Oxu müddəti: ~4 dəq.
Neandertallar (Homo sapiens neanderthalensis) bundan 100 min il əvvəl Avropada birdən-birə üzə çıxmış və təxminən 35 min il əvvəl sürətlə və səssiz şəkildə yox olmuş və ya digər irqlərlə qarışaraq assimilyasiyaya uğramış insanlardır. Müasir insandan yeganə fərqi skeletlərinin bir qədər daha güclü və kəllə sümüyü ölçülərinin orta hesabla daha çox olmasıdır.

Neandertallar insan irqidir və bu gün bu həqiqət hər kəs tərəfindən qəbul edilir. Bəzi təkamülçü paleoantropoloqlar bu insanları uzun zaman “ibtidai növ” qəbul edirdi, lakin kəşflər neandertal insanının bu gün küçədə gəzən hər hansı “cüssəli” insandan fərqli olmadığını göstərir. Bu mövzuda Nyu Mexiko Universitetindən məşhur paleoantropoloq Erik Trinkaus belə yazır:
“Neandertal fosilləri və müasir insan sümükləri arasında aparılan müqayisələr göstərir ki, neandertalların anatomiyasında və ya hərəkət, alətlərdən istifadə, zəka səviyyəsi və ya nitq qabiliyyəti kimi xüsusiyyətlərində günümüzdəki insanlardan zəif sayılan heç bir şey yoxdur.203
Bu səbəbdən hal-hazırda bir çox tədqiqatçı neandertal insanını dövrümüzdəki insanın yarımnövü təyin edərək Homo sapiens neanderthalensis adlandırır.
Digər tərəfdən, fosil tapıntıları neandertalların mütərəqqi mədəniyyətə malik olduğunu da göstərir. Bunun ən maraqlı nümunələrindən biri neandertal insanları tərəfindən düzəldilmiş fosilləşmiş fleytadır. Ayının bud sümüyündən düzəldilmiş bu fleyta arxeoloq İvan Turk tərəfindən 1995-ci ilin iyulunda Sloveniyanın şimalında bir mağaradan tapılmışdır. Daha sonra isə musiqişünas Bob Fink fleytanı təhlil etmişdir. Fink karbon testinə əsasən, 43.000-67.000 il yaşı olduğu deyilən bu alətin 4 notdan ibarət olduğunu və fleytada yarımtonlar və tam tonların olduğunu təsbit etmişdir. Bu kəşf neandertalların müasir musiqi mədəniyyətinin əsası olan yeddi notdan istifadə etdiklərini göstərir. Fleytanı tədqiq edən Fink “qədim fleytanın üzərindəki ikinci və üçüncü dəliklər arasındakı məsafənin üçüncü və dördüncü dəliklər arasındakı məsafənin iki misli” olduğunu da ifadə edir. Bu isə göstərir ki, birinci məsafə tam notu, ona qonşu olan məsafə isə yarımnotu təmsil edir. “Bu üç not inkaredilməz şəkildə diatonik ölçmədəki kimi səs çıxarır”, -deyən Fink neandertalların musiqi zövqü və biliyi olan insanlar olduğunu ifadə edir.204
Digər bəzi fosil kəşfləri də neandertalların ölüləri basdırdıqlarını, xəstələrə baxdıqlarını, boyunbağı və digər bəzək əşyalarından istifadə etdiklərini göstərir.205
Digər tərəfdən, qazıntılar əsnasında neandertal insanları tərəfindən istifadə edildiyi müəyyən olunan 25 min illik tikiş iynəsi də tapılmışdır. Sümükdən düzəldilmiş bu iynə düzdür və sapın keçirilməsi üçün açılmış dəliyə malikdir.206 Əlbəttə, tikiş iynəsinə ehtiyacı olan, geyim mədəniyyətinə malik olan insanlar “ibtidai” sayıla bilməz.

Neandertalların alət düzəltmə qabiliyyəti ilə bağlı Nyu-Meksiko Universitetindən antropologiya və arxeologiya professoru Stiven L.Kun və Meri C.Stiner tədqiqat aparmışlar. Hər iki alimin təkamül nəzəriyyəsini müdafiə etməsinə baxmayaraq, apardıqları arxeoloji araşdırmalar və təhlillər İtaliyanın cənub-qərb sahilindəki mağaralarda min illərlə yaşamış neandertalların müasir insan kimi kompleks düşüncə tələb edən fəaliyyətlərlə məşğul olduğunu göstərir.207

Kun və Stiner bu mağaralarda müxtəlif alətlər tapmışdılar. Nizə ucları da daxil olmaqla bütün tapıntılar iti uclu kəsici alətlərdir və çaxmaq daşının kənarlarındakı təbəqələrin yonulmasıyla düzəldilmişdir. Şübhəsiz, daşları yonaraq bu cür alətlər düzəltmək zəka və bacarıq tələb edir. Bu prosesdəki ən əsas problemlərdən biri təzyiq nəticəsində qayaların ucunda əmələ gələn qırılmalardır. Buna görə işi icra edən adam növbəti dəfə ucları qorumaq üçün “nə qədər vurmalıyam” və ya əyri bir alət düzəldirsə, “nə qədər əyməliyəm” deyə qərar vermək və öz-özlüyündə dəqiq hesablama aparmaq məcburiyyətindədir.

Kaliforniya Universitetindən Marqaret Konki hətta neandertallardan əvvəlki dövrlərə aid olan alətlərin də nə etdiklərinin şüurunda olan ağıllı cəmiyyətlər tərəfindən düzəldildiyini belə izah edir:
“Arxaik insanların əlləri ilə düzəltdikləri alətlərə baxsanız, onların naşı əl işləri olmadığını görərsiniz. Arxaik insanlar istifadə etdikləri vasitələrin nə olduğunun və nə cür bir dünyada yaşadıqlarının şüurundadırlar”.208
Bir sözlə, elmi kəşflər neandertalların zəka və mədəniyyət cəhətdən bizdən fərqi olmayan insan irqi olduğunu göstərir. Bu irq digər irqlərlə qarışıb assimilyasiyaya uğrayaraq və ya naməlum şəkildə tarix səhnəsindən çıxmışdır. Amma əsla “ibtidai”, “yarımeymun” və s. deyil.
İstinadlar
- Erik Trinkaus, “Hard Times Among the Neanderthals”, Natural History, cild 87, dekabr 1978, səh. 10; R. L. Holloway, “The Neanderthal Brain: What Was Primitive”, American Journal of Physical Anthropology Supplement, cild 12, 1991, səh. 94. ↩
- “Early Music”, Science, 1997, 276 (5310): 203–205; Fink, Bob, “NEANDERTHAL FLUTE: Oldest Known Musical Instrument Plays Notes of Do, Re, Mi Scale”, http://www.greenwych.ca/fl-compl.htm ↩
- Ralph Solecki, Shanidar: The First Flower People, Knopf: New York, 1971, səh. 196; Paul G. Bahn and Jean Vertut, Images in the Ice, Leichester: Windward, 1988, səh. 72. ↩
- D. Johanson, B. Edgar, From Lucy to Language, səh. 99, 107. ↩
- S. L. Kuhn, “Subsistence, Technology and Adaptive Variation in Middle Paleolithic Italy”, American Anthropologist, cild 94, no. 2, 1992, səh. 309-310. ↩
- Roger Lewin, Modern İnsanın Kökeni, Tübitak Popüler Bilim Kitapları: Ankara, 1997, səh. 169. ↩
