Həyatın Mənşəyi

Sosial darvinizm və əlverişli fərdlər yalanı

Müstəmləkələrdəki amansız tətbiqlər

Oxu müddəti: ~4 dəq.

Öndə gələn müstəmləkəçi dövlətlərə hakim olan sosial darvinist görüşlər onların müstəmləkələrindəki millətlərə tətbiq etdikləri siyasətdə də özünü büruzə verirdi. Bu millətləri insan saymayan, özlərinə görə adi bir ara-keçid forması kimi görən bu rejimlər hakim olduqları ölkələrə acı, müsibət, bədbəxtlik gətirdilər. Bu ölkələrin mərhəmətsiz siyasətlərində sosial darvinizm ən əhəmiyyətli amillərdən biridir. Daha əvvəl də ifadə edildiyi kimi, bəzi millətlərin mövcud üstün irq iddiaları və kibrlərindən qaynaqlanan təcavüzkar, amansız, digər millətləri aşağı görən tətbiqləri sosial darvinizmlə saxta qanunilik qazanmışdır. Söz mövzusu ölkələr bu cür siyasətlərində etdiklərini haqlı görürdülər, bu da tamah və təcavüzkarlıqlarını artırırdı.

Tiryək müharibəsi bunun maraqlı bir nümunəsi idi. İngiltərə hələ 19-cu əsrin əvvəllərində Çinə tiryək satmağa başlamışdı. Halbuki, İngiltərədə tiryək çıxarmaq, satmaq və istifadə etmək qadağan idi. Öz insanlarını belə bir bəladan ciddi şəkildə qoruyan dövrün ingilis rəhbərləri qısa müddətdə bu ölkənin insanlarını tiryək aludəçisi halına gətirdilər. İmperatorun oğlu da tiryəkdən həddindən çox istifadə edib ölüncə imperator ingilislərin ölkəyə tiryək gətirmələrinə son verməyə qərar verdi. Hökumət vəzifəlisi Lin Tse-Hsu Şərqi Hindistan Şirkətinin ən böyük ticarət limanı olan Kantona tiryək idxalına son vermələri üçün görüşə göndərildi. İngilis tacirlər əməkdaşlığa yanaşmadıqları üçün Tse-Hsu tiryək anbarlarını bağlatdırdı. Bu, dərhal ardından əsgəri müdaxilə gətirdi. Çinlilər qəti məğlubiyyətə uğradılar və çox alçaldıcı razılaşmanı qəbul etmək məcburiyyətində qaldılar: bu razılaşmaya görə Çində tiryək ticarəti qanuni sayılacaqdı. Tse-Hsu isə hökumətdəki vəzifəsindən alındı və sürgünə göndərildi.

Portuqaliyalılar isə sözdə üstünlüklərini Anqola xalqını kölələşdirməklə göstərdilər. Bu bölgədə yaşayan xalqın böyük hissəsini gəmilərlə qaçırdılar və beş illiyinə müqaviləli işçilər kimi uzaq yerlərə göndərdilər. Ancaq işçilərin çox az hissəsi müqavilənin sonunu görəcək qədər yaşadı.70 İşğal edilən yerlərin demək olar hamısında işğalçı dövlətlər uyğun hesab etdikləri torpaqlara və qaynaqlara əl qoydular, öz ölkələrindən gələn insanlara və ya şirkətlərə bu yerləri verdilər. Torpaqlarından edilən yerli xalqa isə heç maraq göstərilmədi. Bu xalqların pulları, iş qüvvələri, malları və mədən qaynaqları sonadək istismar edildi.

İngilislər müstəmləkələrindən aldıqları pambıq, çay, mədən cövhəri kimi xam maddələri İngiltərəyə gətirirdilər. Daha sonra bu xam maddələrlə çıxarılan mallar təkrar müstəmləkələrə gətirilib yüksək qiymətlərə satılırdı. Hindistandan alınan pambıq İngiltərədə işlənir və təkrar Hindistana satılırdı. Əsl maraqlı olan isə Hindistanda hind pambığının satışının qadağan edilməsi idi, yəni yalnız ingilislərin satdığı pambıq istifadə edilə bilərdi. Bundan başqa, hindistanlılar yalnız ingilislərin çıxardığı duzu satın ala bilirdilər.

Yeni imperializmin bir başqa haqsız tətbiqi də hakimiyyət altına alınan ölkələrin idarəçilərinə hörmət qoyulmamağı, onlara önəm verilməməyi idi. Halbuki, əvvəlki dövrlərdə kraliça Yelizavetdən Napaleona qədər bütün rəhbərlər xarici liderlərə qarşı bərabər şəkildə davranmışdılar. 19-cu əsrdə avropalılarda getdikcə güclənən özünü üstün görmə xəyalı kobudluq və insafsızlıq gətirdi.

