Oxu müddəti: ~4 dəq.
Nasist ideologiyasına görə irqlər üç əsas kateqoriyaya ayrılırdı: Birinci kateqoriyalar olan "mədəniyyət yaradan irqlər", almanlar və digər şimallı qövmlərdi. "Mədəniyyəti izləyən irqlər" isə, mədəniyyəti inkişaf etdirmə qabiliyyətləri olmayan, lakin təqlid edəbilən "adi" irqlərdi. Hitler, çinlilər, yaponlar kimi millətləri bu ikinci kateqoriyada sayırdı. Üçüncü kateqoriya isə "mədəniyyəti məhv edən irqlər"di ki, bunlar yəhudilər, slavyanlar, zəncilər kimi irqlərdi.
Nasist ideologiyası alman irqinin digər "aşağı" irqlərə qarışmasını təkamülə zidd bir "bioloji səhv" kimi görürdü. Hitler belə deyirdi: "Tarix boyu alman irqinin digər irqlərə qarışması dünya hakimiyyətini ələ keçirə bilməməyimizə səbəb olmuşdur. Alman milləti dünya hakimi ola bilərdi..." (85).


Buna görə də nasistlər hakimiyyətə gəldikləri gündən etibarən bu uydurma "təkamül səhv"ini aradan qaldırmağa çalışdılar. Bu məqsədlə Hitler tərəfindən 1933-ci ildə bir sıra qanunlar qəbul edilərək, irqlər arasında təmizlik əməliyyatına başlanıldı. Yalnız alman qanı daşıyanlara vətəndaş hesab edilmə haqqı və onlara imtiyazlar verildi. 1933-cü ilin iyununda isə cəmiyyəti qaraçılardan, zəncilərdən, yəhudilərdən və əlillərdən təmizləyəcək bir qanun qəbul edildi. Hitler bu tətbiqləri belə müdafiə edirdi:
Dövlət yeni cütləşdirmə hadisələrini qəti surətdə dayandırmalıdır. Bu mövzuda insanların müqəddəs haqlarından söhbət gedə bilməz, çünki insanın tək müqəddəs haqqı vardır və bu haqq həmçinin də vəzifələrin ən müqəddəsidir: Bu qanının xalis qalması üçün çalışmaqdır. Bu halda irqçi bir dövlətin hər şeydən əvvəl evliliyi irq pozulmasının itələdiyi çuxurdan çıxarması lazım gələcəkdir (86).

Hitler aşağı irqlər bir dəfəlik yox edilsələr gələcək nəsillərin, bəşəriyyəti inkişaf etdirməsindən ötrü özünə minnətdar olacaqlarına inanırdı... Hitler Darvindən aldığı ilhamla "yaratmaq" istədiyi uydurma "üstün irq" gənclərini isə belə təsvir edirdi:
"...Sadəcə bu gənc kişi və oğlanlara bir baxın. Necə bir bəşəriyyət materialıdır. Mən onlara yeni bir dünya quracağam... Mənim metodlarım sərtdir. Mən çəkiclə işləyirəm, həmçinin də çürük və zəif olan hər şeyi bir kənara atıram. Biz qarşısında dünyanın qorxudan titrəyəcəyi bir gənclik yetişdirəcəyik. Kobud, hökm edici, qorxusuz və mərhəmətsiz bir gənclik yetişdirəcəyik. Onun belə olmasını istəyirəm! O, bədbəxtliyə dözə biləcəkdir. Onda zəif, nəzakətli heç bir şeyin olmamasını istəyirəm... Ona fiziki idmanlar etdirəcəyəm. Hər şeydən əvvəl güclü olsun: Ən əhəmiyyətlisi budur..." (87).

