Oxu müddəti: ~2 dəq.

Faşizmin xüsusiyyətləri ələ alındıqda, avtoritar dövlət rəhbərliyi, lider despotizmi, təcavüzkar bir xarici siyasət kimi anlayışlar qeyd olunur. Ancaq bütün bunlarla yanaşı, faşizmin bəlkə də ən fundamental xüsusiyyəti irqçilikdir. Xüsusilə, nasist ideologiyasına baxdığımız təqdirdə, faşizmi faşizm edən amilin əslində irqçilik olduğunu görərik. Nasistlər üstün irq hesab etdikləri alman irqini bütün dünyaya hakim etmək xəyalıyla yola düşmüşlər və bütün siyasi və ictimai cəhdlərindən bu xəyallarını həyata keçirmək məqsədiylə istifadə etmişdirlər. Vilhelm Reyxin ifadəsiylə "irq nəzəriyyəsi, alman faşizminin nəzəri oxunu meydana gətirir" (75).
İrqçilik nasizm qədər olmasa da, Mussolininin, Frankonun rejimləri kimi digər faşist nümunələrdə də təməl ideologiya olmuşdur. Mussolini Roma İmperatorluğunu idarə edən Romalıların üstün bir irq olduğunu və italyanların bu irqin nəvələri olaraq üstünlük daşıdıqlarını irəli sürmüşdür. Efiopiyanı işğal edərkən bu "üstün irq" ifadəsinə əsaslanmış və qara dərili efiyopiyalıların italyanlara boyun əymək məcburiyyətində olduğunu, bunun normal bir irq iyerarxiyası olduğunu müdafiə etmişdir. Franko isə bənzər iddiaları ispanlar üçün dilə gətirmişdir. II Dünya müharibəsindən əvvəl meydana gələn və Hitler-Mussolini ittifaqına daxil olan yapon faşizmində belə "üstün irq" inadkarlığı vardır. Dövrün irqçi ideoloqlarından prof. Çikao Fujisava belə yazmışdır:
İnsan nəslinin və universal sivilizasiyanın beşiyi olan Yaponiya, döyüşən bəşəriyyəti böyük universal bir ailədə toplamaq üçün başlatdığı müqəddəs müharibədən xoşbəxt bir nəticə əldə etmək üzrədir. Bu ailə içərisində hər xalqın özünə görə yeri olacaq, hamısının əvvəlində bütün xalqları dünyaya gətirən və sonunda hamısının qayıdacağı, müqəddəs və düzgün həyatın mərkəzində, Günəş Tanrısının oğlu yapon imperatoru olacaqdır (76).
İşin qəribə tərəfi, hər biri də özünü "üstün irq" olaraq görən faşistlərin arasında qurulmuş ittifaqlardır. Məsələn, nasistlər yaponların "üstün irq" olma iddialarına səslərini çıxarmamış, hətta onları "fəxri aryanlar" olaraq xarakterizə edərək təşviq etmişlər.
Bəs bütün faşist rejimlərə və kütlələrə təməl meydana gətirən irqçiliyin mənşəyi nədir?
Nəticələri nə olmuş, bəşəriyyətə necə ziyan vermişdir? Bu hissədə sualların cavablarını nəzərdən keçirəcəyik.

