Həyatın Mənşəyi

Molekulyar biologiya və həyatın mənşəyi

Miller təcrübəsini əsassız edən dörd səbəb

Oxu müddəti: ~5 dəq.

Millerin ibtidai dünya mühitində aminturşuların öz-özünə əmələ gəldiklərini sübut etmək məqsədi ilə keçirdiyi təcrübə bir çox cəhətdən əsassızdır. Bunları belə sıralaya bilərik:

1) Miller təcrübəsində “soyuq tələ” (cold trap) adlı bir mexanizmdən istifadə edərək aminturşuları əmələ gəldikləri anda dərhal həmin mühitdən təcrid etmişdi. Çünki əks təqdirdə aminturşuları əmələ gətirən mühitin amilləri bu molekulları əmələ gəldikdən dərhal sonra məhv edəcəkdi.

Halbuki ibtidai dünya mühitində, əlbəttə, bu cür şüurlu mexanizmlər yox idi və bunlar olmadan hər hansı aminturşu əmələ gəlsə belə, bu molekullar eyni mühitdə dərhal parçalanacaqdılar. Kimyaçı Riçard Blissin bildirdiyi kimi, “bu soyuq tələ olmasa, kimyəvi məhsullar elektrik mənbəyi tərəfindən məhv ediləcəkdi”.255

Belə ki, Miller soyuq tələ yerləşdirmədən apardığı daha əvvəlki təcrübələrdə bircə aminturşu da əldə edə bilməmişdi.

2) Millerin təcrübəsində canlandırmağa çalışdığı ibtidai atmosfer mühiti həqiqi deyildi. 1980-ci illərdə alimlər ibtidai atmosferdə metan və ammonyak əvəzinə azot və karbon-dioksid olduğu haqqında ortaq fikrə gəldilər.

Bəs Miller nə üçün bu qazlar məsələsində israr etmişdi? Cavab sadədir: ammonyak olmadan heç bir aminturşunun sintezlənməsi mümkün deyil. Kevin Makkin “Discover” jurnalında dərc etdirdiyi məqalədə bu vəziyyəti belə izah edir:

Miller və Yuri dünyanın qədim atmosferini metan və ammonyakı qarışdıraraq süni şəkildə düzəltdilər… Lakin son elmi tədqiqatlarda o zamanlar dünyanın çox isti olduğu və ərimiş nikel ilə dəmirin qarışığından meydana gəldiyi məlum olmuşdur. Beləliklə, o dövrdəki kimyəvi atmosfer tərkibi daha çox azot, karbon-dioksid və su buxarından ibarət olmalıdır. Halbuki bunlar üzvi molekulların əmələ gəlməsi üçün ammonyak və metan qədər uyğun deyillər.256

Belə ki, amerikalı alimlər C.P.Ferris və Ç.T.Çen karbon-dioksid, hidrogen, azot və su buxarından ibarət qarışıqla Millerin təcrübəsini təkrar həyata keçirdilər və tək bir aminturşu molekulu da əldə edə bilmədilər.257

3) Millerin təcrübəsini əsassız edən digər mühüm cəhət də aminturşuların əmələ gəldiyi irəli sürülən dövrdə atmosferdə aminturşuların hamısını parçalayacaq sıxlıqda oksigen olması idi. Millerin görməzliyə vurduğu bu həqiqət yaşı 3,5 milyard il olan daşlardakı oksidləşmiş dəmir və uran qalıqları ilə məlum oldu.258

Oksigen miqdarının bu dövrdə təkamülçü nəzəriyyəçilərin iddia etdiklərindən çox fərqli olduğunu göstərən başqa tapıntılar da üzə çıxdı. Araşdırmalar o dövrdə dünya səthinə təkamülçülərin təxmin etdiklərindən 10 min dəfə çox ultrabənövşəyi şüalar çatdığını göstərdi. Bu sıx ultrabənövşəyi şüalar atmosferdəki su buxarı və karbon-dioksidi parçalayaraq oksigeni ayırır.

Millerin təcrübəsində təşkil etdiyi şəraitin əslində ibtidai dünya şərtləri ilə heç bir oxşarlığı yox idi.
Millerin təcrübəsində təşkil etdiyi şəraitin əslində ibtidai dünya şərtləri ilə heç bir oxşarlığı yox idi.

