Həyatın Mənşəyi
AZEN

Fosillər necə əmələ gəlir və bizə nə deyir?

Fosillər necə tapılır və çıxarılır?

Oxu müddəti: ~2 dəq.

Fosil axtarışında geoloqlar süxur növləri toplamaq üçün çəkic, mala, müxtəlif kəsici alətlər, kompas, fırça, süzgəc kimi sadə alətlərdən istifadə edirlər.

Fosillər bəzən ətrafdakı yumşaq süxur təbəqəsindən sıyrılaraq səthə çıxır. Belə hallarda fosili təkcə fırça ilə təmizləmək kifayətdir. Ancaq çox vaxt fosillərin toplanması bu qədər asan olmur. Fosilin gömüldüyü süxur, adətən, bərk olur və süxurdan fosili ayırmaq saatlar aparır. Əvvəla, fosil axtarılacaq sahədə süxurun hansı nöqtədən qırılacağı müəyyən edilməlidir. Süxurun üfüqi lay səthinə görə qırılma nöqtələri müəyyən edilir. Hər süxur növü müxtəlif şəkildə parçalanır. Məsələn, şistlərin qırılma nöqtəsi müəyyən edilən üfüqi laylı səthi var. Tabaşir süxurlarının isə səthi belə deyil. Bu zaman fosilin zədələnməməsi üçün qırılan nöqtələrdəki rəng dəyişikliyi və ya toxuma fərqi kimi işarələri düzgün izləmək lazımdır.

Fosil çıxarılmasında müvafiq qaya və daş parçalarının yığılması və içində fosil olduğu təxmin edilən qayaların ehtiyatla qırılması ən mühüm mərhələlərdən biridi
Fosil çıxarılmasında müvafiq qaya və daş parçalarının yığılması və içində fosil olduğu təxmin edilən qayaların ehtiyatla qırılması ən mühüm mərhələlərdən biridir.

Fosil süxurdan çıxarıldıqdan sonra müxtəlif proseslərdən keçir. Əvvəlcə, fosil çıxarıldığı sahədən laboratoriyaya aparılmaq üçün qorunmalı və möhkəmləndirilməlidir. Bunun üçün istifadə olunan metodlardan biri kimyəvi yapışqanlarla fosili stabilləşdirməkdir. Böyük fosillərdə isə gips qəliblərdən istifadə olunur. Fosil daşınarkən risk altında olan hissələri nəm kağıza bükülür və sonra gipsə batırılır.

Bundan sonra fosilin bütün detallarının tam üzə çıxması üçün fosil təmizlənməlidir. Əgər fosil onu əhatə edən daşdan bərkdirsə, təmizləmə prosesi daha asan olur. Fosil daha yumşaq quruluşdadırsa, təmizlənmə üçün kimyəvi maddələrdən istifadə edilməlidir. Ən çox istifadə edilən metodlardan biri isə fosilin turşu ilə təmizlənməsidir. Beləliklə, fosilin bütün detalları üzə çıxır. Bəzi hallarda, xüsusilə, fosil çox həssas olduqda və onu əhatə edən süxurla eyni quruluşda olduqda rentgen şüaları və kompüter tomoqrafiyası cihazları vasitəsilə tədqiq olunur. Beləliklə, fosil yerindən çıxarılmadan əvvəl quruluşunun necə olduğu müəyyən edilir.