Həyatın Mənşəyi

Sadələşdirilməz komplekslik

Görmənin kimyası

Oxu müddəti: ~4 dəq.

Maykl Bihi “Darvinin qara qutusu” (Darwin’s black box) adlı kitabında canlı hüceyrəsinin quruluşunun və bütün digər biokimyəvi sistemlərin Darvin və müasirləri üçün naməlum “qara qutu” olduğunu vurğulayır. Darvin bu qara qutuların çox sadə quruluşa malik olduğunu və təsadüfən əmələ gəldiyini güman etmişdir. Halbuki müasir biokimya bu qara qutuları açmış və canlıların sadələşdirilməz kompleks quruluşunu üzə çıxarmışdır. Bihi Darvinin gözün əmələ gəlməsi haqqındakı şərhlərinin XIX əsrin sözügedən ibtidai elmi səviyyəsi səbəbi ilə bəzilərinə “inandırıcı” göründüyünü bildirir:

Darvin dünyanın böyük hissəsini müasir gözün sadə formadan yavaş-yavaş meydana gəldiyinə inandırmış kimi görünürdü, amma görmə hadisəsinin başlanğıcının haradan gəldiyini heç açıqlamağa belə çalışmamışdı. Əksinə, Darvin bu sadə işığa həssas nöqtənin, yəni gözün mənşəyi sualını bilərək gözardı etmişdi… Bu sualı görməzliyə vurmaq üçün yaxşı bəhanəsi var idi: bu, on doqquzuncu əsr elm anlayışının tamamilə fövqündə idi. Gözün necə fəaliyyət göstərdiyi – yəni işıq fotonları torlu qişaya ilk dəfə düşdükdə nələr olduğu o dövrdə açıqlana bilməzdi.352

Bəs Darvinin sadə bir quruluş kimi görüb üstündən keçmək istədiyi bu sistem, əslində, necə işləyir? Gözün torlu qişasındakı hüceyrələr üstlərinə düşən işıq zərrəciklərini necə qəbul edir?

Sualın cavabı olduqca mürəkkəbdir. Fotonlar torlu qişadakı hüceyrələrə toxunduqda sanki bir-birinin ardınca ustalıqla düzülmüş domino daşlarını hərəkətə gətirir. Bu domino daşlarının birincisi “11-sis-retinal” adlanan və fotonların təsiri ilə hərəkətə keçən molekuldur. Foton ona təsir etdiyi anda 11-sis-retinal molekulu quruluşunu dəyişdirir. Bu quruluş dəyişikliyi 11-sis-retinalla əlaqədar olan “rodopsin” adlı zülalın da quruluşunu dəyişdirir. Rodopsin bu sayədə daha əvvəl hüceyrənin içində yerləşən, amma quruluşunun uyğunsuzluğu səbəbilə reaksiyaya girə bilmədiyi “transdusin” adlı başqa bir zülal ilə birləşə bilir.

Transdusin rodopsinlə reaksiyaya girməzdən əvvəl QDF adlı başqa bir molekula bağlı olur. Rodopsinə bağlandığı anda QDF-dən ayrılır və QTF adlı yeni bir molekula bağlanır. Artıq 2 zülal (rodopsin və transdusin) və 1 kimyəvi molekul (QTF) bir-birinə bağlanmış vəziyyətdədir. Bu yeni quruluşa birlikdə “QTF-transdusinrodopsin” deyilir.

Ancaq hələ proses təzə başlamışdır. QTF-transdusinrodopsin adlı yeni birləşmə hüceyrənin içində əvvəlcədən mövcud olan “fosfodiesteraza” adlı başqa zülalla birləşmək üçün uyğun formadadır. Bu birləşmə vaxt itirilmədən dərhal həyata keçirilir. Bu birləşmə nəticəsində isə fosfodiesteraza zülalı daha əvvəl hüceyrənin içində mövcud olan tQMF adlı molekulu parçalama xüsusiyyəti qazanır. Bu proses bir neçə dənə deyil, milyonlarla zülal tərəfindən həyata keçirildiyi üçün hüceyrənin içindəki tQMF-nin faizi sürətlə azalır.

