Oxu müddəti: ~2 dəq.
Canlılardakı sadələşdirilməz kompleks orqanlara digər maraqlı nümunə isə duyğu orqanlarımızdan biri olan qulaqlarımızdır.
Eşitmə prosesi, məlum olduğu kimi, havada yayılan titrəyişlərlə başlayır. Bu titrəyişlər qulaq seyvanında güclənir. Tədqiqatlar qulaq seyvanının “konka” adlanan hissəsinin bir növ meqafon funksiyasını yerinə yetirdiyini və səs dalğalarını xarici qulaq yolunda sıxlaşdırdığını göstərir. Bu şəkildə səs dalğalarının gücü artır.
Beləliklə, gücləndirilən səs xarici qulaq yoluna daxil olur. Xarici qulaq yolu qulağın qulaq seyvanından təbil pərdəsinə qədər olan hissəsidir. Təxminən 3,5 sm uzunluğundakı xarici qulaq yolunun maraqlı bir xüsusiyyəti daima ifraz edilən qulaq kiridir. Bu maye bakteriyaları və həşəratları qulaqdan uzaqlaşdıran antiseptik tərkibə malikdir. Xarici qulaq yolunun səthindəki hüceyrələr isə xaricə doğru spiral şəklində düzülmüşdür. Bu sayədə qulaq kiri daim qulaqdan bayıra axır.
Xarici qulaq yolundan bu şəkildə keçən səs titrəyişləri qulaq pərdəsinə çatır. Qulaq pərdəsi o qədər həssasdır ki, molekul səviyyəsindəki titrəyişləri belə hiss edir. Qulaq pərdəsinin bu həssaslığı sayəsində səs-küysüz mühitdə sizdən metrlərlə uzaqlıqda pıçıltı ilə danışan insanı asanlıqla eşidə bilirsiniz. İki barmağınızı bir-birinə yavaşca sürtərək əmələ gələn səsi belə eşidə bilirsiniz. Pərdənin digər qeyri-adi xüsusiyyəti isə bir titrəyişi qəbul etdikdən sonra dərhal əvvəlki normal vəziyyətinə düşməsidir. Aparılan hesablamalar qulaq pərdəsinin ən həssas səs titrəyişlərini belə qəbul etdikdən sonra saniyənin mində dördü qədər zamandan sonra yenidən hərəkətsiz vəziyyətə düşdüyünü göstərir. Əgər bu pərdə dərhal hərəkətsiz vəziyyətə düşməsəydi, eşitdiyimiz hər səs qulağımızın içində əks-səda verərdi.

Qulaq pərdəsi ona çatan titrəyişləri gücləndirərək orta qulağa ötürür. Burada bir-biri ilə çox həssas tarazlıqda təmasda olan üç kiçik sümük var. Çəkic, zindan və üzəngi adlanan bu üç sümük pərdədən onlara çatan titrəyişləri gücləndirir.
Ancaq orta qulağın bir də həddindən artıq uca səsləri azaltmaq kimi bir növ “tampon” xüsusiyyəti də var. Bu xüsusiyyət çəkic, zindan və üzəngi sümüklərini tənzimləyən, orqanizmin ən kiçik ölçüdəki iki əzələsi tərəfindən təmin edilir. Bu əzələlər çox uca səsləri daxili qulağa ötürmədən əvvəl azaldır. Bu sayədə bizim üçün şok yaradacaq dərəcədə uca səsləri daha aşağı səviyyədə eşidirik. Bu əzələlər bizim nəzarətimiz olmadan, avtomatik şəkildə iş görür. Belə ki, biz yatarkən başımızın üstündə güclü səs-küy əmələ gəldikdə belə bu əzələlər dərhal gərilir və daxili qulağa gedən titrəyişin şiddətini azaldır.
Bu cür qüsursuz dizayna malik olan orta qulaq mühüm bir tarazlığı qorumalıdır. Bu tarazlıq orta qulaqdakı hava təzyiqi ilə qulaq pərdəsinin digər tərəfindəki, yəni atmosferdəki hava təzyiqinin bərabər olmasıdır. Ancaq bu müvazinət də nəzərə alınmış və orta qulaq ilə xarici dünya arasında hava mübadiləsini təmin edən “ventilyasiya kanalı” da mövcuddur. Bu kanal ortaq qulaqdan ağzımıza qədər uzanan içi boş boru olan Yevstaxi borusudur.
