Oxu müddəti: ~2 dəq.

Bəs on illərlə cəmiyyətin şüuruna yerləşən “təkamül-paleontologiya” əlaqəsi haradan gəlir? Nə üçün bir çox insan fosil qeydlərindən bəhs edilərkən bu qeydlər ilə Darvinin nəzəriyyəsi arasında müsbət əlaqə təsəvvürünə qapılır? Bu sualların cavabı məşhur “Science” (Elm) elmi jurnalındakı bir məqalədə belə açıqlanır:
Təkamül biologiyası və paleontologiya sahələrindən kənarda qalan çox sayda ali təhsilli elm xadimi, təəssüf ki, fosil qeydlərinin darvinizmə çox uyğun olduğu səhv fikrinə düşmüşdür. Bu, böyük ehtimalla, ikinci dərəcəli mənbələrdəki həddindən artıq sadələşdirmədən qaynaqlanır; aşağı səviyyəli dərsliklər, yarı-populyar məqalələr və s. Digər tərəfdən, böyük ehtimalla, bir az tərəfli düşüncə də araya girir. Darvindən sonrakı illərdə onun tərəfdarları bu istiqamətdə (fosillər sahəsində) irəliləyiş əldə etməyə ümid bəsləmişlər. Bu irəliləyiş əldə edilməmiş, lakin yenə də müsbət yönlü ümid davam etmiş və bəzi təxəyyül məhsulu olan fantaziyalar da dərsliklərə bu cür girmişdir.53
N.Eldric və Y.Tattersoll isə bu mövzuda belə şərh verirlər:
“Ayrı növlərə aid fosillərin fosil qeydlərində üzə çıxdıqları cizgi boyunca fərqinə varılacaq dərəcədə eyni qalması Darvin öz “Mənşəyi”ni (“Növlərin mənşəyi” kitabı) nəşr etdirməzdən çox əvvəllər də paleontoloqlara məlum idi. Darvin özü isə… gələcək paleontoloq nəsillərinin bu boşluqları şövqlü araşdırmalarla dolduracaqlarını proqnozlaşdırmışdı… Aradan keçən yüz iyirmi illik paleontoloji tədqiqat ərzində geniş miqyasda aydın olmuşdur ki, fosil qeydləri Darvinin proqnozlarının bu hissəsini təsdiqləməyəcək. Problem qeydlərin (fosil qeydlərinin) ümidsiz dərəcədə kasad olmağından irəli gəlmir. Bu fosil qeydləri, sadəcə olaraq, həmin proqnozun səhv olduğunu göstərir.
Növlərin heyrətamiz şəkildə sabit qaldıqları və uzun dövrlər ərzində həmişə statik mahiyyət daşıdıqları yönündəki müşahidələr “Kral çılpaqdır” hekayəsindəki bütün xüsusiyyətləri özündə cəmləşdirir: hər kəs bunu görmüş, amma görməzlikdən gəlməyi seçmişdir. Darvinin nəzərdə tutduğu modellə uzlaşmağı israrla rədd edən, inadcıl bir fosil qeydi ilə qarşı-qarşıya qalmış paleontoloqlar, sadəcə olaraq, qəsdən bu həqiqətdən üz çevirmişlər”.54

Amerikalı paleontoloq S.M.Stenli isə fosil qeydlərinin ortaya qoyduğu bu həqiqətin elm dünyasına hakim olan darvinist ehkam tərəfindən necə gözardı edildiyini və etdirildiyini belə izah edir:
Məlum olan fosil qeydləri pilləli təkamülə uyğun gəlmir və heç vaxt da uyğun gəlməmişdir. Nəzərə çarpan cəhət odur ki, bəzi tarixi şərtlər vasitəsilə bu ziddiyyət gizlədilmişdir… Bir çox paleontoloq əllərindəki dəlillərin Darvinin kiçik, yavaş və pilləli dəyişikliklərin yeni növ əmələ gətirməsi fikriylə ziddiyyət təşkil etdiyini hiss etmişdir… Ancaq onlar susdurulmuşdur.55
İndi fosil qeydlərinin günümüzədək “susdurulmuş” həqiqətini daha ətraflı təhlil edək. Bunun üçün ən qədim dövrlərdən bu günə qədər keçən təbiət tarixini mərhələli şəkildə nəzərdən keçirmək lazımdır.
