən dövrü olan Kembri partlayışına aid kompleks canlıların varlığını göstərən çoxlu sayda fosil qeydləri vardı. Təkamülçülər bir möcüzə tapmaq ümidi ilə bunları tədqiq etməyə davam edirdi. Məqsəd isə Darvinin haqlı olduğunu göstərmək, onun dövründə fosil qeydlərinin, həqiqətən də, az olduğunu sübut etmək və canlıların təkamül keçirməsinə aid dəlillər, yəni keçid nümunələri tapmaq idi.
Lakin fosil qeydləri həmişə Darvinin gözlədiklərindən fərqli nəticələr vermişdir. Yer üzünün, demək olar ki, hər tərəfi araşdırılmışdı, yəni artıq fosil qeydləri az deyildi. Darvin keçid nümunələrinin gələcəkdə öz davamçıları tərəfindən tapılacağını deyərkən səhv etmişdi. Fosil qeydləri bircə keçid nümunəsi belə təqdim etmirdi. Əksinə, fosil qeydləri sübut edirdi ki, saysız-hesabsız canlı heç bir dəyişiklik keçirməmiş və milyonlarla il əvvəl də kompleks quruluşları ilə yaşamışlar. Fosil qeydləri Darvini təkzib etmişdi. Keçid nümunəsinin yoxluğu və sabitlik qətiyyən mərhələli təkamülə dəlil vermirdi.


Darvinin mərhələli təkamül modelinin sabitlik faktı qarşısında məğlub olduğunu görən və bunu qəbul edən bəzi təkamülçülər prosesin fərqli formada baş verdiyini ortaya atdılar. 1970-ci ildə Harvard Universitetindən paleontoloq Stiven Cey Quld və Amerika Təbiət Tarixi Muzeyindən Nils Eldric sıçrayışlı təkamül (punctuated equilibrium – fasiləli müvazinət) adlı alternativ təkamül nəzəriyyəsi irəli sürdülər və 1972-ci ildə bunu yayımladılar. Buradakı yeganə məqsəd sabitliyə izah vermək idi.
Əslində, bu, 1930-cu illərdə avropalı paleontoloq Otto Şindevolf (Otto Schindewolf) tərəfindən ortaya atılan “Hopeful Monster” (ümid edilən bədheybət) nəzəriyyəsinin düzəliş edilmiş forması idi. Şindevolf canlıların kiçik mutasiyaların zamanla toplanması nəticəsində deyil, bir anda və nəhəng mutasiyalarla təkamül keçirdiklərini irəli sürmüşdü. O, öz nəzəriyyəsinə nümunə verərkən tarixdəki ilk quşun qross-mutasiya ilə, yəni genetik quruluşda baş vermiş nəhəng dəyişikliklə bir sürünənin yumurtasından çıxdığını iddia etmişdi.28 Bu nəzəriyyəyə əsasən, bəzi quru canlıları bir anda və böyük dəyişikliklə nəhəng balinalara çevrilmiş ola bilərlər. Məlum olan bütün genetika, biofizika və biokimya qanunlarına zidd olan bu iddialar yalnızca qurbağaların şahzadəyə çevrildiyini deyən uşaq nağıllarına bənzəyir. Şindevolfun bu fantastik “Hopeful Monster” nəzəriyyəsi 1940-cı illərdə də Berkli Universitetindən genetik Riçard Qoldşmidt (Richard Goldschmidt) tərəfindən mənimsənildi və müdafiə edildi. Lakin nəzəriyyə o qədər əsassız idi ki, qısa müddətdə tərk edildi.
