Oxu müddəti: ~7 dəq.
Darvinizmin “həyat mübarizəsi” doqmatı və insanların bir heyvan olduqları yalanı tətbiq edildiyində insan həyatı öz dəyərini itirir. Hər hansı bir səbəblə insan öldürmək, bir insanı aclığa, ölümə buraxmaq, müharibə və qırğın etmək, terror törətmək, əqli xəstə, üzrlü olduğu və ya başqa bir irqdən olduğu üçün insanları yox etmək məqbul sayılar və asanlaşar.
Bu azğın məntiqə tabe olub insan həyatına dəyər verməyənlərdən biri amerikalı sosial darvinist professor E.A.Rosdur. Rossun yanlış iddialarına görə, xristianlığın ortaya atdığı ictimai köməkləşmə və xeyriyyəçilik ayini ağılsız və axmaqların törəmələrinə və çoxalmalarına yarayan qoruyucu bir qalxanın inkişafına səbəb olmuşdur. Yenə Rossa görə, dövlət şikəstləri, məsələn, kar və dilsizləri qoruyur, sonra da bunlar törəyib şikəst irq meydana gətirirlər. Bütün bunlara sözdə təbii təkamüllü inkişafa mane olduqları üçün qarşı çıxan Rossa görə, dünyanı düzəltməyin yeganə yolu bütün axmaqları, bacarıqsızları və şikəstləri öz hallarına buraxmaqla təbii seleksiya müddətində ayrılmalarını gözləməkdir.176
Bunun nə qədər mərhəmətsiz bir düşüncə olduğu açıq şəkildə ortadadır. İnsan vicdan sahibi olan varlıqdır və vicdanı zəifləri, düşkünləri, kasıbları, möhtacları qorumağı əmr edər. Əks halda, əgər insan insan kimi düşünmə qabiliyyətini itirərsə, bu dəfə, həqiqətən, heyvandan daha aşağı bir mövqeyə düşər. Çünki heyvanlar arasında da böyük həmrəylik və köməkləşmə vardır. (Ətraflı məlumat üçün baxın: “Canlılarda fədakarlıq və ağıllı davranışlar”, Araşdırma Nəşriyyat).
Ross insana dəyər verməyən yeganə sosial darvinist deyil. Onun dəhşət verici düşüncələrinə sahib çıxan bir çox darvinist var. Məsələn, Prinston Universitetində bioetika professoru olan təkamüli psixoloq Peter Sinqer ciddi fiziki əlilliyi olan insanların yaşamağa layiq görülməməklərinin lazım olduğunu söyləyəcək qədər irəli getmişdir. Bu zalımlığını mərhəmətsiz sözləri ilə belə ifadə etmişdir: “Əgər ciddi şəkildə əlilliyi olan bir uşağı insan olmayan bir heyvanla, məsələn, it və ya donuzla müqayisə etsək… insan olmayanın həmişə daha üstün xüsusiyyətlərinin olduğunu görərik… Yalnız insan uşağın Homo sapiens növünə aid olması həqiqəti bu uşağın donuz və ya itdən daha fərqli rəftar görməsinə səbəb olur. Ancaq növün bir üzvü olmaq təkbaşına əxlaqla əlaqədar deyil”.177
Sinqer darvinist vəhşiliyini daha da artırmış və zehni əlillərin yemək məqsədi ilə və ya elmi təcrübələr üçün öldürülə biləcəyini söyləmişdir. Şübhəsiz, bu, çox qorxunc bir vəhşilikdir. Ancaq darvinist məntiqdə belə vəhşiliklər də müdafiə olunur. Sinqerin sözləri belədir:
Zehni əlillərin yaşamaq haqları yoxdur və buna görə, (insan ətinə yönələn bir istək inkişaf etdirməyimiz lazım gəlsə) yemək üçün, yaxud elmi təcrübə məqsədi ilə onları öldürmək olar.178
“Right To Die Society”nin (Ölmə Haqqı Cəmiyyəti) keçmiş rəhbəri C.Fletçerin də zehni əlillər üçün bənzər iddiaları vardır:
Ən aşağı səviyyədə zəka və yaxud zehni qabiliyyətə sahib olmayan insanlar neçə orqanının çalışmasından və həyat funksiyalarını avtomatik şəkildə yerinə yetirməsindən asılı olmayaraq insan deyildirlər… Əqli əlilliyi olanların hər hansı bir məsuliyyətləri yoxdur, heç olmamışdır və olmayacaq. Bu, əqli xəstələrin insan olmadığı mənasını verir.179