Bəs Hitler yaratmaq istədiyi "kobud, hökm edici, qorxusuz və mərhəmətsiz üstün irq"i necə meydana gətirəcəkdi? Yalnız təbliğat üsulları bu iş üçün kifayət deyildi. Nasist irq nəzəriyyəsi, insanı bir heyvan kimi görür və heyvan yetişdiricilərinin etdiyi kimi "islah edilməsini" nəzərdə tuturdu. Məhz buna görə də nasistlər, "yevgenika" nəzəriyyəsinə sarıldılar və bunu tətbiq etməyə başladılar.
Yevgenika, kitabın əvvəlki səhifələrində nəzərdən keçirdiyimiz kimi, mənşəyi köhnə Yunanıstandakı bütpərəst Sparta şəhərinə gedib çıxan və 19-cu əsrdə Çarlz Darvinin əmisi oğlu Frensis Qalton tərəfindən yenidən gündəmə gətirilən "insan irqinin islahı" nəzəriyyəsidir. Ernst Hekkel yevgenikanın necə ediləcəyini təsvir etmiş, şikəst körpələrin doğulduqları anda öldürülmələrini, xəstə, zəif və ya ağıl cəhətdən inkişafdan geri qalmış insanların xədimləşdirilmələrini müdafiə etmişdi. Nasistlər bu qeyri-insani nəzəriyyəni tətbiq etməkdə yubanmadılar. Hakimiyyətə gəldikləri 1933-ci ildə "irqi sterilizasiya" qanunları qəbul edildi. Bu qanunlara görə şikəstlər, əqli cəhətdən üzrlü olanlar, xəstə insanlar xədimləşdirilməli və beləcə çoxalmalarının qarşısı alınmalıydı.
Hətta, cəmiyyətdən təcrid olunmalı və buna görə də müəyyən mərkəzlərdə toplanmalıydılar. Nasistlər bu mərkəzləri vaxt itirmədən qurdular və bir çox insanı bu yerlərdə toplayıb onlara heyvan kimi rəftar göstərdilər. "Nasist Müqəddəs Sağlamlıq Məhkəmələri" ilk üç il əzrində 80 000 adama xədimləşdirmə əməliyyatı həyata keçirdi.

Vaxt keçdikcə almanların yevgenika siyasəti daha da gücləndi və nəticədə gicbəsərlərə, dəlilərə və digər istənilməyən adamlara "ağrısız ölüm" tətbiq olundu. Yəni bu kəslər dərman verilmək surətiylə öldürüldülər. Bu dövrdə çəkilmiş bəzi film və fotoşəkillər, nasist həkimləri tərəfindən zəhər vurularaq öldürülən minlərlə ağıl xəstəsi və ya şikəst insanın ürəkağrıdıcı vəziyyətini göstərir. Yaşlılar və kiçik uşaq belə bu vəhşiliyin hədəfi olmuşlar. Nasist Almaniyası bu qorxunc vəhşiliyi tükünü belə tərpətmədən həyata keçirərək, bir tərəfdən də "müsbət islah" işlərinə başladı. Bu islahın məqsədi xəstələrin öldürülməsi mənasını verən "mənfi islahın" əvəzinə, irqi cəhətdən "keyfiyyətli" olan almanların çoxaldılmasıdır. Bu siyasətin tələbi olan "aryan irqindən" olduğu qəbul edilən qadın və kişilərin birləşməsi və uşaq sahibi olması dəstəkləndi (88).
Bu məqsədlə "üstün irq" xüsusiyyətlərinə sahib olduğu düşünülən (sarışın, mavi gözlü, bədən quruluşunda olan) qadınlar seçilib xüsusi evlərdə yerləşdirildilər və proqramda qaldıqları müddətcə mümkün olduğu qədər çox sayda nasist zabiti tərəfindən hamilə buraxıldılar. Məqsəd yaxşı bir inək və ya at cinsi yetişdirirmiş kimi, yaxşı bir "aryan irq" nəsli yetişdirməkdi. Amma əldə edilən nəticələr nasistləri xəyal qırıqlığına uğradacaq və bu uşaqların İQ-lərinin ümumi orta göstəricidən daha aşağı olduğu aşkar olunacaqdı (89). Hitler yevgenika və irqin saflaşdırılması tətbiqlərini belə müdafiə edirdi:
"Faşist dövləti ən müqəddəs siyasi və ictimai dəyərdir. Onun güclənməsinə kömək edən hər şey əxlaqa uyğundur. Ona mane olan isə əxlaqa ziddir və məhv edilməlidir. İnsan həyatının, faşist cəmiyyətinə faydalı olduğu təqdirdə mənası vardır" (90).