Bu vəziyyət oksigen nəzərə alınmadan keçirilmiş Miller eksperimentini tamamilə əsassız edirdi. Əgər təcrübədə oksigendən istifadə edilsəydi, metan karbon-dioksid və suya, ammonyak isə azot və suya çevriləcəkdi. Digər tərəfdən, oksigenin olmadığı mühitdə –hələ ozon təbəqəsi olmadığı üçün– ultrabənövşəyi şüualara birbaşa məruz qalan aminturşular dərhal parçalanacaqdı. Nəticədə, ibtidai dünyada oksigenin olması da, olmaması da aminturşular üçün məvhedici mühit deməkdir.

4) Miller eksperimenti nəticəsində canlıların quruluş və funksiyalarını pozan xüsusiyyətlərə malik çox miqdarda üzvi turşular da əmələ gəlmişdi. Aminturşular təcrid edilməyib bu kimyəvi maddələrlə eyni mühitdə qaldıqda isə onlarla kimyəvi reaksiyaya girərək parçalanacaq və müxtəlif birləşmələrə çevriləcəkdilər.

Bundan əlavə, təcrübə nəticəsində ortaya bol miqdarda sağ əlli aminturşu çıxmışdı.259 Ancaq bu aminturşuların varlığı belə təkamül nəzəriyyəsini öz məntiqi içində batırmaq üçün kifayət idi. Çünki sağ əlli aminturşular canlıların orqanizmində istifadə edilməyən aminturşulardır. Beləliklə, Millerin təcrübəsindəki aminturşuların əmələ gəldiyi mühit canlılar üçün əlverişli deyil, əksinə, meydana gələn yararlı molekulları parçalayan, yandıran turşu qarışığından ibarət idi.

Millerin özü də 1953-cü ildə apardığı təcrübənin həyatın mənşəyini izah edə bilmədiyini qəbul etdi.
Millerin özü də 1953-cü ildə apardığı təcrübənin həyatın mənşəyini izah edə bilmədiyini qəbul etdi.

Bütün bunların göstərdiyi yeganə konkret həqiqət var: Miller eksperimenti canlıların ibtidai dünya şərtləri daxilində təsadüfən meydana gəldiyini dəstəkləmir. Təcrübə aminturşu sintezləməyi hədəfləyən şüurlu və nəzarətli laboratoriya işidir. İstifadə edilən qazların növləri və faiz nisbətləri aminturşuların əmələ gəlməsi üçün ən ideal ölçülərdə müəyyən edilmişdir. Mühitə verilən enerjinin miqdarı nə əskik, nə də artıqdır, tamamilə lazımi reaksiyaların baş verməsini təmin edən şəkildə tənzimlənmişdir. Təcrübə aparatı ibtidai dünya şərtlərində mövcud olan hər hansı zərərli, məhvedici və ya aminturşunun əmələ gəlməsinin qarşısını alan ünsür ehtiva etməyəcək şəkildə izolyasiya edilmişdir. İbtidai dünyada mövcud olan və reaksiyaların gedişatını dəyişdirən heç bir element, mineral və ya birləşmə sınaq şüşəsinə qoyulmamışdır. Oksidləşmə səbəbi ilə aminturşuların varlığına mane olan oksigen bunlardan sadəcə biridir. Hazırlanan ideal laboratoriya şərtlərinə gəlincə, “soyuq tələ” (cold trap) adlı mexanizm olmadan aminturşuların eyni mühitdə parçalanmadan qalmaları mümkün deyil.

Əslində, Miller öz eksperimenti ilə təkamülün “həyatın şüursuz təsadüflər nəticəsində meydana gəlməsi” iddiasını təkzib etmişdir. Çünki təcrübə aminturşuların ancaq bütün şərtləri xüsusi şəkildə tənzimlənmiş laboratoriya mühitində, şüurlu müdaxilələrlə əldə edilə bildiyini göstərir.