Quld və Eldrici yenidən bu nəzəriyyəyə baş vurmağa məcbur edən səbəb isə, əvvəldə də qeyd etdiyimiz kimi, fosil qeydləri arasında keçid formanın olmaması idi. Qeydlərdəki sabitlik və ani surətdə əmələ gəlmə o qədər aşkar idi ki, bu iki insan bu vəziyyəti izah etmək üçün ümid edilən bədheybətə əl atmağa məcbur oldular. Quldun “Return of the Hopeful Monsters” (Ümid edilən bədheybətlərin qayıdışı) adlı məşhur məqaləsi bu məcburiyyəti ifadə edirdi.29

Əlbəttə ki, Quld və Eldric Şindevolfun fantastik nəzəriyyəsini olduğu kimi təkrar etmədilər. Nəzəriyyəyə elmi don geyindirmək üçün ani təkamül sıçrayışlarına bir növ mexanizm hazırlamağa çalışdılar. (Nəzəriyyə üçün seçdikləri “punctuated equilibrium” termini də bu cəhdi ifadə edirdi). Quld və Eldricin nəzəriyyəsi növbəti illərdə bəzi paleontoloqlar tərəfindən də mənimsənildi və ətraflı işləndi. Halbuki sıçrayışlı təkamül nəzəriyyəsi ən azı Darvinin mərhələli təkamül nəzəriyyəsi qədər ziddiyyət və əsassızlıqlarla dolu idi.
Mərhələli təkamül tərəfdarları sabitliyi görməzliyə vururdular, lakin fosil qeydləri davamlı sabitliyi nümayiş etdirir və canlıların milyonlarla il ərzində dəyişmədiyini göstərirdi. S.C.Quld və N.Eldricin digər darvinistlərdən yeganə fərqi fosil qeydlərindəki sabitliyə qarşı laqeyd qalmağın mümkün olmadığını dərk etmələri idi. Fosillərin sübuta yetirdiyi yaradılışı qəbul etməkdənsə, yeni təkamül anlayışı hazırlamağı üstün tuturdular.
Stiven Cey Quld mövzu ilə bağlı bunları bildirmişdir:
“(Fosil qeydlərindəki) əskiklik sabitliyi necə dəyişə bilər? ...Sabitlik elmi faktdır. Eldric və mən bir çox həmkarlarımızın bu açıq-aydın olan nüansı başa düşə bilmədiklərinə görə o qədər təəssüf hissi keçirdik ki, ...bu kiçik ifadəni şüara çevirməyi təşviq etdik. Bunu bir həftə ərzində qəlyanaltılardan əvvəl on dəfə söyləyin. O zaman bu, qeyri-iradi olaraq şüuraltınıza yerləşəcəkdir: sabitlik elmi faktdır, sabitlik elmi faktdır...”30

Quld, Eldric və digər sıçrayışlı təkamül tərəfdarları sabitlik faktını görmədiklərinə görə mərhələli təkamülü müdafiə edənləri çox güclü tənqid edirlər. Əslində, onların etdikləri də digər darvinistlərdən fərqli deyildi. İstədikləri nəticəni fosil qeydlərindən almadıqlarına görə xəyali təkamülün təsvirini dəyişmiş və bunu incəliklə hazırlamışlar. Mərhələli təkamül tərəfdarlarına qarşı qəzəbli olmaları və kəskin tənqid etmələrinin yeganə səbəbi də həmkarlarının fosil qeydlərindəki sabitliyi qəbul etmədikləri müddətcə, təkamül nəzəriyyəsinin ictimaiyyətdə öz etibarını itirməsidir. Buna görə də fosillərin göstərdiyi həqiqətlər qarşısında artıq doğru olanı tapdıqlarını göstərməyə çalışırlar. Halbuki sıçrayışlı təkamül nəzəriyyəsi ən azı mərhələli təkamül qədər əsassız, dəlilsiz və ziddiyyətlərlə dolu nəzəriyyədir.
