Həyatın Mənşəyi
AZEN

Təkamül nəzəriyyəsi materialist zərurətdir

Giriş

Oxu müddəti: ~5 dəq.

Kitabda gətirilən məlumatlar təkamül nəzəriyyəsinin nə qədər əsassız, onun ehkamlarının isə elmi kəşflərə nə dərəcədə zidd olduğunu açıq şəkildə göstərir. Təkamül nəzəriyyəsini müdafiə edən qüvvə elm deyil. Ola bilər ki, bəzi "alimlər" təkamül nəzəriyyəsini müdafiə edirlər, amma bunun səbəbi başqa amildir. Bu amil materialist fəlsəfədir. Materialist fəlsəfə tarixin maddəni mütləq varlıq kimi qəbul edən ən qədim ideologiyalarından biridir. Bu ideologiyaya görə, maddə əzəlidir və bizi əhatə edən hər şey yalnız maddədən ibarətdir. Əlbəttə ki, bu tərif Yaradana inamı istisna edir. Çünki əgər maddə hər zaman mövcud olmuşdursa və ya hər şey maddədən ibarətdirsə, bu halda maddəni yoxdan Yaradan kamil qüvvə də ola bilməz. Bu "məntiq" nəticəsində materializm tarixin qədim zamanlarından bu günə qədər Allaha və başqa dinlərə qarşı çıxır.

kormozom, dna

Materializm doğrudurmu? Hər hansı bir fəlsəfənin düzgün yaxud səhv olduğunu yoxlamaq üçün o fəlsəfənin müddəalarını elmi cəhətdən əsaslandırmaq lazımdır. Məsələn, X əsrdə hansısa bir filosof deyə bilərdi ki, Ayda budaqlarında meyvələr kimi hər növ canlı orqanizm yetişən müqəddəs bir ağac bitir və canlılar oradan Yerə düşürlər. Bu fəlsəfə bəzilərinin xoşuna gələ və ya cəlbedici görünə bilər. Amma XX əsrdə Aya uçuşdan sonra bu fəlsəfə öz qüvvəsini itirir, çünki belə bir ağacın yoxluğu aydın olur və bu qənaət müşahidə və təcrübələrin köməyi ilə elmi cəhətdən təsdiq edilir. Elmi üsullarla analoji qaydada materialist müddəanı da dərk etmək olar. Maddə əzəldən mövcud idimi, o, əbədidirmi, Yaradanın müdaxiləsi olmadan maddə özünü nizama sala və canlı orqanizm yarada bilərmi? Bütün bunları tədqiq edib araşdırmaq olar. Bu araşdırmadan sonra materializmin iflasa uğradığını görəcəyik. Çünki maddənin əbədilik ideyası Kainatın heç nədən yaranmasını sübut edən Biq Bənq (Böyük Partlayış) nəzəriyyəsi ilə təkzib olunub. Maddənin özü-özünü birləşdirməsi və canlı orqanizmləri əmələ gətirmə xüsusiyyəti haqqında müddəa "təkamül nəzəriyyəsi" adlanır. Əvvəl də əmin olduğumuz kimi, bu nəzəriyyə tamamilə iflasa uğramışdır.

Amma əgər insan öz materialist əqidəsində ardıcıl və qətiyyətlidirsə və materialist fəlsəfəyə sədaqəti ən vacib məsələ hesab edirsə, o zaman bu insan başqa cür hərəkət edəcək. Əgər o, "alim olmaqdan öncə materialistdirsə", bu halda elmin materializmi təkzib etməsini görsə belə materialist əqidədən əl çəkməyəcək. Hətta tam əksinə, o, materializmi nəyin bahasına olursa olsun xilas etməyə, dəstəkləməyə çalışacaq. Bu gün təkamül nəzəriyyəsini müdafiə edən alimlərin durumu məhz belədir.

