Oxu müddəti: ~3 dəq.

Kitabın əvvəlki hissələrində irqçiliyin bütpərəst mədəniyyətin bir parçası olduğunu, ilahi dinlər tərəfindən ortadan qaldırıldıqdan sonra 18-ci və 19-cu əsrdə Avropaya geri qayıtdığını ifadə etmişdik. İrqçiliyin yenidən inkişafındakı ən böyük faktor isə, bütün insanları Allahın bərabər hüquqlu olaraq yaratdığını qəbul edən xristian inancının yerinə, Darvinizmin yerləşdirilməsidir. Darvinizm insanların hələ ibtidai canlılardan təkamül keçirdiyini, üstəlik bu təkamül prosesi ərzində bəzi irqlərin digərlərindən daha çox inkişaf etdiyini irəli sürməklə, irqçiliyə elmi bir maska qazandırmışdır. Bir sözlə Darvin irqçiliyin atasıdır.
Darvinin nəzəriyyəsi, Artur Qobino, Hyuston Stüart Çemberlen kimi irqçiliyin "rəsmi" qurucuları tərəfindən izah edilmiş və ortaya çıxan irqçi ideologiya, nasistlər və digər faşistlər tərəfindən tətbiq edilmişdir. Oxford, Stanford, Harvard kimi universitetlərdə illərlə tarix professoru olaraq işləmiş Jemis Joll hələ də universitetlərdə dərs kitabı olaraq oxudulan Europe Since 1870 (1870-ci ildən bu yana Avropa) adlı kitabında, Darvinizm ilə irqçilik arasındakı bu ideoloji əlaqəni belə izah edir:
İngilis naturalist Çarlz Darvin, 1859-cu ildə nəşr olunan Növlərin Mənşəyi və onun ardınca da 1871-ci ildə nəşr edilmiş İnsanın Törəməsi adlı kitablarıyla böyük bir mübahisə başlatmış və Avropa düşüncəsinin fərqli sahələrinə eyni anda təsir etmişdir... Darvinin fikirləri və Herbert Spenser kimi onunla eyni əsrdə yaşamış bəzi insanların düşüncələri, çox sürətli bir şəkildə elmdən kənar sahələrdə də tətbiq edilmişdir... Darvinizmin ictimai inkişafa ən çox tətbiq oluna biləcək cəhəti isə, dünyada təbii resursların ödəyə biləcəyi bir əhali artıqlığı olduğu və bunun həmişə güclülərin və ya "uyğun olanların" qalib gələcəyi daimi bir həyat mübarizəsi tələb etdiyi inancıdır. Bəzi sosioloqlar üçün, bu nöqtədən hərkət etməklə, ən "uyğun" ifadəsinə əxlaqi bir məna qazandırmaq və dolayısı ilə həyat mübarizəsində üstün gələn növlərin və ya irqlərin əxlaqi cəhətdən üstün olduqlarını müdafiə etmək çox asan olmuşdur.
Bundan ötrü də təbii seleksiya doktrinası, asanlıqla fransız yazıçı Artur Qobino tərəfindən yaradılan başqa bir fikir cərəyanı ilə də birləşmişdir. Qobino 1853-ci ildə İnsan İrqlərinin Bərabərsizliyi İlə Əlaqədar Bir Məqalə adlı işi nəşr edən adamdır. Qobino inkişafdakı ən əhəmiyyətli amilin irq olduğunu müdafiə etmiş və digərlərinə üstünlük təmin edən irqlərin, öz irqlərinin xalisliyini ən yaxşı qoruya bilənlər olduğunu irəli sürmüşdür. Qobinoya görə, tarixdəki bu həyat mübarizəsində ən üstün gələn irq, Aryan irqi olmuşdur...
Bu fikirləri bir pillə də irəli aparan adam isə, ingilis yazıçı Hyuston Stüart Çemberlendir... Hitler yazıçıya (Çemberlenə) o qədər heyran olmuşdur ki, onu 1927-ci ildə ölüm anında ziyarət etmişdir (77).

Kitabın əvvəlki hissələrində nasizmin baniləri arasında təkamülçü alman bioloq Ernst Hekkelin də böyük bir əhəmiyyət daşıdığını ifadə etmişdik. Hekkel Darvinin nəzəriyyəsini Almaniyaya daşımış və nasistlər üçün hazır bir proqram halına gətirmişdir. Hitler yuxarıdakı sitatda adları keçən Arthur Qobino və Hyuston Stüart Çemberlen kimi irqçilərdən siyasi məzmunlu bir irqçilik, Hekkeldən isə bioloji bir irqçilik götürmüşdür. Diqqət yetirilsə, bütün bu irqçilər Darvinizmdən ilham almış kəslərdir.
Belə ki, nasist ideoloqlarında da Darvinizmin güclü bir təsiri müşahidə olunur. Adolf Hitler və Alfred Rozenberq tərəfindən formalaşdırılan bu nəzəriyyə nəzərdən keçirildikdə, "təbii seleksiya", "seçici cütləşmə", "irqlər arasındakı həyat mübarizəsi" kimi, Darvinin Növlərin Mənşəyi kitabında onlarla təkrarlanan anlayışlara rast gəlinir. Hitler məşhur kitabı "Döyüşüm"ün adını da, Darvinizmin həyatın bir mübarizə meydanı olduğu və bu mübarizədə üstün gələnlərin həyatda qaldıqları prinsipindən ilhamlanaraq qoymuşdur. Hitler kitabında xüsusilə irqlər arasındakı mübarizədən bəhs etmiş və belə demişdir:
"Tarix təbiətin öz-özünə meydana gətirəcəyi yeni bir irqi iyerarxiya nəticəsində tayı bərabəri olmayan bir imperatorluq meydana gətirəcək" (78).
1933-cü ildəki məşhur Nurnberg mitinqində isə, "yüksək irqin aşağı irqləri idarə etdiyini, bunun təbiətdə müşahidə olunan bir həqiqət olduğunu və yeganə məntiqli həqiqət olduğunu "irəli sürmüşdür (79).
Nasistlərin Darvindən təsirləndikləri bu gün bu mövzu üzrə ixtisaslaşmış olan tarixçilərin demək olar ki, hamısı tərəfindən qəbul edilən bir həqiqətdir. "Faşizmin Yüksəlişi" (The Rise of Fascism) adlı kitabın yazıçısı Peter Chrisp də bu həqiqəti belə ifadə edir:
"Çarlz Darvinin insanların meymunlardan təkamül keçirməsi nəzəriyyəsi ilk dəfə ortaya atıldıqda lağ mövzusu olmuşdu, lakin daha sonra böyük bir miqyasda qəbul edilmişdi. Nasistlər Darvinin nəzəriyyələrindən... müharibə və irqçiliyi haqlı göstərmək məqsədiylə istifadə etdilər" (80).
Tarixçi Hikman da Hitlerin Darvinizmdən təsirləndiyini belə bildirir:
Hitler qatı bir təkamülçüydü. Psixi pozğunluğunun dərəcəsi nə olursa olsun Mein Kampf kitabı bir sıra təkamül fikrini nümayiş etdirir, xüsusilə də ən uyğun olanların həyat döyüşü və daha yaxşı bir cəmiyyət üçün zəiflərin qətl edilməsi fikirlərinə yer verir (81).
