Oxu müddəti: ~6 dəq.
Təkamülçülərin dəniz məməliləri ilə bağlı təkamül ssenarilərinin nə qədər qeyri-mümkün olduğunu göstərən digər bəzi dəlillər də bu canlıların olduqca özünəməxsus quruluşa malik olmalarıdır. Tənəffüs üçün ağciyərlərindən istifadə edən bir məməlinin dəniz mühitində keçirməli olduğu adaptasiyaları nəzərə aldıqda belə bir keçid haqqında “qeyri-mümkün” sözü belə qənaətbəxş deyil. Belə bir keçiddə təkamül prosesi daxilində ara mərhələlərdən hər hansı birinin əskikliyi canlını həyatdan məhrum edəcək və təkamül prosesini dayandıracaqdır.
Dəniz məməlilərinə su mühitinə keçərkən lazım olan adaptasiyalar (uyğunlaşmalar) belə sıralana bilər:
1) Suyun qorunması. Dəniz məməliləri su mühitində yaşamalarına baxmayaraq, su ehtiyaclarını balıqlar kimi, yəni duzlu sudan faydalanaraq təmin edə bilməzlər. Yaşamaq üçün şirin suya ehtiyacları var. Dəniz məməlilərinin su mənbələri çox yaxşı məlum olmasa da, su ehtiyaclarının böyük hissəsini tərkibində okeandakı duz nisbətinin üçdə biri qədər su olan canlıları yeyərək təmin etdikləri düşünülür. Bu qədər qıt su mənbələrinə malik olan dəniz məməliləri üçün suyun mütləq qorunması və suya qənaət edilməsi olduqca vacibdir. Elə bu səbəbdən dəniz məməliləri dəvələrdəki kimi suyun qorunması mexanizminə malikdirlər. Eynilə dəvələr kimi dəniz məməliləri də tərləmirlər. Böyrəklər sidiyi insanlarınkından daha yaxşı şəkildə toplayaraq onlara su qazandırır. Beləliklə, su itkisi ən az səviyyədə olur. Suya qənaət ən kiçik detallarda belə özünü göstərir. Məsələn, ana balina balasını pendir qatılığında olan südlə bəsləyir. Bu süd insan südündən 10 dəfə yağlıdır. Südün bu qədər yağlı olmasının bəzi kimyəvi səbəbləri var. Yağ bala tərəfindən qəbul edildikdən sonra orqanizmdəki parçalanma prosesi nəticəsində su meydana gəlir. Beləliklə, ana az su itkisiylə balasının su ehtiyacını təmin edir.
2) Görmə və xəbərləşmə. Delfinlərin və balinaların gözləri fərqli yönlərdə görməyə imkan verən formadadır. Suyun altında və üzərində eyni dərəcədə mükəmməl şəkildə görə bilirlər. (Halbuki insan da daxil olmaqla bir çox canlı işığın qırılmasındakı fərqlərə görə öz təbii mühiti xaricində yaxşı görə bilmir). Delfin sudan 6 metrə qədər yuxarı tullana bilir və havada onun üçün tutulan qidanı həssaslıqla götürə bilir.
Dəniz məməlilərinin gözü ilə quruda yaşayan canlıların gözü həddindən artıq fərqli xüsusiyyətlərə malikdir. Quruda gözü gözləyən təhlükələr fiziki zərbələr və tozdur. Bu səbəbdən quruda yaşayan heyvanların göz qapaqları var. Su mühitində isə ən böyük təhlükələr duzluluq nisbəti, dərinliklərə dalarkən meydana gələn təzyiq və dəniz axınlarının əmələ gətirdiyi zərərlərdir. Axınlarla birbaşa təmas olmaması üçün gözlər başın yan tərəfindədir. Bundan əlavə, dərinlərə daldıqda gözü təzyiqə qarşı qoruyan sərt təbəqə də var. 9 metr dərinlikdən sonra dənizin dibi qaranlıq olduğu üçün su məməlilərinin gözü qaranlıq mühitə uyğunlaşan bir çox xüsusiyyətlərə malikdir. Göz bülluru mükəmməl dairə formasındadır. İşığa həssas olan çöpcüklər rənglərə və detallara qarşı həssas olan kolbacıqlardan daha çoxdur. Habelə gözlərdə xüsusi fosforlu təbəqə var. Bu səbəbdən dəniz məməlilərinin qaranlıq mühitlərdə görmə qabiliyyəti güclüdür.

