Oxu müddəti: ~4 dəq.
Dinozavr, kərtənkələ, tısbağa və ya timsah… Bütün bu canlılar “sürünənlər” adlanan ailəyə daxildir. Dinozavrlar kimi bəzi sürünənlərin nəsli kəsilmişdir, amma bəziləri hələ də yaşayırlar. Sürünənlərin özünəməxsus xüsusiyyətləri var. Hamısının bədəni “pulcuq” adlanan bərk qabıqlarla örtülüdür. Soyuqqanlıdırlar, yəni öz bədən temperaturlarını özləri əmələ gətirmirlər. Buna görə də hər gün günəşə çıxıb bədənlərini isitmə ehtiyacı hiss edirlər. Balalarını isə yumurtlayaraq dünyaya gətirirlər.

Bu canlıların mənşəyini nəzərdən keçirdikdə təkamül nəzəriyyəsinin yenə çıxılmaz vəziyyətdə olduğunu görmək olar. Darvinistlər sürünənlərin suda-quruda yaşayanlardan təkamül yolu ilə törədiklərini iddia edirlər. Amma bu iddianı dəstəkləyən heç bir konkret dəlil yoxdur. Əksinə, suda-quruda yaşayanlar ilə sürünənlər arasında aparılan təhlil bu iki canlı qrupu arasında çox böyük fizioloji fərqlər olduğunu və “yarısürünən – yarısuda-quruda yaşayan” canlının yaşamasının qeyri-mümkün olduğunu göstərir.
Bunun bir nümunəsi iki fərqli canlı qrupunun yumurta formalarıdır. Amfibiyalar (suda-quruda yaşayanlar) suda kürüləyirlər. Kürülər suyun içində inkişaf etmək üçün uyğun formadadır, olduqca keçirici və şəffaf pərdə və jeleyəbənzər qatılığa malikdir. Lakin sürünənlər quruda yumurtlayırlar və ona görə də yumurtaları da qurudakı quru iqlimə uyğun şəkildə yaradılmışdır. “Amniotik yumurta” adlandırılan sürünən yumurtasının bərk qabığı havanı keçirir, amma suyu keçirmir. Bunun sayəsində balanın ehtiyacı olan maye o yumurtadan çıxana qədər saxlanılır.
Suda-quruda yaşayanlar əgər quruda kürüləsələr, qısa zamanda kürüləri quruyar və içindəki rüşeymlər də ölər. Bu vəziyyət sürünənlərin mərhələli şəkildə suda-quruda yaşayanlardan təkamül yolu ilə törədiklərini irəli sürən təkamül nəzəriyyəsi baxımından açıqlana bilməyən problemdir. Çünki quruda yaşamağa başlayarsa, amfibiya kürüsü bir nəsil daxilində amniotik yumurtaya çevrilməlidir. Bunun təkamül mexanizmləri kimi irəli sürülən təbii seçmə–mutasiya tərəfindən necə əmələ gətirilməsi açıqlana bilmir. Bioloq Maykl Denton bu barədə təkamülçülərin düşdükləri çıxılmaz vəziyyəti belə izah edir:
Bütün təkamül dərslikləri sürünənlərin suda-quruda yaşayanlardan təkamül yolu ilə törədiklərini irəli sürür, ancaq heç biri sürünənlərin əsas ayırdedici adaptasiyası olan amniotik yumurtanın bir-biri ardınca meydana gələn kiçik dəyişikliklər nəticəsində necə mərhələli şəkildə əmələ gəldiyini açıqlaya bilmir. Sürünənlərin amniotik yumurtası suda-quruda yaşayanlarınkından daha böyük, daha kompleks və tamamilə fərqlidir. Bütün heyvanlar aləmində bir-birindən bu qədər fərqli iki yumurta yoxdur… Amniotik yumurtanın və amfibiya-sürünən keçidinin mənşəyi təkamül sxemlərində heç vaxt göstərilə bilməyən əsas onurğalı bölmələrindən biridir. Məsələn, bir suda-quruda yaşayanın ürək və aorta qövslərinin necə mərhələli şəkildə sürünən və məməli səciyyələrinə çevrildiyini planlaşdırmaq mütləq qorxunc problemlər ortaya çıxaracaqdır…92
Digər tərəfdən, fosil qeydləri də sürünənlərin mənşəyinin təkamül yolu ilə açıqlanmasını əsassız edir.

Robert L.Kerroll “ən qədim sürünənlərin bütün suda-quruda yaşayanlardan çox fərqli olduqları və əcdadlarının hələ də tapılmadığı”nı qəbul etmək məcburiyyətində qalmışdır. Klassik əsəri olan “Onurğalıların paleontologiyası və təkamül” (Vertebrate paleontology and evolution) adlı kitabında: “Qədim dövr amniotları Paleozoy dövrünun bütün suda-quruda yaşayan canlılarından olduqca fərqlidir və əcdadları məlum deyil”93, –yazır. 1997-ci ildə nəşr olunan “Onurğalıların təkamül modelləri və prosesləri” (Patterns and processes of vertebrate evolution) adlı sonrakı kitabında isə: “Müasir suda-quruda yaşayan canlı növlərinin mənşəyi və qədim dövr tetrapodları arasındakı keçid və digər bir çox əsas qrupun mənşəyi haqqında hələ də çox az məlumat var”, -deyə etiraf edir.94
Eyni həqiqət Stiven Cey Quld tərəfindən də qəbul edilir və Quld: “Heç bir suda-quruda yaşayan fosili əsla quruda yaşayan onurğalıların (sürünən, quş və ya məməlilərin) əcdadına bənzəmir”, -deyir.95
İndiyə qədər “sürünənlərin əcdadı” kimi göstərilməyə çalışılan ən mühüm canlı isə seymuriya adlı suda-quruda yaşayan canlı növü olmuşdur. Lakin əslində, seymuriyanın keçid forma olmaması seymuriyanın yer üzündə ilk dəfə ortaya çıxmasından 30 milyon il əvvəl də sürünənlərin yaşadığının məlum olması ilə aşkar olmuşdur. Ən qədim seymuriya fosilləri Erkən Perm təbəqəsinə, yəni bundan 280 milyon il əvvələ aiddir. Lakin məlum olan ən qədim sürünən növləri olan Hylonomus və Paleothyris Erkən Pensilvaniya təbəqələrində tapılmışdır ki, bu təbəqələr 330-315 milyon il əvvələ aiddir.96 “Sürünənlərin əcdadı”nın sürünənlərdən çox sonralar yaşaması, əlbəttə, qeyri-mümkündür.
Qısa desək, elmi tapıntılar sürünənlərin yer üzündə təkamül nəzəriyyəsinin irəli sürdüyü kimi mərhələli inkişafla deyil, heç bir əcdadı olmadan bir anda üzə çıxdıqlarını göstərir.
İstinadlar
- Michael Denton, Evolution: A Theory In Crisis, Adler and Adler, 1986, səh. 218-219. ↩
- Robert L. Carroll, Patterns and Processes of Vertebrate Evolution, Cambridge University Press, 1997, səh. 198. ↩
- Robert L. Carroll, Patterns and Processes of Vertebrate Evolution, Cambridge University Press, 1997, səh. 296-97. ↩
- Stephen Jay Gould, “Eight (or Fewer) Little Piggies”, Natural History, no. 1, yanvar 1991, cild 100, səh. 25. ↩
- Stephen Jay Gould, “Eight (or Fewer) Little Piggies”, Natural History, no. 1, yanvar 1991, cild 100, səh. 25. ↩
