Oxu müddəti: ~3 dəq.
Bir çox insanlar elə hesab edir ki, hər hansı bir elmi dərəcəyə layiq görülmüş alimin dediyi hər şey ən son mərhələdə olan həqiqətdir. Biz adətən fikirləşmirik ki, hər bir alimin adi insanda olduğu kimi öz mənfi rəyi və ideologiyası var. Belə ki, təkamül nəzəriyyəsinin tərəfdarı olan alimlər öz iddialarını guya elmi açıqlamalarla əsaslandırır, əslində isə onlar yalnız öz şəxsi baxışlarını və subyektiv rəylərini kütlənin şüuruna yeridirlər. Onlar təsadüfün nizamsızlıq və qarışıqlıqdan başqa heç bir nəticəyə gətirməyəcəyini çox gözəl anladıqları halda bütün kainatda mövcud olan bütün canlılara və qeyri-canlılara aid olan mükəmməl harmoniya, dizayn və planlı həyatın təsadüf nəticəsində əmələ gəldiyini yenə də iddia edirlər.
Bu bioloqların hər biri mikroskopa baxıb qarşısındakı orqanizmin bir tikinti materialı olan zülal molekulunun quruluşunun təkrarolunmaz mükəmməlliyini görməli, belə bir mükəmməlliyin öz-özünə əmələ gələ bilməyəcəyini bilməlidir. Amma bütün bu faktlara baxmayaraq bu alimlər inadla israr edirlər ki, ilk canlı hüceyrə milyardlarla illər bundan əvvəl primitiv dünya şərtləri çərçivəsində hadisələrin təsadüfi çulğaşması nəticəsində əmələ gəlmişdir. Bundan başqa, onlar bu mənasız iddia ilə kifayətlənməyərək bir qədər də irəli gedərək bildirirlər ki, bir deyil, milyonlarla zülal molekulu öz-özünə əmələ gəlmiş, sonra isə ağlasığmaz və müəmmalı bir şəkildə bir yerə toplaşaraq ilk canlı hüceyrəni əmələ gətirmişlər. Sözügedən insanlar "təkamülçü alimlərdir".
Onda bunu necə anlamaq olar ki, elə həmin bu alim boş bir sahədə üst-üstə qoyulmuş üç kərpic gördüyü zaman heç vaxt düşünməz ki, bu kərpiclər özü-özünə əmələ gəlmiş və düzülmüşlər. Bunun belə olduğunu iddia edəni isə dəli kimi qəbul edərlər.
Belə çıxır ki, ətrafındakılara məntiqli qiymət verə bilən insanlar həyatın yaranması barədəki mövzu və təcrübələrə məntiqsiz qiymət verirlər?
Bəzi alimlərin bu hərəkətlərini çətin ki, elmi saymaq mümkün olsun. Belə ki, fundamental elmin prinsiplərinə görə, əgər hər hansı bir faktın iki ehtimal edilən səbəbi varsa, onların ikisinin də tədqiq edilməsi lazım gəlir. Əgər səbəblərdən birinin ehtimalı digərindən, məsələn, 1 faiz azdırsa, o zaman şübhəsiz ki, yüksək ehtimalı olanı (99 faizlini) tədqiq etmək daha məntiqlidir. Gəlin bu sarsılmaz elmi prinsipi yadda saxlayaq və bir az düşünək. Elmdə həyatın yaranması ilə bağlı iki versiya var: birincisinə görə, bütün canlı orqanizmlər onların mükəmməl kompleks quruluşları ilə Allah tərəfindən yaradılmışdır; ikinci versiyaya görə, yer əzəldən mövcud olmuşdur və onun üzərində olan bütün canlılar öz-özünə, bir sıra təsadüflər nəticəsində əmələ gəlmişlər. Sonuncu iddia təkamül nəzəriyyəsinin tərəfdarları tərəfindən dəstəklənir.
Elmi faktlara, məsələn, molekulyar biologiyaya müraciət etdiyimiz zaman görərik ki, canlı hüceyrənin və ya hüceyrənin tərkibində olan milyonlarla mikroskopik zülal molekulundan hər hansı birinin təsadüfən əmələ gəlməsi qeyri-mümkündür. Amma təkamül nəzəriyyəsinin tərəfdarları bunun əksini iddia edirlər. Kitabın sonrakı fəsillərində biz həyatın öz-özünə yaranmasının qeyri-mümkünlüyü faktını sübut edən ehtimali hesablamaları sizin diqqətinizə çatdıracağıq. Bu hesablamaların sonucunda canlıların təkamül nəticəsində əmələ gəlməsi ehtimalı sıfra enir.
Bu halda birinci ehtimalın doğruluğu 100 faizə bərabərdir. Bu isə o deməkdir ki, bütün canlı orqanizmlər şüurlu bir şəkildə yaradılmış, başqa sözlə, böyük Qüdrət və Hikmət sahibi olan Allah tərəfindən yaradılmışdır. Bu həqiqət yalnız inanc deyil, həm də ağlın və elmin üzə çıxardığı faktdır. Təkamülçü alimlər belə inkaredilməz nəticə ilə qarşılaşdıqları zaman öz səhvlərindən, əsassız isrardan o andaca əl çəkməli və açıq-aydın sübut edilmiş həqiqəti qəbul etməlidirlər. Əks təqdirdə onların hərəkətini elmə sədaqət yox, şəxsi fikir və rəylərinin müdafiəsi üçün həqiqəti inkar etmək kimi qiymətləndirmək olar.
Amma buna baxmayaraq belə bir alim həqiqətlə üz-üzə gəldiyi zaman daha da azğınlaşır, onun iddialarında israr isə daha da sərt olur. Belə davranışı yalnız "inam" sözü ilə izah etmək olar. Amma belə bir inam çox yanlış inamdır. Çünki aşkar faktları inkar edən, bütün ömrünü yalnız öz fantaziya və arzularındakı fikirlərə həsr edən insanın bu davranışını başqa cür izah etmək və anlamaq mümkün deyil.