Amma dəniz məməlilərin ilkin duyğuları görmə deyil. Quru məməlilərinin əksinə, onlarda eşitmə daha vacibdir. Görmə üçün işıq lazımdır, amma eşitmə üçün belə bir ehtiyac yoxdur. Bir çox balina və delfin dəniz dibindəki qaranlıq ərazilərdə bir növ təbii “sonar” sayəsində qida tapır. Xüsusilə dişli balinalar səs dalğaları vasitəsilə “görürlər”. Səs dalğaları eynilə görmə prosesində olduğu kimi fokuslanır və bir nöqtəyə göndərilir. Geri qayıdan dalğalar heyvanın beynində təhlil edilir və şərh olunur. Bu yolla heyvan qarşısındakı cismin formasını, ölçüsünü, sürətini və mövqeyini açıq şəkildə müəyyən edir. Bu canlılardakı radar sistemi inanılmaz dərəcədə həssasdır. Məsələn, bir delfin suya tullanan bir şəxsin “daxilini” də hiss edə bilir. Səs dalğaları istiqaməti müəyyən etməklə bərabər xəbərləşmə üçün də istifadə edilir. Bir-birindən yüz kilometrlərlə aralıqdakı iki balina səs vasitəsilə xəbərləşirlər.
Bu heyvanların xəbərləşmək və istiqaməti müəyyən etmək üçün səsi necə çıxardıqları hələ də məlum deyil. Ancaq delfinin bədənindəki maraqlı bir təfərrüat diqqət çəkir: heyvanın kəllə sümüyünün quruluşu beynini dağıdacaq qədər güclü və fasiləsiz səs bombardmanından qorunmaq üçün izolyasiyalıdır.
İndi bütün bunların üzərində düşünək. Dəniz məməlilərinin malik olduğu bütün bu heyranedici xüsusiyyətlər təkamül nəzəriyyəsinin iki yeganə mexanizmi, yəni mutasiya və təbii seçmə vasitəsilə əmələ gələ bilərmi? Hansı mutasiya bir delfinin bədəninə radar sistemini yerləşdirə bilər və sonra da heyvanın beynini radardan qorumaq üçün kəllə sümüyünü izolyasiya edər? Hansı mutasiya bu canlılara qaranlıq sularda görmələrini təmin edən göz quruluşu qazandıra bilər? Hansı mutasiya əvvəlcə quruda yaşadıqları irəli sürülən bu heyvanların “suya keçidləri”ni təmin edə bilər? Hansı mutasiya bu heyvanların bədənlərinə sudan ən qənaətli şəkildə istifadə etmək üçün həssas mexanizmlər yerləşdirə bilər?
Bu cür yüzlərlə sual vermək mümkündür. Təkamülün bunların heç birinə verəcək cavabı yoxdur. Balıqların sularda “təsadüfən” əmələ gəldiklərini, sonra yenə təsadüflər nəticəsində quruya çıxıb təkamüllə sürünənlərə və məməlilərə çevrildiklərini, daha sonra bu məməlilərin yenidən suya qayıdaraq suda yaşamaq üçün lazımi xüsusiyyətləri təsadüfən qazandıqlarını irəli sürən, bütün bu fantastik hekayəni yazan təkamül nəzəriyyəsi bu mərhələlərdən hansını sübut edə bilər? Heç bir cavab qənaətbəxş deyil. Təkamül nəzəriyyəsi bu mərhələlərin baş verdiyini sübut etməyi bir yana qalsın, heç bunların baş verməsi üçün ən kiçik ehtimalın olduğunu belə sübut edə bilmir.









