Oxu müddəti: ~2 dəq.
Sürünən-quş təkamülü ilə bağlı iddiaları dəstəkləyən fosil nümunəsini soruşduqda təkamülçü mənbələrdə həmişə dərhal bir canlıdan bəhs edilir. Bu, hələ də israrla müdafiə edilən az saydakı keçid forma iddialarından ən çox məlum olan arxeopteriks adlı fosil quşdur.

“Dövrümüzdəki quşların əcdadı” olduğu irəli sürülən arxeopteriks bundan təqribən 150 milyon il əvvəl yaşamışdır. Nəzəriyyəyə əsasən, velosiraptor və ya dromeozavr adlandırılan kiçik dinozavrların bir qismi təkamül keçirərək qanadlanmışlar və uçmağa başlamışlar. Arxeopteriks dinozavr əcdadlarından ayrılan və yeni uçmağa başlayan ilk növdür.
Lakin əslində, arxeopteriksin fosilləri üzərində aparılan son təhlillər bu izahın elmi cəhətdən əsassız olduğunu göstərir. Bu quş keçid forması deyil, sadəcə dövrümüzün quşlarından bir az daha fərqli xüsusiyyətlərə malik olan nəsli kəsilmiş quş növüdür.
Arxeopteriksin yaxşı uça bilməyən “yarı quş” olması tezisi yaxın dövrə qədər təkamülçü mənbələrdə çox tez-tez dilə gətirilirdi. Bu canlının “sternum”unun, yəni döş sümüyünün olmaması canlının uça bilməməsinin ən mühüm dəlili kimi göstərilirdi. (Döş sümüyü uçmaq üçün lazımlı olan əzələlərin birləşdiyi, döş qəfəsinin altında yerləşən sümükdür. Dövrümüzdə uçan və ya uçmayan bütün quşlarda, hətta quşlardan tamamilə fərqli ailəyə məxsus olan uçan məməli yarasalarda belə bu döş sümüyü var).
Ancaq 1992-ci ildə tapılan yeddinci arxeopteriks fosili bu arqumentin səhv olduğunu göstərdi. Çünki tapılan bu son arxeopteriks fosilində təkamülçülərin uzun zaman boyu olmadığını hesab etdikləri döş sümüyü var idi. “Təbiət” (Nature) jurnalında yeni tapılan bu fosildən belə bəhs edilirdi:
Son tapılan yeddinci arxeopteriks fosili uzun zamandan bəri varlığına şübhə edilən, amma heç vaxt sübut edilməyən düzbucaqlı döş sümüyünün varlığına işarə edir. Bu canlının uzun məsafələrə uçuş qabiliyyəti hələ də şübhəlidir, ancaq döş sümüyünün varlığı güclü uçuş əzələlərinin olduğunu göstərir.125
Bu tapıntı arxeopteriksin tam uça bilməyən yarı quş olması iddialarını əsassız etdi.
Digər tərəfdən, arxeopteriksin əsl mənada uça bilən quş olduğunun ən mühüm sübutlarından biri də heyvanın lələklərinin quruluşu oldu. Arxeopteriksin dövrümüzdəki quşların lələklərindən fərqi olmayan asimmetrik lələk quruluşu canlının mükəmməl şəkildə uça bildiyini göstərirdi. Məşhur paleontoloq Karl O.Danberin bildirdiyi kimi, “lələklərinə görə bu məxluq tam quş xüsusiyyəti daşıyırdı”.126

Paleontoloq Robert Kerroll isə bu mövzunu belə izah edir:
Arxeopteriksin uçuş lələklərinin həndəsi forması dövrümüzdəki uçan quşların lələkləri ilə tamamilə eynidir, uçmayan quşların isə lələkləri simmetrikdir. Lələklərin qanaddakı nizamı da dövrümüzdəki quşların lələkləri ilə bənzərdir… Van Tayn və Berqerin fikrincə, arxeopteriksin qanadlarının ölçüsü və forması toyuq cinsindən olan quşlar, qumrular, ağacdələnlər, cüllütlər və ağaca qonan oxuyan quşların çoxu kimi məhdud bitki örtüyünə məxsus çöllərdə hərəkət edən quşlarınkına bənzərdir… Uçuş lələkləri ən az 150 milyon ildən bəri sabitdir (dəyişməmişdir).127
Arxeopteriksin lələklərinin ortaya çıxardığı başqa bir həqiqət isə bu canlının istiqanlı olması idi. Məlum olduğu kimi, sürünənlər və dinozavrlar soyuqqanlı, yəni bədən temperaturlarını özləri nizamlaya bilməyən, ətraf mühitin bədən temperaturlarını tənzimlədiyi canlılardır. Quşlardakı lələklərin ən mühüm funksiyalarından biri də bədən temperaturunu qorumalarıdır. Arxeopteriksin lələkli olması onun dinozavrların əksinə, istiqanlı olduğunu, yəni bədən temperaturunu qorumağa ehtiyacı olan əsl quş olduğunu göstərirdi.
