Oxu müddəti: ~2 dəq.
Görəsən, keçid forma fosillərinin yoxluğu qarşısında Darvinin 140 il əvvəl müdafiə etdiyi “keçid formalar indi yoxdur, amma yeni tədqiqatlarla tapıla bilər” arqumenti hələ də etibarlıdır? Başqa sözlə, aparılan bütün fosil tədqiqatlarının nəticəsinə baxaraq keçid formalarının, əslində, heç vaxt yaşamadıqları qəbul edilməlidir, yoxsa yeni araşdırmaların nəticələri gözlənilməlidir?
Bu suala veriləcək cavabı, əlbəttə, əlimizdəki fosil qeydlərinin zənginliyi müəyyən edir. Paleontoloji faktlara baxdıqda isə fosil qeydlərinin həddindən artıq zəngin olduğunu görürük. Dünyanın müxtəlif bölgələrindən əldə edilmiş milyardlarla fosil nümunəsi var.48 Bu fosillərə baxaraq 250 min müxtəlif canlı növü müəyyən edilmişdir və bunlar hal-hazırda yaşayan 1.5 milyon növə həddindən artıq bənzərdir49 (hal-hazırda yaşayan bu 1,5 milyon növün 1 milyonu həşəratlardır). Bu qədər zəngin fosil mənbəyinə baxmayaraq, heç bir keçid forma tapılmasa da, yeni qazıntılarda keçid formaların tapılacağı mümkün hesab edilir.
Qlazqo Universitetindən paleontologiya professoru T.Nevill Corc bu həqiqəti illər əvvəl belə qəbul etmişdir:
Fosil qeydlərinin kasadlığı üçün üzr istəməyə artıq ehtiyac yoxdur. Fosil qeydləri həddindən artıq zəngindir… buna baxmayaraq, hələ də heç bir dəlil müəyyən edilməmişdir.50
Amerika Təbiət Tarixi Muzeyinin direktoru, məşhur paleontoloq Nils Eldric isə Darvinin “fosil qeydləri kifayət etmir, keçid formaları ona görə tapa bilmirik” iddiasının əsassız olduğunu belə açıqlayır:
Bütün dəlillər fosil qeydlərinin ortaya qoyduğu nəticənin doğru olduğunu göstərir: (Fosil qeydlərində) gördüyümüz boşluqlar həyat tarixindəki həqiqi hadisələri əks etdirir, bunlar fosil məcmusunun kifayət etməməsinin nəticəsi deyil.51
Robert Uesson isə 1991-ci ildə nəşr olunan “Təbii seçmədən kənar” (Beyond natural selection) adlı kitabında “fosil qeydlərindəki boşluqların həqiqi və faktiki” olduğunu belə açıqlayır:
Fosil qeydlərindəki boşluqlar həqiqətdir. Hər hansı (təkamül xarakterli) törəməni göstərən qeydlərin yoxluğu son dərəcə açıqdır. Növlər, əsasən, çox uzun zaman kəsikləri ərzində sabit qalmışlar. Növlər və xüsusilə cinslər heç vaxt yeni bir növə və ya cinsə doğru təkamül keçirməmişlər. Bunun əvəzinə, bir növ və ya cinsin digəri ilə yerdəyişməsi müşahidə edilmişdir. Dəyişiklik isə, əsasən, ani surətdə baş verir.52






Bu vəziyyət təkamül nəzəriyyəsinin 140 ildən bəri irəli sürdüyü “keçid forma fosilləri tapılmamışdır, amma sonradan tapıla bilər” arqumentinin artıq əsassız olduğunu göstərir. Fosil qeydləri canlıların mənşəyini anlamaq üçün kifayət qədər zəngindir və qarşımıza konkret faktlar qoyur: fərqli canlı növləri aralarında təkamül xarakterli “keçid formaları” olmadan yer üzündə bir anda və fərqli formaları ilə ayrı-ayrı meydana gəlmişlər.



İstinadlar
- Duane T. Gish, Evolution: Fossils Still Say No, CA, 1995, səh. 41. ↩
- David Day, Vanished Species, Gallery Books, New York, 1989. ↩
- T. Neville George, “Fossils in Evolutionary Perspective”, Science Progress, cild 48, yanvar 1960, səh. 1, 3. ↩
- N. Eldredge and I. Tattersall, The Myths of Human Evolution, Columbia University Press, 1982, səh. 59. ↩
- R. Wesson, Beyond Natural Selection, MIT Press, Cambridge, MA, 1991, səh. 45. ↩
