Oxu müddəti: ~2 dəq.
Təkamülçülərin “özünütəşkiletmə” məfhumu ilə müdafiə etdikləri iddia cansız maddənin öz-özünü nizamlayıb, təşkil edib kompleks canlı varlıq meydana gətirəcəyinə əsaslanan inancdır. Bu, tamamilə elmə zidd inancdır. Çünki bütün müşahidə və təcrübələr maddənin belə bir qabiliyyətinin olmadığını göstərir. Məşhur ingilis astronom və riyaziyyatçı prof. Fred Hoyl maddənin öz-özünə həyatı əmələ gətirə bilməyəcəyini belə bir nümunə ilə izah edir:
Əgər həqiqətən, maddənin içində onu həyata təşviq edən daxili prinsip olsaydı, bunu laboratoriyada asanlıqla göstərməliydi. Məsələn, bir tədqiqatçı ibtidai şorbanı təmsil edən üzmə hovuzundan təcrübə üçün istifadə edə bilərdi. Belə bir hovuzu istədiyiniz hər cür cansız kimyəvi maddə ilə doldurun. Ona istədiyiniz hər cür qazı pompalayın və ya üzərinə hər cür radiasiyanı verin. Bu təcrübəni bir il boyu davam etdirin və (həyat üçün lazımlı olan) 2000 fermentdən neçəsinin sintezləndiyini yoxlayın. Mən sizə cavabı indidən verim və bu təcrübəyə vaxtınızı sərf etməyin: əsla heç bir şey tapa bilməzsiniz, bəlkə, bir neçə aminturşu və digər bəsit kimyəvi maddələr əmələ gələr.380
Təkamülçü bioloq Endrü Skott isə eyni həqiqəti belə qəbul edir:
Bir az maddə götürün, qarışdırın, isidin və gözləyin. Bu, həyatın mənşəyinin müasir versiyasıdır. Yerin cazibə qüvvəsi, elektromaqnetizm, zəif və güclü nüvə qüvvələri kimi “əsas” güclər işin ardını həll edəcəkdir… Bəs bu hekayənin nə qədəri tutarlı dəlillərə əsaslanır və nə qədəri ümid üzərində qurulmuş fərziyyələrdir? Əslində, ilk kimyəvi maddələrdən canlı hüceyrələrə qədər gedən mərhələlərin bütün mexanizmləri ya mübahisə mövzusudur, ya da tamamilə qaranlıq içindədir.381
Bəs təkamülçülər nə üçün hələ də “maddənin özünütəşkiletməsi” kimi qeyri-elmi ssenarilərə inanırlar? Nə üçün canlı sistemlərdə açıq-aşkar görünən şüuru və yaradılışı inkar etmək üçün bu qədər israr edirlər?
Bu sualların cavabı təkamül nəzəriyyəsinin əsl təməli olan materialist fəlsəfədə gizlənmişdir. Materialist fəlsəfə ancaq maddənin varlığını qəbul edir, bu təqdirdə canlılara da ancaq maddəyə əsaslanan açıqlama gətirməlidir. Nə qədər elmə zidd olsa da, təkamül nəzəriyyəsi buna görə irəli sürülmüşdür və sırf bunun üçün müdafiə edilir. Nyu-York Universitetində kimya professoru və DNT mütəxəssisi olan Robert Şapiro təkamülçülərin “maddənin özünütəşkiletməsi” ilə bağlı inanclarını və bunun kökündə duran materialist doqmanı belə açıqlayır:
Bizi bəsit kimyəvi maddələrin mövcud olduğu qarışıqdan ilk aktiv replikatora (DNT və ya RNT-yə) daşıyan təkamül xarakterli prinsipə ehtiyacımız var. Bu prinsip “kimyəvi təkamül” və ya “maddənin özünütəşkiletməsi” (self organization) adlandırılır. Amma əsla hərtərəfli şəkildə tərif edilməmiş və ya varlığı sübut edilməmişdir. Belə bir prinsipin varlığına dialektik materializmə bağlılıq xatirinə inanırlar.382
Əvvəldən bəri təhlil etdiyimiz həqiqətlər isə termodinamika sahəsində də təkamülün qeyri-mümkünlüyünü və praktiki elmə qarşı dirçəldilməyə çalışılan doqma olduğunu açıq şəkildə ortaya qoyur.