Əsl maraqlı olan isə darvinist imperialistlərin başqa millətləri istismar edərkən bunu öz “aşağı irqlərin” və “geri qalmışların” yükünü boynuna götürdüklərini göstərmələri idi. İddialarına görə, dünyanın inkişafı üçün üstün irqin nizamının bütün dünyaya yayılması, aşağı olanların inkişaf etdirilmələri lazım idi. Başqa sözlə, müstəmləkəçi güclər işğal etdikləri torpaqlara mədəniyyət apardıqlarını iddia edirdilər. Ancaq tətbiq və siyasətləri onların sözdə yaxşı niyyətli iddialarının həqiqəti əks etdirmədiyini göstərirdi. Sosial darvinist düşüncələrə sahib 19-cu və 20-ci əsr müstəmləkəçi dövlətləri getdikləri ölkələrə rifah, xoşbəxtlik və mədəniyyət deyil, qarışıqlıq, döyüş, qorxu və alçaldılma gətirdilər. Müstəmləkəçiliyin müstəmləkə ölkələrə bəzi faydalar verdiyi qəbul edilsə də, zərərləri daha çox idi.

Karl Pirsonun aşağıda yer alan amansız və insanlıqdan, mərhəmətdən uzaq sözləri sosial darvinizmə əsaslanan irqçi və imperialist görüşlərin tam bir xülasəsi xüsusiyyətindədir:

Mübarizə acı çəkməkdir, ciddi mənada acı çəkmək deməkdir. Ancaq mübarizə və acı ağ adamın hazırda çatdığı inkişafın mərhələləri olmuşdur. Artıq mağaralarda yaşamadığı, kök və qabıqlı yemişlərlə bəslənmədiyi həqiqəti bunu açıqlayır. İnkişafın ən uyğun olan irqin həyatda qalmasına bağlı olması (bu, bəzilərinizə həddindən artıq qaranlıq gələ bilər) həyatda qalma mübarizəsinə özünü bağışladan xüsusiyyətləri qazandırır. Yaxşı metal qızğın metal putasından çıxar. Qılıncın kotana çevriləcəyi, amerikalı, alman və ingilis tacirlərin dünya bazarlarında artıq xam maddə və yemək üçün rəqabət etməyəcəkləri, ağ adamla qara adamın aralarındakı torpağı paylaşacaqları və hər birinin torpağı istədiyi kimi işlədə biləcəyi bir zamanı ümid edə bilərsiniz. Ancaq mənə inanın ki, o gün gəldiyində insan artıq inkişaf etməyəcək. Aşağı irqin törəməsinə nəzarət edən heç bir şey olmayacaq; amansız irsiyyət qanunu təbii seleksiya tərəfindən nəzarətdə olmayacaq və yönləndirilməyəcək. İnsan durğunlaşar… İnkişaf yolu millətlərin dağıntıları ilə örtüldü; mükəmməlliyə gedən çətin yolu tapa bilməyən aşağı irqlərin və zərər çəkmişlərin izləri hər yerdədir. Yenə də bu ölü insanlar doğrusu, insanın günümüzdəki daha yüksək intellektual səviyyəsinə və daha dərin romantik həyatına yüksəlməsində işə yarayan atlanma daşlarıdır.71

Dünyadakı millətlərin çoxunu aşağı görən, onların acılarını, ölümlərini sözdə təkmilləşmə yolunda bir pillə olaraq qəbul edən bu dünyagörüşünün bütün insanlıq üçün nə qədər böyük təhlükə olduğu aydındır. Bu kitabda diqqət yetirilən təhlükə də budur. Əgər bir fikri nə qədər təhlükəli olursa olsun və ya nə qədər elm və məntiq xarici olursa olsun, bəziləri elmi həqiqət kimi təqdim edib və daima təbliğ etsə, onda bu fikir və məhsulları bir müddət sonra mövzu haqqında kifayət qədər məlumatı olmayan insanlar tərəfindən qəbul edilməyə başlayacaq. Odur ki, darvinizmin təhlükəsi bunda gizlənmişdir. 19-cu və 20-ci əsrdə “həyatda qalma mübarizəsi”, “üstün və aşağı irqlər arası qarşıdurmalar” kimi anlayışların doğruluğuna inanan insanlar bu iddiaları özlərinə sipər edib hər cür mərhəmətsizliyi etmişlər və ya edənlərə səs çıxarmamışlar. Bunun nəticəsində isə Hitler, Mussolini, Franko kimi xəstə ruhlu, irqçi, təcavüzkar, tamahkar, mərhəmətsiz diktatorlar ortaya çıxmış, milyonlarla insan onları alqışlamış, on milyonlarla insan isə bu zalımların ideologiyaları üzündən acı, səfalət və qorxu içində yaşamış və ölmüşdür.

İstinadlar

  1. John Merriman, A History of Modern Europe, Volume Two: From the French Revolution to the Present, s.990-991 ↩
  2. Karl Pearson, National Life from the Standpoint of Science, 1900 ↩