Miller eksperimenti bəzi mənbələrdə hələ də mühüm elmi kəşf kimi göstərilsə də, əslində, təkamülçü dairələr tərəfindən müdafiə edilmir. Son illərdə qərbin elmi jurnallarında təcrübənin həyatın mənşəyini açıqlamaq baxımından bir məna ifadə etmədiyi bildirilir. Məsələn, 1998-ci ilin fevral ayında dərc edilən məşhur təkamülçü elmi jurnalı “Yer”dəki (Earth) “Həyat küpü” adlı məqalədə bu cümlələr işlədilir:

Bu gün Millerin ssenarisi şübhəylə qarşılanır. Bir səbəbi geoloqların ibtidai atmosferin, əsasən, karbon-dioksid və azotdan ibarət olduğunu qəbul etmələridir. Bu qazlar isə 1953-cü ildəki təcrübədə (Miller eksperimentində) istifadə edilənlərdən daha az aktivdirlər. Millerin fərz etdiyi atmosfer mövcud olsaydı belə, aminturşular kimi bəsit molekulları daha mürəkkəb birləşmələrə – zülallar kimi polimerlərə çevirəcək lazımi kimyəvi dəyişikliklər necə əmələ gələ bilərdi ki? Miller özü belə problemin bu yerində əllərini irəli uzadıb: “Bu bir problemdir, -deyərək dərindən ah çəkir, -polimerləri necə əmələ gətirəcəksiniz? Bu, o qədər asan deyil…”260

Göründüyü kimi, Millerin özü belə bu gün təcrübəsinin həyatın mənşəyini açıqlamaq baxımından bir məna ifadə etmədiyini anlayır. “National geographic”in 1998-ci il mart sayındakı “Yer üzündəki həyatın mənşəyi” adlı məqaləsində isə bu mövzuyla bağlı belə sətirlər yazılmışdır:

Bir çox alim bu gün ibtidai atmosferin Millerin irəli sürdüyündən fərqli olduğunu təxmin edir. İbtidai atmosferin hidrogen, metan və ammonyakdan çox karbon-dioksid və azotdan ibarət olduğunu düşünürlər. Bu isə kimyaçılar üçün pis xəbərdir! Karbon-dioksid və azotu reaksiyaya saldıqda əldə edilən üzvi birləşmələr olduqca dəyərsiz miqdardadır. Böyük üzmə hovuzuna atılan bir damla qida boyası ilə eyni nisbətdə olan sıxlığa bərabərdir… Alimlər bu qədər duru şorbada həyatın əmələ gəlməsini təsəvvür etməyi belə çətin hesab edirlər.261

Qısaca desək, nə Miller eksperimenti, nə də başqa heç bir təkamülçü səy yer üzündə həyatın necə əmələ gəlməsi sualını cavablaya bilmir. Bütün tədqiqatlar həyatın təsadüflərlə əmələ gəlməsinin qeyri-mümkün olduğunu sübut edir və beləliklə, həyatın yaradıldığını göstərir. Təkamülçülərin bu açıq həqiqəti qəbul etməmələri isə elmə tamamilə zidd ehkamlara malik olduqlarına görədir. Belə ki, Miller eksperimentini tələbəsi Stenli Miller ilə birlikdə təşkil edən Harold Yuri bu mövzu ilə bağlı belə etiraf edir:

Həyatın mənşəyi mövzusunu araşdıraraq nə qədər çox tədqiq etsək də, həyatın hər hansı bir yerdə təkamül keçirməyəcək qədər kompleks olduğu nəticəsinə gəlirik. (Ancaq) hamımız bir inanc kimi həyatın bu planetdə ölü maddədən təkamüllə əmələ gəldiyinə inanırıq. Lakin komplekslik o qədər böyükdür ki, necə təkamül keçirdiyini təsəvvür etmək belə bizim üçün çətindir.262

İstinadlar

  1. Richard B. Bliss & Gary E. Parker, Origin of Life, California: 1979, səh. 14. ↩
  2. Kevin McKean, Bilim ve Teknik, 189-cu say, səh. 7. ↩
  3. J. P. Ferris, C. T. Chen, “Photochemistry of Methane, Nitrogen and Water Mixture As a Model for the Atmosphere of the Primitive Earth”, Journal of American Chemical Society, cild 97:11, 1975, səh. 2964. ↩
  4. “New Evidence on Evolution of Early Atmosphere and Life”, Bulletin of the American Meteorological Society, cild 63, oktyabr 1982, səh. 1328-1330. ↩
  5. Richard B. Bliss & Gary E. Parker, Origin of Life, California, 1979, səh. 25. ↩
  6. Earth, “Life’s Crucible”, fevral 1998, səh. 34. ↩
  7. National Geographic, “The Rise of Life on Earth”, mart 1998, səh. 68. ↩
  8. W. R. Bird, The Origin of Species Revisited, Nashville: Thomas Nelson Co., 1991, səh. 325. ↩