Qəribədir ki, bu alimlərdən bəziləri bunu etiraf edir. Harvard Universitetindən (ABŞ) olan məşhur genetik Riçard Levontin ilk növbədə materialist, sonra isə alim olduğunu belə etiraf edir:

"Biz materializmə inanırıq, bu əqidə "apriori"dir (əvvəlcədən qəbul edilmişdir). Bizi Kainatı materializmlə izah etməyə heç də elmi metod və qaydalar sövq etmir. Əksinə, "apriori"yə bağlılıq səbəbilə biz kainata materialist baxımdan izahlar verən metod, araşdırma və qaydalar icad edirik. Materializm tamamilə doğrudur və biz heç bir ilahi izaha yol verə bilmərik".147

Levontinin istifadə etdiyi "apriori" ifadəsi çox mühümdür. Bu fəlsəfi termin elmi dəlili olmayan, təcrübələr nəticəsində sübut edilməmiş nəzəriyyəni ifadə edir. Levontinin açıq-aşkar dediyi kimi, materializm təkamülçülər tərəfindən "apriori" kimi qəbul edilmiş və onlar elmi bu prinsipə uyğunlaşdırmağa cəhd göstərirlər. Materializm Yaradanın varlığını tamamilə inkar etdiyi üçün onun yeganə çıxış təkamül nəzəriyyəsini qəbul etməkdir. Təkamül nəzəriyyəsinin elmi faktlarla ziddiyyət təşkil etməsi isə heç bir şeyi dəyişmir. Çünki haqqında yuxarıda bəhs edilən "alimlər" bu nəzəriyyəni artıq həqiqət kimi qəbul etmişlər. Bu əqidə təkamülçüləri nəinki elmə, hətta sağlam məntiqə də zidd olan "şüursuz maddə özü-özünü nizamlamışdır" düşüncəsinə inanmağa məcbur edir.

Nyu-York Universitetinin DNT üzrə mütəxəssisi Robert Şapiro materializm əqidəsini təkamül nəzəriyyəsinin əsası kimi belə izah edir:

"Bizə təkamülün ilkin səbəbi, sadə kimyəvi birləşmədən aktiv replikatorlara qədər bizə hər şeyi izah edən bircə başlanğıc səbəb lazımdır. Bu başlanğıc səbəb "kimyəvi təkamül" və ya "maddənin özü-özünü nizamlaması" adlanır. Ancaq bu başlanğıcın mövcud olması göstərilməmiş və heç bir zaman təsvir olunmamışdır. Belə bir prinsipin mövcud olmasına inanmaq yalnız dialektik materializmə olan sədaqət və inamdan qaynaqlanır"148

Tanınmış bioloq Hubert Cokey isə həmin həqiqəti belə izah edir:

"Dialektik materializmin mükəmməl və hər şeyi əhatə edən təliminə inam həyatın mənşəyinin izahı ssenarisində mühüm rol oynayır... Həyatın hər hansı üsulla əmələ gəlməsinin labüdlüyü sübutların olmamasına, bəzən isə sübutlarla ziddiyyət təşkil etməsinə baxmayaraq müdafiə olunur".149

Təkamülün dünya miqyasında aparılan təbliğatının əsasında məhz materialist ehkam durur. Qərb mətbuatında aparıcı yer tutan qabaqcıl, tanınmış və rəğbət bəslənən elmi jurnallarda tez-tez rast gəlinən təkamül təbliğatı bu tip ideoloji və fəlsəfi təzyiqin nəticəsidir. Elmin standartlarını müəyyən edən materialistlər təkamülü danılmaz və mübahisəsiz tabuya çeviriblər. Belə ki, bu nəzəriyyə ideoloji nöqteyi-nəzərdən zəruri hesab olunub. Başqa alimlər isə karyeralarını qurmaq üçün qeyri-iradi olaraq bu nəzəriyyəni müdafiə etməyə, heç olmasa onun əleyhinə çıxmamağa məcburdur. Qərb ölkələrində elmi əməkdaşlar dosent və professor elmi dərəcəsini qazanmaq üçün müəyyən elmi jurnallarda hər il öz məqalələrini dərc etməlidirlər. Bioloji yönümlü bütün nüfuzlu jurnallar materialistlərin və təkamülçülərin nəzarəti altındadır. Təkamülçülər isə öz növbəsində təkamülə qarşı çıxan məqalələrin dərcinə icazə verməzlər. Buradan da belə nəticəyə gəlmək olar ki, hər bir bioloq hakim olan təkamül inamına sadiq qalaraq işləməlidir. Ona görə ki, onlar da həmin təkamülə ideoloji zərurət kimi baxan mütəşəkkil materialist rejimin tərkib hissəsidir. Bu səbəbdən onlar hər şeyə göz yumaraq bizim də bu kitabda müzakirə etdiyimiz "bütün mümkün təsadüfləri" müdafiə edirlər.