Stiven Cey Quldun keçmişdəki yanlış fikirlərlə bağlı etirafları mərhələli təkamül tərəfdarlarına yönəltdiyi tənqiddir:
“Uzun müddətdir sabitlik və ani surətdə ortaya çıxma haqqında məlumatımız var. Lakin bunu kifayət etməyən fosil qeydlərinin üstünə atmağı seçdik”.31
Nils Eldric isə mərhələli təkamül tərəfdarlarının vacib həqiqəti görməzliyə vurduqlarını belə bildirir:
“Paleontoloqlar Darvindən bu yana (əsasən, boş yerə) təkamül prosesinin təbii məhsulu olduğunu düşündükləri, növlərin ümumi dəyişiklik nümunəsi olaraq qalan və diqqətə çarpmayacaq formada bir-birinə çevrilən fosil qeydlərini axtarırlar. Növlərin çoxunun müxtəlif dövrlərə aid geoloji laylarda tapıldıqları müddət ərzində, tam eyni vəziyyətdə qalmaları, demək olar ki, heç dəyişməmələri... təəccüb doğuran həqiqət olmasına baxmayaraq, bu paleontoloqların az hissəsi buna (fosil axtarışına) etiraz etmək üçün bir səbəb görürlər...”32
Nils Eldric və Amerika Təbiət Tarixi Muzeyindən arxeoloq Yan Tattersoll fosil qeydlərindəki durğunluğa görə Darvinin təkamül iddiasının təkzib edildiyini belə bildirmişdir:
“Darvinin mərhələlərlə olsa da geniş yayılan və bu günə qədər bütün nəsillərə təsir edən dəyişiklik iddiası təkzib edilmişdir. Fosillər qarşımızdadır və qeyri-adi anatomik mühafizə nümayiş etdirir. Fosil qeydlərində Darvinin gözlədiyi dəyişiklik mövcud deyil”.33

Stiven Cey Quld digər ifadəsində də təkamülsüzlük dəlili olan sabitliyin darvinistlər tərəfindən necə görməzlikdən gəlindiyi belə bildirmişdir:
“Bir çox fosilləşmiş növlərin bütün geoloji proseslər ərzində durğunluq və ya sabitlik nümayiş etdirmələri bütün paleontoloqlar tərəfindən dilə gətirilməyən, lakin bilinən elmi faktdır. Amma bu, demək olar ki, heç vaxt aşkar şəkildə araşdırılmadı. Çünki hakim olan nəzəriyyə sabitliyi təkamülsüzlük üçün cansız dəlil olaraq görürdü... Sabitliyin qeyri-adi dərəcədə yayılması fosil qeydlərində utandırıcı xüsusiyyətə çevrildi. Məhz buna görə də “heç bir şey ifadə etmir” bəhanəsi ilə (yəni təkamülsüzlüyü nümayiş etdirdiyinə görə) bu həqiqət görməzlikdən gəlinməli idi”.34
Quld və Eldricin bütün səyləri əl çəkmədikləri təkamül nəzəriyyəsini fosil qeydlərinə uyğunlaşdırmaqdan ibarət idi. Buna görə də sabitliyi özlərinin alternativ təkamül iddiaları üçün vacib dəlil kimi ortaya atdılar. Fosil qeydlərindəki sabitliyi dəyişikliyə dəlil olaraq göstərdilər. Fosil qeydləri nəzəriyyəyə uyğun olmadıqda nəzəriyyə fosillərə uyğunlaşdırılmışdı. Sıçrayışlı təkamül nəzəriyyəsi bu fikirlə ortaya atıldı.
Oksford Universiteti Muzeyinin zooloji eksponatlar müdiri Tom S.Kemp New Scientist jurnalındakı məqaləsində eynilə sıçrayışlı təkamül fərziyyəsində olduğu kimi, tapıntıların necə təkamül nəzəriyyəsinə dəlil halına gətirilməsini bu sözlərlə ifadə edir:
“... Fərz edilən təkamül prosesləri bu proseslərin əmələ gətirməli olduğu fosil nümunələrinə uyğun gəlmədikdə bu nümunələr yanlış deyə təqdim edildi. Dolanbac arqument başlayır: fosil qeydlərini təkamül nəzəriyyəsinə görə şərh et, şərhi nəzərdən keçir və bunun nəzəriyyəni təsdiq etdiyini qeydə al. İndi təsdiq edir, elə deyilmi?”35
Sıçrayışlı təkamül tərəfdarlarına görə, fosil qeydlərindəki sabitlik nəzəriyyənin fasiləli müvazinət (punctuated equilibrium) anlayışındakı müvazinəti təşkil edir. Sıçrayışlı təkamül iddiasına əsasən, növlər bir neçə min illik qısa müddətdə təkamül keçirmiş, sonra isə durğunluq dövrünə girib milyonlarla il ərzində dəyişmədən qalmışdır. Qısası, ortaya atdıqları bu iddianın əksər canlılarda müşahidə edilən durğunluğu izah etdiyini düşünürdülər. Bununla fosil qeydlərinin təkamülü təkzib etdiyini gizlədirdilər. Halbuki bu iddia çox yanlışdır.
