Oxu müddəti: ~3 dəq.
Bundan əvvəlki fəsillərdə biz həyatın təsadüfən yarana bilməyəcəyinə əmin olduq. Fərz edək ki, bu, mümkündür; fərz edək ki, milyonlarla il bundan əvvəl özünü yaşamaq üçün hər cür maddə və orqanlarla təmin edən hüceyrə əmələ gəlib. Amma buna baxmayaraq təkamül nəzəriyyəsi yenə də süquta uğrayır: hətta bu hüceyrə müəyyən bir zaman yaşasa da son nəticədə özündən sonra heç bir canlı qoymadan məhv olacaq və bu vəziyyətdə hər şey yenidən başlanmalıdır. Çünki genetik sistemi olmayan bu birinci hüceyrə çoxala bilməz. Ölmüş hüceyrə özündən sonra yeni nəsli meydana gətirə bilməyəcək və onun ölümü ilə həyat da yox olacaq.
Genetik sistemin tərkibi öz növbəsində yalnız DNT-dən ibarət deyil. Eyni mühitdə DNT-nin şifrəsini oxuya bilən fermentlərin, DNT-dəki məlumata əsasən sintezləşən RNT-nin, amin turşularının sintezi üçün zəruri olan RNT-dəki məlumatla birlikdə birləşəcək ribosomun və eyni zamanda çoxsaylı ara keçid proseslərini katalizator qismində sürətləndirən digər analoji kompleks fermentlərin mövcudluğu zəruridir. Bundan əlavə, analoji şərtlər ancaq hüceyrə kimi təcrid olunmuş, nəzarət altında olan və içində bütün zəruri maddələrin, enerjinin mövcud olduğu şərtlərdir.
Bir sözlə, üzvi maddə ancaq bütün orqanellara malik olan hüceyrə şəklində mövcud olduğu təqdirdə çoxala bilər. Bu da o deməkdir ki, kompleks strukturu olan hüceyrə planetimizdə bir anda yaranıb. Yaxşı, əgər bu cür kompleks struktur bir anda yaranıbsa, bu, nə anlama gəlir? Belə bir misalı müzakirə edək: hüceyrəni ən müasir texnologiya ilə hazırlanmış avtomobilin mürəkkəbliyi nöqteyi-nəzərindən müqayisə edək (Əslində avtomobilin mühərrikinə və texniki təchizatına baxmayaraq hüceyrə avtomobildən daha mürəkkəb bir sistemə malikdir). Özümüzə bir sual verək. Əgər biz bir meşənin içinə girsək və orada, ağacların arasında bir müasir tipli avtomobil görsək, nə düşünərik? Bəlkə siz düşünərsiniz ki, milyonlarla illər ərzində meşədə müxtəlif elementlər təsadüfən birləşərək avtomobili meydana gətirib. Avtomobilin bütün xammalı - dəmir, plastik kütlə, kauçuk və s. torpaq qatından əldə olunur. Belə bir halda siz düşünə bilərsinizmi ki, bu xammallar təsadüfən əmələ gəlib, bir yerə toplanıb və nəticədə avtomobili meydana gətiriblər?
Təbii ki, hər bir normal şüurlu insan düşünər ki, avtomobil şüurlu şəkildə layihələşdirilib, fabrikdə istehsal edilib və ən nəhayət, onun meşəyə necə düşdüyü barədə maraqlanar. Çünki kompleks strukturun bir anda, həm də vahid bir tam şəklində əmələ gəlməsi onun şüurlu olaraq yaradıldığına işarədir. Eynilə mürəkkəb quruluşu olan hüceyrə də Ali Şüurun və Qüdrətin sahibi olan Allahın xilqətidir.
Təkamülçülər təsadüflərin heyrətamiz layihələri qura biləcəyinə inanaraq əslində məntiqə və elmə zidd gedirlər. Məşhur fransız zooloqu, Fransa Elmlər Akademiyasının keçmiş sədri Pyer Qrasse bu mövzuda səmimidir. Qrasse materialistdir, fəqət, o, etiraf edir ki, Darvin nəzəriyyəsi canlı həyatın necə əmələ gəldiyini izah edə bilmir. Qrasse darvinizmin əsası olan "təsadüf" haqqında belə deyir
"Uğurlu mutasiyaların bitki və heyvanlar üçün zəruri olan her şeyi təmin etməsinə inanmaq çox çətindir, amma darvinizm bundan daha artığını tələb edir. Ancaq bir bitki, bir canlı faydalı təsadüflərdən minlərlə dəfə təsirlənməlidir. Yəni möcüzələr adi qanunlara çevrilməli və mümkün olmayan bütün hadisələr həyata keçməlidir. Xəyala dalmağı qadağan edən heç bir qanun yoxdur, amma elmi bura qarışdırmaq olmaz".125
Qrasse "təsadüf" anlayışının mənasını təkamülçülər üçün belə izah edir: "Ateizm şəklində olan təsadüf gizli olaraq ibadət edilən Tanrıya çevrilib".126
Təkamülçülərin məntiqsizliyi onların təsadüf anlayışını ilahiləşdirməsindən irəli gəlir. Allahdan qeyrisinə ibadət edən insanların şüursuz olduğu barədə Quranda belə deyilir:
"...Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!" ("Əraf" surəsi, 179).
