Həyatın Mənşəyi
AZEN

Quşların və məməlilərin xəyali təkamülü

Məməli Heyvanların Mənşəyi

Oxu müddəti: ~6 dəq.

Artıq qeyd olunduğu kimi, təkamül nəzəriyyəsi iddia edir ki, dənizdən çıxan bəzi canlı orqanizmlər sürünən heyvanlara çevrilmiş, sürünən heyvanlar isə öz növbəsində quşlara təkamül etmişlər. Həmin ssenariyə görə, sürünən heyvanlar təkcə quşların yox, həm də məməli heyvanların əcdadlarıdır. Ancaq bədəni pulcuqlarla örtülü, soyuqqanlı, yumurtlayan sürünən heyvanlarla bədəni lələklərlə və ya tüklərlə örtülü diri bala doğan məməli heyvanlar arasında böyük fərqlər var.

Onların arasında olan fərqlərdən biri də çənə quruluşudur. Məməli heyvanlarda aşağı çənə üzərində dişlər yerləşən bütöv bir sümükdən ibarətdir. Sürünən heyvanlarda isə aşağı çənədə hər iki tərəfdən üç sümük yerləşir.

Digər əsas fərq ondan ibarətdir ki, sürünən heyvanlarda orta qulaqda yalnız bir sümük olduğu halda məməli heyvanların orta qulağında üç xırda sümük (zindan, üzəngi sütunu və toxmaqcıq) yerləşir. Təkamülçülər iddia edir ki, sürünən heyvanlarda çənə sümüyü və qulaq zaman keçdikcə, tədricən məməli heyvanların çənə-qulaq quruluşunu və görkəmini almışdır. "Bu necə baş verib" sualına biz əlbəttə ki, cavab almayacağıq. Bir sümükdən ibarət qulaq necə üç sümükdən ibarət olan qulağa çevrilmişdir və baş vermiş dəyişikliklərə baxmayaraq necə fəaliyyət göstərməyə davam edir? Bu sual həmişəlik cavabsız qalacaq.

Eyni qayda ilə sürünən heyvanlarla məməli heyvanları birləşdirən bir dənə də olsun keçid forması tapılmamışdır. Buna görə də təkamülçü paleontoloq Rocer Levin belə etiraf etməyə məcbur olmuşdu: "İlk məməli heyvana keçidin necə baş verməsi indiyədək sirr olaraq qalır".51

XX əsrin tanınmış təkamülçülərindən biri, neodarvinizm nəzəriyyəsinin banisi Corc Geylord Simpson təkamülçülərin nöqteyi-nəzərindən inanılmaz olan bu faktı belə ifadə edir:

"Mezozoy erasında sürünən heyvanlar dövründən məməli heyvanlar dövrünə olan birdən-baş verən keçid hər şeydən çox heyrətamizdir. Sanki baş rolu sürünən heyvanlar oynayan səhnənin pərdəsi ani surətdə endi. Pərdə qaldırılanda isə səhnədə məməli heyvanlar var idi. Öncəki vaxtdan onlardan əsər-əlamət qalmamışdır".52

Həmçinin bir-birinə oxşamayan yarasa, at, siçovul və balina kimi məməlilər eyni geoloji dövrdə əmələ gəlmişlər. Hətta ən güclü təxəyyül və fantaziya ilə onların arasında təkamül əlaqəsini təyin etmək mümkün deyil. Təkamülçü zooloq Erik Lombard "Evolution" jurnalında yazır:

"Məməli heyvanlar sinfinin içərisində filogenetik (qohumluq) əlaqələrini təyin etmək istəyən hər kəsin ümidləri boşa çıxacaq".53

Bütün bunlar canlı məxluqların bir vaxtda mükəmməl şəkildə yaranmasından və təkamül proseslərinə heç vaxt məruz qalmamasından xəbər verir. Məhz bu fakt yaradılışın konkret isbatıdır. Təkamülçülər isə canlı məxluqların mərhələli şəkildə əmələ gəlməsindən onların təkamül etməsinin sübutu kimi istifadə etməyə cəhd göstərir. Təkamülün artıq yalan olduğu bilindikdən sonra demək olar ki, məxluqların mərhələli yaranışı "yaradılma ardıcıllığından" başqa bir şey deyil. Qalıqlar göstərir ki, yer üzündə əvvəlcə suda yaşayan canlılır, sonra quru sakinləri yaradılmışdır. Sonra isə insan xəlq olunmuşdur. Kütləvi informasiya vasitələri ilə cəmiyyətə təlqin edilən "meymunabənzər insan" nağılının tam əksinə olaraq insanın yer üzündəki həyatı ani surətdə və mükəmməl olaraq başlamışdır.