Həyatın Mənşəyi
AZEN

Sıçrayışlı təkamülün çıxış nöqtəsi

Makromutasiya Yalanı

Oxu müddəti: ~3 dəq.

mutasyon

Bir az bundan əvvəl də qeyd etdiyimiz kimi, sıçrayışlı təkamül nəzəriyyəsi növlərin əmələ gəlməsini təmin edən mutasiyaların çox yüksək səviyyədə baş verdiyini və ya bəzi fərdlərin üst-üstə kəskin mutasiyalara məruz qaldığı fərziyyəsini irəli sürür. Halbuki bu fərziyyə genetika elminə tamamilə ziddir.

Əsrin məşhur genetiklərindən R.A.Fişerin (R.A.Fisher) müşahidə və təcrübələrə əsaslanaraq ortaya qoyduğu bir qanun bu fərziyyəni açıq şəkildə təkzib etdi. Fişer “The Genetical Theory of Natural Selection” (Təbii seçmənin genetik nəzəriyyəsi) adlı kitabında mutasiyanın canlı populyasiyası üzərində daimi ola bilməsinin mutasiyanın fenotip üzərindəki təsiri ilə tərs mütənasib olduğunu bildirmişdir.36 Başqa sözlə, bir mutasiya nə qədər böyük olarsa, icmada daimi olma ehtimalı da o qədər azalır.

Bunun səbəbini görmək çətin deyil. Mutasiyalar canlıların genetik məlumatında təsadüfi dəyişikliklər əmələ gətirir və heç vaxt canlının genetik məlumatını inkişaf etdirmir. Əksinə, mutasiyaya məruz qalan fərdlərdə ciddi xəstəlik və şikəstliklər əmələ gəlir. Buna görə də hər hansı canlı mutasiyaya nə qədər çox məruz qalsa, həyatda qalma ehtimalı da o qədər azalacaqdır.

Darvinizmi təkidlə müdafiə edənlərdən Harvard Universiteti təkamülçü bioloqu Ernst Mayr mövzu ilə bağlı bunları bildirmişdir:

“Mutasiyalar nəticəsində genetik məxluqların əmələ gəlməsi müşahidə edilmişdir, lakin bunlar o qədər qəribə canlılardır ki, ancaq ümid edilməyən bədheybətlər olaraq adlandırıla bilərlər. O qədər nizamsız hala düşüblər ki, nizamlayıcı seçmə mexanizmi ilə yox olmaqdan xilas olmaq üçün heç bir imkanları yoxdur... Əslində, bir mutasiya fenotipə nə qədər çox təsir etsə, onun (təbii mühitə) uyğunluğunu o qədər azaldır. Bu cür radikal mutasiyanın fərqli adaptasiyanı təmin edən yeni fenotip əmələ gətirəcəyinə inanmaq möcüzəyə inanmaq deməkdir... Bu ümid edilməyən bədheybətə cütləşəcəyi uyğun birisini tapmaq və onların populyasiyanın normal fərdlərindən törəyəcəyi şəkildə təcrid edilmələri, məncə, həll edilə bilməyən çətinliklərdir”.37

Aydındır ki, mutasiyalar təkamüllə inkişafı təmin etmir və bu həqiqət sıçrayışlı təkamül nəzəriyyəsini çıxılmaz vəziyyətə salır. Mutasiya dağıdıcı mexanizm olduğuna görə sıçrayışlı təkamül tərəfdarlarının bildirdikləri makromutasiyalar da canlılar üzərində makro dərəcədə dağıdıcı təsir əmələ gətirəcəkdir. Bəzi təkamülçülər DNT-dəki nizamlayıcı genlər (regulatory genes) üzərində baş verən mutasiyalara ümid edirlər. Lakin digər mutasiyalara aid olan dağıdıcı xüsusiyyət bu mutasiyalara da aiddir. Problem mutasiyanın təsadüfi dəyişiklik olmasıdır. Genetik məlumat kimi kompleks sistem üzərindəki hər növdən təsadüfi dəyişiklik zərərli nəticələrə səbəb olacaqdır.

Genetik Leyn Lester (Lane Lester) və populyasiya genetiki Reymond Bolin (Raymond Bohlin) “The Natural Limits to Biological Change” (Bioloji dəyişikliyin təbii hüdudları) adlı kitablarında bu mutasiya problemini belə izah edirlər:

“Nəticədə, qəbul edilən son məqam budur ki, hər hansı təkamül modelində hər cür genetik variasiyanın əsasını mutasiya təşkil edir. Bəziləri kiçik mutasiyaların bir yerə yığılması fikrindən narahat olur və təkamül prosesinin əsasını izah etmək üçün makromutasiyalara üz tutur. Qoldşmidtin gözlənilən bədheybətləri geri qayıtmışdır. Lakin makromutasiyaların təsir etdiyi populyasiyalar yaşamaq mübarizəsində məğlub olan populyasiyalardır. Makromutasiyaların kompleksliyi artırmasından (genetik məlumatı inkişaf etdirməsi) isə əsər-əlamət yoxdur. Əgər morfoloji gen mutasiyaları (kiçik mutasiyalar) lazımi dəyişikliyi əmələ gətirə bilmirsə, nizamlayıcı genlər üzərindəki mutasiyalar heç işə yaramayacaqdır, çünki adaptasiyanı təmin etməyən dağıdıcı təsirlərə məruz qalacaqdır... Bir nüans son dərəcə aydındır: mutasiyaların, istər böyük, istərsə də kiçik olsun, hüdudsuz bioloji dəyişikliklər əmələ gətirməsi tezisi faktdan daha çox inanc olaraq qalır”.38

Müşahidə və təcrübələr mutasiyaların genetik məlumatı inkişaf etdirmədiyini və canlılara ziyan vurduğunu göstərdiyi halda, sıçrayışlı təkamül tərəfdarlarının mutasiyalardan böyük nailiyyətlər gözləmələri əsassızdır.