Bəs bütün bunların görmə prosesi ilə nə əlaqəsi var? Bu sualın cavabını tapmaq üçün bu maraqlı kimyəvi reaksiya zəncirinin son mərhələsinə qədər baxaq. Hüceyrənin içindəki tQMF faizinin aşağı düşməsi hüceyrənin içindəki “ion kanalları”na təsir edir. İon kanalları hüceyrənin içindəki natrium ionlarının sayını tənzimləyən zülallardır. Normal şəkildə tQMF molekulları hüceyrəyə kənardan natrium ionları daşıyır, başqa bir molekul da artıq ionları hüceyrədən xaric edir və beləliklə, tarazlıq təmin olunur. Ancaq tQMF molekullarının sayı azaldıqda hüceyrədəki natrium ionlarının da sayı azalır. Bu say azalması hüceyrə içində elektrik tarazsızlığı meydana gətirir. Bu elektrik tarazsızlığı hüceyrəyə bağlı olan sinir hüceyrələrinə təsir edir və “elektrik oyanması” adlandırdığımız oyanma əmələ gəlir. Sinirlər bunları beyinə ötürür və orada da “görmə” adlanan proses baş verir.353

Qısa desək, bir foton torlu qişadakı hüceyrələrin birinə toxunmuş və bir-birini izləyən zəncirləmə reaksiyalar sayəsində hüceyrənin elektrik oyanması əmələ gətirməsinə səbəb olmuşdur. Bu oyanma fotonun enerjisinə görə fərqlənir, beləliklə, bizim “güclü işıq”, “zəif işıq” dediyimiz anlayışlar var. İşin ən maraqlı cəhətlərindən biri də budur ki, yuxarıda bəhs etdiyimiz bütün bu mürəkkəb reaksiyalar saniyənin ən çox mində biri qədər olan qısa müddət ərzində baş verir. Daha maraqlı olan cəhət də bu zəncirləmə reaksiyanın tamamlandığı anda hüceyrənin içindəki bəzi xüsusi zülalların 11-sis-retinal, rodopsin, transdusin kimi ünsürləri yenidən əvvəlki halına qaytarmasıdır. Çünki gözə hər an yeni fotonlar toxunur və hüceyrədəki zəncirləmə reaksiya sistemi bu fotonların hər birini yenidən qəbul etməlidir.

Burada qısa şəkildə xülasə etdiyimiz görmə prosesinin, əslində, daha kompleks incəlikləri var. Ancaq bu xülasə belə nə qədər möhtəşəm sistemin olduğunu bizə göstərmək üçün kifayətdir. Gözün içində o qədər kompleks, dəqiq hesablanmış bir sistem var ki, bu sistemin təsadüflərlə ortaya çıxacağını iddia etmək açıq-aşkar ağıldan kənardır. Sistem tamamilə sadələşdirilməz kompleks quruluşa malikdir. Əgər bir-birləri ilə zəncirləmə reaksiyaya girən çox sayda molekulyar hissənin biri əskik olsa və ya uyğun quruluşa malik olmasa, sistem əsla funksiyasını yerinə yetirməyəcəkdir.

Bu sistemin darvinizmin canlılar haqqındakı “təsadüf” açıqlamasına böyük zərbə endirdiyi aydındır. Maykl Bihi gözün kimyəvi tərkibi və təkamül nəzəriyyəsi haqqında belə şərh verir:

Darvinin XIX əsrdə açıqlaya bilmədiyi görmə prosesi və gözün anatomik quruluşu, həqiqətən də, heç bir təkamülçü məntiqlə izah edilə bilməz. Təkamül nəzəriyyəsinin irəli sürdüyü izahatlar o qədər sadədir ki, gözdə baş verən və kağıza köçürülməsi belə çətin olan inanılmaz dərəcədəki kompleks prosesləri əsla açıqlaya bilməz.354

Gözün sadələşdirilməz kompleks quruluşu bir tərəfdən darvinist nəzəriyyəni, Darvinin ifadəsi ilə, “bütünlüklə məhv edərkən”, digər tərəfdən də canlıları üstün ağıl və qüdrət sahibi Allahın yaratdığını göstərir.

İstinadlar

  1. Michael Behe, Darwin’s Black Box, The Free Press, New York, 1996, səh. 18. ↩
  2. Michael Behe, Darwin’s Black Box, The Free Press, New York, 1996, səh. 18-21 ↩
  3. Michael Behe, Darwin’s Black Box, The Free Press, New York, 1996. səh. 31 ↩