Oxu müddəti: ~3 dəq.
İnsan gözü təqribən 40 ayrı həssas hissənin birləşməsindən ibarət kompleks sistemdir. Bu hissələrdən sadəcə birinin üzərində düşünək. Məsələn, göz bülluru… Biz çox vaxt fərqinə varmırıq, amma cisimləri aydın görməyimizi təmin edən şey göz büllurunun hər saniyə heç dayanmadan “avtomatik fokuslama” etməsidir. İstəsəniz, bununla bağlı kiçik təcrübə keçirə bilərsiniz: şəhadət barmağınızı havada tutun. Sonra bir barmağınızın ucuna, bir də arxasındakı divara baxın. Baxışınızı barmağınızdan divara doğru hər çevirdikdə “tənzimləmə” olduğunu hiss edəcəksiniz.
Bu tənzimləməni göz büllurunun ətrafındakı kiçik əzələlər yerinə yetirir. Hər baxış dəyişdirdikdə bu əzələlər işə düşür və göz büllurunun qabarıqlığını dəyişdirərək işığın düzgün bucaq altında sınmasını və istədiyiniz cismi aydın görməyinizi təmin edir. Göz bülluru bu tənzimləməni həyatınız boyu heç səhv etmədən hər saniyə həyata keçirir. Fotoqraflar eyni tənzimləməni fotoaparatlarda əl ilə edirlər və düzgün fokuslamanı əldə etmək üçün bəzən uzun müddət çalışırlar. Müasir texnologiya son onilliklərdə avtomatik fokuslama aparan kameralar istehsal etmişdir, amma heç bir kamera göz qədər sürətli və qüsursuz şəkildə fokuslaya bilmir.
Gözün görməsi üçün isə bu orqanı təşkil edən təqribən 40 əsas hissənin hamısı eyni anda birlikdə mövcud olmalı və ahəng içində işləməlidir. Göz bülluru bunlardan sadəcə biridir. Buynuz qişa, konyunktiva, qüzehli qişa, göz bəbəyi, torlu qişa, damarlı qişa, göz əzələləri, göz yaşı vəziləri kimi bütün digər hissələr olsa və fəaliyyət göstərsə, amma bircə göz qapağı olmasa, göz qısa müddət ərzində zərər görər və görmə funksiyasını itirər. Eyni şəkildə bütün orqanoidlər mövcud olsa, amma göz yaşı ifraz olunmasa, göz bir neçə saat ərzində quruyar, yapışar və kor olar.
Gözün bu kompleks quruluşu qarşısında təkamül nəzəriyyəsinin “sadələşdirilə bilən” iddiası bütün mənasını itirir. Çünki göz işə yararlı olması üçün eyni anda bütün hissələri ilə birlikdə mövcud olmalıdır. Təbii seçmə və mutasiya mexanizmlərinin gözün bu qədər müxtəlif orqanoidini bu orqanoidlər son mərhələyə qədər heç bir “üstünlük” təmin etmədikləri halda əmələ gətirməsi, əlbəttə, qeyri-mümkündür. Prof. Əli Dəmirsoy bu həqiqəti aşağıdakı sətirləri ilə qəbul edir:
Üçüncü etiraza cavab vermək çox çətindir. Kompleks bir orqanın, faydalı olsa da, birdən-birə əmələ gəlməsi necə mümkün olmuşdur? Məsələn, onurğalılardakı göz bülluru, torlu qişa, optik sinir və görmək üçün lazımlı olan digər hissələr birdən-birə necə əmələ gəlmişdir? Çünki təbii seçmənin görmə sinirindən ayrı şəkildə torlu qişa üzərində seçici təsiri ola bilməz. Göz bülluru əmələ gəlsə belə, torlu qişa olmadan faydası olmaz. Görmə üçün bütün orqanoidlərin birlikdə, eyni anda təkmilləşdirilməsi labüddür. Ayrı-ayrı təkmilləşdirilən hissələr istifadəyə yararlı olmadığı üçün həm faydasız olar, həm də, bəlkə, zaman ərzində məhv olar. Eyni zamanda hamısını birdən təkmilləşdirmək də təxmin edilməyəcək qədər kiçik ehtimalların eyni anda mövcud olmasını tələb edir.349

Prof. Dəmirsoyun “təxmin edilməyəcək qədər kiçik ehtimallar” sözü ilə ifadə etdiyi həqiqət, əslində, “qeyri-mümkünlük”dür. Gözün təsadüflərin məhsulu olması qeyri-mümkündür. Darvin də bu həqiqət qarşısında sıxıntı keçirmiş və hətta bu səbəbdən bir məktubunda: “Gözləri düşünmək çox vaxt məni nəzəriyyəmdən soyudur”, -deyə bunu etiraf etmişdir.350
Darvin “Növlərin mənşəyi” kitabında gözün kompleks yaradılışı qarşısında ciddi çətinliyə düşmüş, yeganə həll yolu kimi bəzi canlıların ibtidai, bəzilərinin isə kompleks göz quruluşu olduğuna istinad edərək kompleks gözlərin ibtidai gözlərdən təkamül yolu ilə əmələ gəldiyini iddia etmişdir. Ancaq bu iddia da həqiqətə uyğun deyil. Paleontologiya canlıların yer üzündə olduqca kompleks quruluşları ilə birlikdə ortaya çıxdığını göstərir. Məlum olan ən qədim görmə sistemi trilobit gözüdür. 530 milyon illik bu fasetli göz sistemi əvvəlki bölmələrdə dediyimiz kimi cüt büllur sistemi ilə işləyən “optik möcüzə”dir. Bu vəziyyət Darvinin “kompleks gözlər ibtidai gözlərdən təkamül ilə törəyib” fərziyyəsini də tamamilə əsassız edir.