Yeni doğulan körpələrin öldürülməsi isə insan həyatına dəyər verməyən darvinizmin məqbul gördüyü mərhəmətsiz, vəhşi tətbiqlərdən bir başqasıdır. Darvinizmin müdafiə etdiyi azğın və vicdansız düşüncələrdən biri də budur ki, yeni doğulan körpə ata-anasına çətinlik törədirsə və onları həyat mübarizəsində geri salırsa, təkamül baxımından bu körpə öldürülməlidir Məsələn, Darvin yeni doğulan körpələrin öldürülməsinin heyvanlarda tez-tez göründüyünü və bunun əhalini idarə etmək üçün əhəmiyyətli amil olduğunu iddia etmişdir. Təkamülçü B.Burke “Science” jurnalında bir yazısında bu mövzu haqqında belə deyir:
Bəzi heyvan növləri içərisində uşaq öldürmə təbii davranış kimi görünür. Bu, insanlar üçün də primat atalarımızdan qalan xüsusiyyət olaraq təbii görülə bilərmi?… Ç.Darvin “İnsanın törəməsi” adlı kitabında yeni doğulan körpələrin öldürülməsinin insan tarixi boyunca əhali artımının önlənməsi üçün istifadə edilən ən əhəmiyyətli üsul olduğunu yazmışdır.180
Hekkel kimi darvinistlər isə yevgenikadan bəhs edilən hissədə də danışıldığı kimi, intiharı təşviq etmiş və həyatın dözülməz olduğunu düşünənlərin intihar etməklə həyatlarını sona çatdırma haqqına sahib olduqlarını iddia etmişlər. Ancaq Allah insanlara canlarına qıymağı haram etmişdir.
Yevgenika, evtanaziya və irqçilikdən bəhs edilən hissələrdə qeyd etdiyimiz bütün bu vəhşi tətbiq və inanclar darvinizmin insan həyatına heç əhəmiyyət verməyən bir ideologiya olduğunu göstərən nümunələrdir və elmi heç bir dəyəri olmayan hədyanlar üzərinə qurulmuşdur.
Halbuki, hər insanın həyatı böyük əhəmiyyət daşıyır. Quran əxlaqında insanlar bir-birlərini çox qiymətli və əhəmiyyətli görərlər və bir-birilərinə qarşı fədakar davranarlar. Bir mömin özünün ehtiyacı olsa da, yeməyini digərinə verər:
Onlar öz iştahaları çəkdiyi halda, yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (İnsan surəsi, 8)
Müsəlmanlar yoxsulları və yetimləri qorumaqla, onların mallarını ədalətlə onlara verməklə, yolda qalanlara kömək etməklə, zəif qadınları, kişiləri, uşaqları və yaşlıları qorumaqla vəzifəlidirlər. Allah, məsələn, bir ayəsində ata-anaya “of” belə deyilməməsini əmr etmiş (İsra surəsi, 23) və bütün insanlara bir-birlərinə sözün ən gözəlini söyləmələrini buyurmuşdur (İsra surəsi, 53). Bir başqa ayədə isə Allah: “…Hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə, o, bütün insanları diriltmiş kimi olur… (Maidə surəsi, 32)” – buyurur.
Hər üzvünün bir-birini ruh və ağıl sahibi, qiymətli, əhəmiyyətli insan kimi gördüyü bir cəmiyyətin sülh, hüzur, təhlükəsizlik içində və sevgi və hörmət dolu həyat yaşayacağı açıq bir həqiqətdir.
İstinadlar
- Thomas F. Gossett, Race: The History of an Idea in America, Dallas: Southern Methodist University Press, 1963, s. 170 ↩
- Peter Singer, “Sanctity of Life or Quality of Life?, Pediatrics, Temmuz1983, s. 128-129 ↩
- Martin Mawyer, “Death Act Dies in California”, Fundamentalist Journal, 7 Haziran 1988:61 ↩
- Martin Mawyer, “Death Act Dies in California”, Fundamentalist Journal, 7 Haziran 1988:61 ↩
- Barbara Burke, “Infanticide”, Science 84, Mayıs 1984, s. 29 ↩
