Həyatın Mənşəyi

Darvinin ardıcılları – “oğru baronlar”

Giriş

Oxu müddəti: ~3 dəq.

19-CU ƏSRİN sonlarında başlayan və günümüzə qədər davam edən bir çox təhlükəli fikir cərəyanının, ideologiya və tətbiqin arxasında darvinizmin olması son dərəcə maraqlıdır. Darvinizm bir-birinə zidd qütblərdəki ideologiyaların da əsas dayaq nöqtəsini meydana gətirir. Nasizm, faşizm və kommunizmin ortaya çıxıb yayılmasında, irqçi və kommunist qətliamların guya qanuniləşdirilməsində əhəmiyyətli rol oynayan darvinizm vəhşi kapitalizmin də dırnaqarası elmi əsasını meydana gətirmişdir. Xüsusilə Viktoriya dövrünün İngiltərəsində və “oğru baronlar” olaraq adlandırılan bəzi mərhəmətsiz kapitalistlərin Amerikasında darvinizm kapitalizmin amansız yönünə verdiyi dəstək səbəbi ilə böyük rəğbət görmüş və gücləndirilmişdir.

Vəhşi kapitalizmin ən əhəmiyyətli xüsusiyyəti daha zəif müəssisələrin və zəif insanların heç bir məhdudlaşdırma olmadan əzilməsi, istismar edilməsi və yox edilməsi yanılmasıdır. Heç şübhəsiz, bu, böyük zalımlıq və mərhəmətsizlikdir və heç bir şəkildə qəbul edilə bilməz. Dövrümüzdə bu yanılma “böyük balıq kiçik balığı udur” məsəli ilə ifadə edilir. Yəni kiçik müəssisələr daim böyük müəssisələr tərəfindən ortadan qaldırılır. Bu, darvinizmin iş dünyasına uyğunlaşdırılmasıdır.

Bunu təhlil edərkən bəzi məlumatları dəqiqləşdirmək yerinə düşər. 20-ci əsrdə dünyada xüsusilə iki fərqli iqtisadi model təcrübə edilmişdir: 1. Xüsusi mülkiyyət və sərbəst sahibkarlığa əsaslanan liberal iqtisadiyyat; 2. Dövlət mülkiyyətinə və planlı iqtisadiyyata əsaslanan sosial iqtisadiyyat. Dünyanın hər yerində sosial iqtisadiyyatlar müvəffəqiyyətsizliyə uğramış, cəmiyyətlərə kasıblıq və səfalət gətirmişdir. Liberal iqtisadiyyat isə mübahisəsiz şəkildə müvəffəqiyyət göstərmiş, cəmiyyətlərə və fərdlərə daha çox rifah gətirmişdir.

Ancaq liberal iqtisadiyyat cəmiyyətin ümumisinə rifah gətirmək üçün təkbaşına kafi deyil. Liberal iqtisadiyyat sayəsində çox vaxt cəmiyyətdəki ümumi iqtisadi səviyyə yüksələr, amma cəmiyyətin hamısı bu yüksəlişdən payını almaz. Cəmiyyətin bir qismi kasıb olaraq qalar və sosial ədalətsizlik təhlükəsi baş verər. Odur ki, bu təhlükənin qarşısının alınması və sosial ədalətsizliyin ortadan qaldırılması üçün iki şey mühümdür:

  1. Dövlətin “sosial dövlət” anlayışının gərəyi kimi kasıblara, düşkün və işsizlərə sahib çıxması. Onların faydası üçün tənzimləmələr etməsi.
  2. Cəmiyyətin daxilində din əxlaqının gərəyi olan “köməkləşmə və həmrəylik” duyğularının hakim olması.

Bu iki maddədən xüsusilə ikincisi həyatidir, çünki birinci maddəni (yəni dövlətlərin anlayışını) təyin edən nəticədə cəmiyyətlərin təmayülləridir. Əgər bir cəmiyyət güclü dini və əxlaqi dəyərlər səbəbi ilə sosial ədalətə əhəmiyyət verərsə, o cəmiyyətdə tətbiq olunan liberal iqtisadiyyat həm iqtisadi inkişaf, həm də sosial ədalət gətirər. Zənginlər əldə etdikləri sərvətin bir qismini kasıblara kömək etmək, zəiflərə dəstək verməyə yönələn sosial proqramlar təşkil etmək üçün istifadə edərlər. (Necə ki, Allahın Quranda bildirdiyi iqtisadiyyat modeli də bu şəkildədir. İslamiyyətdə xüsusi mülkiyyət vardır, amma mülk sahibləri kasıblara kömək etməklə, mallarının bir qismini zəkat və sədəqə şəklində, ehtiyac sahiblərinə kömək üçün istifadə etməklə öhdəlik daşıyırlar.)

Əgər bir cəmiyyətin əxlaqi dəyərləri degenerasiya olmuşsa, onda liberal iqtisadiyyat kasıb və düşkünlərin heç bir kömək görmədiyi, əksinə, əzildiyi, hər hansı bir sosial kömək proqramının olmadığı, sosial ədalətsizliyin bir problem deyil, təbii bir vəziyyət olaraq görüldüyü vəhşi kapitalizmə çevrilər.

Burada təhlil edəcəyimiz iqtisadiyyat modeli də liberal iqtisadiyyat, yəni xüsusi mülkiyyət və rəqabətə əsaslanan sərbəst iqtisadi model deyil, vəhşi kapitalizmdir.

Vəhşi kapitalizmin ilham qaynağı növbəti səhifələrdə yazdığımız kimi, sosial darvinizmdir.

Darvinist tətbiqi iş dünyasına ilk gətirənlər Amerikada “oğru baronlar” olaraq adlanan bir çevrə idi. Oğru baronlar darvinizmə inanırdılar və darvinizmin “ən uyğun olanlar həyatda qalır” iddiasının öz mərhəmətsiz tətbiqlərini sözdə qanuniləşdirdiyini zənn edirdilər.18 Nəticə isə iş dünyasında cinayətlərə qədər gedən amansız rəqabətin başlaması oldu. Oğru baronların tək hədəfi daha çox pul və güc qazanmaq idi. Cəmiyyətin rifahı ilə heç maraqlanmır, hətta öz işçilərinə belə dəyər vermirdilər. Darvinizmin iqtisadiyyata girməsi ilə milyonlarla insanın həyatı məhv oldu. Son dərəcə aşağı əmək haqları, çox ağır iş şərtləri, uzun iş saatları və heç bir təhlükəsizlik tədbirinin olmamağı işçilərin xəstələnməsinə, zədələnməsinə və hətta ölməsinə səbəb olurdu.

İstinadlar

  1. Matthew Josephson, The Robber Barons, New York, Harcourt and Brace, 1934 ↩