Oxu müddəti: ~3 dəq.
Bura qədər bildirilənlərdən aydın olduğu kimi, 19-cu əsrdə ortaya çıxan mərhəmətsiz kapitalistlər tətbiqlərini darvinizmə əsaslandırmışlar. Yalnız güclü və zəngin olanların yaşamaq haqqı olduğunu müdafiə edən və kasıb, zəif, şikəst və xəstələrin “işə yaramaz yük” olduqlarını və dolayısilə, mümkün olduğu qədər istismar edilmələrinin lazım olduğunu iddia edən darvinist kapitalistlər 19-cu əsrdən etibarən bir çox ölkədə zülm sistemi qurmuşlar. Bu mərhəmətsiz rəqabət mühitində insanları əzmək, qorxutmaq, yaralamaq, hətta öldürmək belə qanuni sayılmış, hər cür əxlaq və qanun xarici hərəkət “təbiətin qanunlarına uyğun” sayıldığı üçün qarşısı alınmamış və ya qınanmamışdır.
Bu sistem dövrümüzdə də din əxlaqının yaşanmadığı bir çox ölkədə davam edir. Zənginlə kasıbın arasındakı fərqin gedərək artan bir sürətlə çoxaldığı bu ölkələrdə ehtiyac içində olan insanların yaşadığı şərtlər görməməzlikdən gəlinir. Sosial darvinizmin batil təlqinlərinə görə, kasıbların qorunması və onlara baxılması təbiət qanunlarına zidd qəbul edildiyi və bu insanlar cəmiyyətə yük olaraq görüldükləri üçün, düşkünlərə və kasıblara kömək əli uzadılmır.
Yalnız bir ölkədəki insanların rifah səviyyəsi deyil, ölkələr arası rifah səviyyəsi də böyük fərqliliklər göstərir. Xüsusilə qərb ölkələrində rifah səviyyəsi gedərək artarkən, bir çox üçüncü dünya ölkəsində aclıq, xəstəlik, səfalət və yoxsulluq hökm sürür, insanlar baxımsızlıqdan və aclıqdan ölürlər. Halbuki, ağıllı və vicdanlı şəkildə istifadə edildiyi təqdirdə dünyanın qaynaqları bütün insanlara rifah təmin etməyə çatacaq qədər boldur.
Dünya qaynaqlarından ədalətli şəkildə istifadə edilməsi, kasıb və baxıma möhtacların, aclığa və yoxsulluğa tərk edilənlərin insani şərtlərdə yaşamalarının təmin edilməsi üçün darvinizmin bütün dünyadakı fikri təsirinin yox edilməsi şərtdir. Darvinist görüş və anlayışın yerini Quran əxlaqını mənimsəyən bir anlayış aldığında bu cür problemlər təbii olaraq həll edilər. Çünki sosial darvinizm zəiflərin əzilməsini, “böyüklərin kiçikləri udmasını”, mərhəmətsiz rəqabəti insanlara təlqin edərkən din əxlaqında mərhəmət, qoruma, köməkləşmə, həmrəylik, paylaşma vardır. Məsələn, Peyğəmbər əfəndimiz (s.ə.v.) bir hədisi-şərifində: “Yanındakı qonşusu ac ikən tox yatan adam (yetkin) mömin deyil”, -buyurur.36 Peyğəmbər əfəndimizin (s.ə.v.) bu hikmətli sözləri müsəlmanların şəfqət və mərhəmətlərinin göstəricilərindən biridir.
Allah bir çox ayəsində insanlara sevgi, mərhəmət, şəfqət və fədakarlığı əmr etmiş, müsəlmanların gözəl əxlaqlarından nümunələr vermişdir. Sosial darvinizmdə varlı olanların yoxsulları və möhtacları əzməsi, onların üzərinə basaraq yüksəlməsi kimi bir zülm olduğu halda, İslam əxlaqında varlı olanların möhtac olanları qorumaları əmr edilir. Rəbbimizin bu mövzuda bildirdiyi ayələrdən bəziləri belədir:
Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrəbaya, miskinlərə və Allah yolunda hicrət edənlərə verməyəcəklərinə and içməsinlər. Əfv edib, vaz keçsinlər… (Nur surəsi, 22)
Səndən nə verəcəkləri haqqında soruşanlara söylə: “Verəcəyiniz şey ata-anaya, qohumlara, yetimlərə, miskinlərə və müsafirə məxsusdur…” (Bəqərə surəsi, 215)
… Onlardan özünüz də yeyin, biçarə yoxsullara da yedirdin! (Həcc surəsi, 28)
O kəslər ki, daim namaz qılarlar; O kəslər ki, onların mallarında müəyyən bir haqq vardır -dilənən və məhrum olan kimsə üçün; (Məaric surəsi, 23-25)
Onlar öz iştahaları çəkdiyi halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Deyərlər:) “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik. Həqiqətən, biz Rəbbimizdən, çox sərt, cətin gündən qorxuruq!” (İnsan surəsi, 8-10)
Allah Quranda yoxsula və zəifə kömək etməyənlərin cəhənnəmlə qarşılıq görəcəklərini də bildirir:
Günahkarlar barəsində: “Sizi Səqərə salan nədir?” Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik; Yoxsulu da yedirtməzdik”. (Muddəssir surəsi, 41-44)
Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın! Çünki o, böyük olan Allaha inanmırdı. O, yoxsulu yedirtməyə rəğbət oyatmırdı. Bu gün bax burda onun yaxın bir dostu yoxdur. (Haqqə surəsi, 32-35)
Bu əhəmiyyətli həqiqəti unutmaq olmaz: hər kəsə qazancını və müvəffəqiyyətini verən, bütün varlığın sahibi və bütün kainatın hakimi olan uca Allahdır. Bir insan “həyat mübarizəsində” var gücü ilə rəqabət etdiyi, gücsüzləri əzərək gücləndiyi üçün zəngin olmaz. Hər insana bütün mal varlığını verən Allahdır. Allah zənginliyi insanlar arasında onları sınamaq üçün paylayır. Zəngin bir insan həqiqətdə bu mal varlığı ilə sınanır. Allah bir ayəsində bu həqiqəti belə bildirir:
Biz yer üzündə olanları onun üçün bir zinət yaratdıq ki, onlardan hansının daha gözəl əməl sahibi olduğunu yoxlayıb ayırd edək. (Kəhf surəsi, 7)
Bu durumda insana düşən məsuliyyət Allahın özünə nemət olaraq verdiyi bütün imkanları Allahın özündən razı olacağı şəkildə ən gözəli ilə qiymətləndirməkdir. Səmimi olaraq iman edən insan sahib olduğu hər cür imkanın Allahın bir lütfü olduğu, Rəbbimiz dilədiyi təqdirdə sahib olduğu hər şeyi özündən ala biləcəyi kimi, istəyərsə, daha çoxunu da verə biləcəyinin düşüncəsi ilə hərəkət etməlidir.
İstinadlar
- Ibn Ebi Şeybe, Kitabü’l-İman (neşr:el-bani) s.33; El-Bânî, Silsiletü’l-ehâdisis’sahîha, I, 69-71; Hakim ve Beyhaki, 250, H.no:190. ↩
