Oxu müddəti: ~5 dəq.
Alman bioloqu, tanınmış təkamülçü Qoymar Fon Ditfurt tərəfindən yazılmış bəzi sətirlər materialistlərin kor ideologiyasını yaxşı ifşa edir. Ditfurt canlı orqanizmin mürəkkəb quruluşunu misal gətirərək canlıların təsadüfən əmələ gəlməsinin mümkünlüyü haqqında suala belə cavab verirdi:
"Doğrudanmı, belə nizam və harmoniyanı təsadüflərin nəticəsində əldə etmək olar? Bu, bütün bioloji təkamülün əsas suallarından biridir... Müasir təbiiyyat elmlərinin tərəfdarının razılaşmaqdan başqa heç bir çıxış yolu qalmır və o, "bəli" çavabını verir. Çünki o, fövqəltəbii müdaxiləni nəzərə almadan və təbiətin qanunlarına arxalanaraq təbiət hadisələrini bəlli üsullarla izah etməyi qarşısına məqsəd qoymuşdur".150
Bəli, Ditfurtun qeyd etdiyi kimi, həyatın yaranmasında İlahi faktorun inkar edilməsi, yəni Yaradanın varlığının danılması materialist ideologiyanın əsas prinsipidir. Əgər bu prinsiplə razılaşsaq, onda ən qeyri-mümkün ehtimalların mümkünlüyünü güman etmək olar. Belə ehkamçı fikirlərə təkamülçülərin bütün əsərlərində rast gəlmək olar.
Türkiyədə təkamülçülərin ən qabaqcıl nümayəndələrindən biri Əli Dəmirsoydur. Əvvəl də qeyd etdiyimiz kimi, Dəmirsoyun fikrincə, həyat üçün vacib olan sitoxrom-C zülalının yaranma ehtimalı meymunun yazı makinasının arxasında əyləşib bəşəriyyət tarixini heç bir səhv olmadan yazması ehtimalı qədər azdır.151
Şübhəsiz ki, belə ehtimalın qəbul edilməsi sağlam düşüncənin əsas prinsipinə və şüura qarşı yazılmış bir davranış olardı. Əgər insan kağız üzərinə yazılmış bir hərf görsə, onun şüurlu bir kəs tərəfindən yazıldığına əmin olar. Bəşəriyyətin tarixindən bəhs edən kitabı gördükdə onun yazıçı tərəfindən yazıldığına əmin olar. Psixoloji cəhətdən sağlam olan heç bir insan deyə bilməz ki, bu həcmdə olan kitabdakı hərflər "təsadüfən" birləşdirilib. Lakin son dərəcə təəcüblüdür ki, "təkamülçü alim", professor Əli Dəmirsoy məhz bunu qəbul edir.
"Sitoxrom C-nin əmələ gəlmə ehtimalı praktiki olaraq sıfra bərabərdir. Yəni canlının əmələ gəlməsi üçün müəyyən nizam tələb olunursa, onda demək olar ki, bu, bütün Kainatda bir dəfədən artıq baş verə bilməz. Yaxud da bu prosesdə bizim müəyyən etməyə qadir olmadığımız fövqəladə qüvvələrin iştirakı var. Amma sonuncunun etiraf edilməsi elmi məqsədlərə ziddir. Bu halda birinci varianta yenidən baxılmalıdır".152

Bir sözlə, Dəmirsoy mümkün olmayan bir şeyi fövqəladə qüvvənin, yəni Allahın varlığının etirafından üstün tutur. Aydındır ki, belə yanaşmanın elmə heç bir aidiyyatı yoxdur. Belə ki, Dəmirsoy hüçeyrənin mitoxondriyasının əmələ gəlməsini "elmə zidd olmasına baxmayaraq" təsadüflərlə əlaqələndirir və açıq-aşkar vurğulayır:
"Günün ən mühüm məsələlərindən biri mitoxondriyaların bu xüsusiyyəti necə əldə etmələridir. Çünki bir individiumun bu xüsusiyyəti əldə etməsi ağlasığılmaz sayda ehtimalların bir yerdə toplaşmasını tələb edir. Mexanizmin mahiyyətini katalizator rolunu yerinə yetirən və tənəffüs proseslərində iştirak edən fermentlər təşkil edir. Fermentlərin hansısa bir hissəsini saxlanmasının mənasız olduğu üçün hüceyrə onların bütün tərkibini özündə saxlayır. Daha doqmatik və spekulyativ izahlar verməmək üçün biz iradəmizdən asılı olmayaraq etiraf etməliyik ki, bütün tənəffüs fermentləri oksigenlə ünsiyyətdə olmazdan əvvəl də hüceyrədə lazımi miqdarda vardır, baxmayaraq ki, bu, elmi fikrə ziddir".153
Bu sətirlərdən də aydın olur ki, təkamül doğrudan da elmi tədqiqatlara əsaslanmayan bir nəzəriyyədir. Əksinə, bu nəzəriyyə materialist fəlsəfənin ehtiyacları üçün yaradılmış, bunun nəticəsi kimi elmi faktlara baxmayaraq qəbul edilmiş və tabuya çevrilmişdir. Təkamülçülərin yazdıqlarından biz belə başa düşdük ki, bütün bu cəhdlər hansısa bir "məqsədi" güdür və bu məqsəd Yaradanı inkar etməyə məcbur edir.
Təkamülçülər bu məqsədi "elmi məqsəd" kimi ifadə edirlər. Əslində isə onların dedikləri elm yox, materialist fəlsəfədir. Materializm isə "fövqəltəbii" hadisələrin varlığını qəti olaraq inkar edir.
Elm isə bu ehkamı qəbul etməyə borclu deyil. Elm təbiətin öyrənilməsinə və nəticələrin alınmasına cavabdehdir. Əgər nəticələr sübut edirsə ki təbiət yaradılıb, bu zaman elm bunu etiraf etməlidir. Əsl alim məhz bununla məşğul olmalı, XIX əsrin köhnəlmiş materialist ehkamlarından asılı vəziyyətdə qalaraq mümkün olmayan ssenariləri müdafiə etməməlidir.
