Həyatın Mənşəyi

Bitkilərin mənşəyi

Çiçəkli bitkilərin mənşəyi

Oxu müddəti: ~2 dəq.

Quruda yaşayan bitkilərin fosil tarixi və quruluş xüsusiyyətlərini təhlil etdikdə isə yenə də qarşımıza təkamül nəzəriyyəsinin fərziyyələrinə heç uyğun gəlməyən mənzərə çıxır. Demək olar ki, hər biologiya kitabında qarşılaşacağınız “bitkilərin təkamül ağacı”nın bir budağını belə təsdiqləyən bitki fosili yoxdur. Bir çox bitki fosil qeydlərində bütöv qalıqlara malikdir, amma bu qalıqların heç biri bir növdən digər növə keçid forması xüsusiyyəti daşımır. Hamısı xüsusi və orijinal şəkildə yaradılmış ayrı-ayrı növlərdir və bir-birləri arasında hər hansı təkamül əlaqəsi yoxdur. Təkamülçü paleontoloq E.K.Olsonun qəbul etdiyi kimi, “bir çox yeni bitki qrupu ani şəkildə üzə çıxır və onlara yaxın heç bir əcdadları yoxdur”.342

Miçiqan Universitetində fosil bitkilər üzərində tədqiqatlar aparan botanik Çester A.Arnold belə şərh verir:

Uzun bir müddət ümid edildi ki, nəsli kəsilmiş bitkilər hal-hazırda yaşayanların keçdiyi inkişaf mərhələlərini üzə çıxaracaq. Ancaq açıq şəkildə qəbul edilməlidir ki, bu gözləmə sadəcə çox məhdud dərəcəyə qədər reallaşmışdır. Halbuki paleobotaniki tədqiqatlar bir əsrdən artıq davam edir.343

Arnold paleobotanikanın (bitkiləri öyrənən paleontologiyanın) təkamülü dəstəkləyən nəticə üzə çıxarmadığını: “İndiyə qədər dövrümüzə aid heç bir bitkinin başlanğıcından bu günə qədər olan təkamül qohumluğu tarixini izləmək imkanımız olmamışdır”, -deyərək qəbul edir.344

Bitkilərin təkamül iddiasını ən açıq şəkildə təkzib edən fosil tapıntıları çiçəkli bitkilərə aiddir. Çiçəkli bitkilər 42 başlıca fəsiləyə bölünmüşdür və bu 42 fərqli fəsilənin hər biri də arxada heç bir ibtidai “keçid forma” izi qoymadan fosil qeydlərində ani şəkildə üzə çıxır. Bu həqiqət XIX əsrdə də məlum olmuş və hətta bu səbəbdən Darvin çiçəkli bitkilərin mənşəyini “narahatlıq verən sirr” adlandırmışdır. Darvinin dövründən bəri aparılan bütün tədqiqatlar isə sadəcə bu sirrin “narahatlıq verən” dozasını artırmışdır. Təkamülçü paleobotanik N.F.Hyus “Çiçəkli bitkilərin mənşəyinin paleobiologiyası” (Paleobiology of angiosperm origins) adlı kitabında belə etiraf edir:

Qurudakı bitkilərin ən dominant qrupu olan çiçəkli bitkilərin təkamül mənşəyi alimləri XIX əsrin ortalarından bəri təəccübləndirir… Detallardakı bir neçə istisnadan başqa, bu suala qənaətbəxş cavab tapılmır və nəticədə, bir çox bioloq bu problemin fosil qeydləri ilə həll olunmasının qeyri-mümkün olduğu nəticəsinə gəlmişdir.345

(Sol, yuxarıda): Yura dövrünə aid olan təxminən 180 milyon illik bu bitki əvvəlki dövrlərdə heç bir əcdadı olmadan özünəməxsus və qüsursuz quruluşu ilə ortaya çıxmışdır. (Sol, aşağıda): Daş kömür dövrünə aid olan bu 300 milyon illik qatırquyruğu bitkisi dövrümüzdə yaşayan nümunələrindən fərqlənmir. (Sağda): 140 milyon il yaşındakı Archaefructus cinsinə aid bu fosil məlum olan ən qədim çiçəkli bitki qalığıdır. Bugünkü bənzərlərindən fərqi olmayan bu bitkinin çiçəkləri və meyvəsi qüsursuz quruluşa sahibdir.

Daniel Akselrod isə “Təkamül tarixində çiçəkli bitkilərin təkamülü” (The evolution of flowering plants, in the evolution life) adlı kitabında çiçəkli bitkilərin mənşəyi haqqında belə şərh verir:

Çiçəkli bitkiləri əmələ gətirən ibtidai qrup fosil qeydlərində hələ müəyyən edilməmişdir və yaşayan heç bir çiçəkli bitki bu cür əlaqəyə işarə etmir.346

Bütün bunların bizə göstərdiyi bir nəticə var: bütün canlılar kimi bitkilər də yaradılmışdır. İlk dəfə üzə çıxdıqları andan etibarən bütün mexanizmləri tam şəkildə mövcuddur. Təkamülçü ədəbiyyatda işlədilən “zaman ərzində inkişaf, təsadüfi dəyişikliklər, ehtiyaclar nəticəsində üzə çıxan adaptasiyalar” kimi terminlər heç bir həqiqətə əsaslanmır və elmi mənaları yoxdur.

İstinadlar

  1. E. C. Olson, The Evolution of Life, New York, The New American Library, 1965, səh. 94. ↩
  2. Chester A. Arnold, An Introduction to Paleobotany, McGraw-Hill Publications in the Botanical Sciences, New York: McGraw-Hill Book Company, Inc., 1947, səh. 7. ↩
  3. Chester A. Arnold, An Introduction to Paleobotany, McGraw-Hill Publications in the Botanical Sciences, New York: McGraw-Hill Book Company, Inc., 1947, səh. 334. ↩
  4. N. F. Hughes, Paleobiology of Angiosperm Origins: Problems of Mesozoic Seed-Plant Evolution, Cambridge: Cambridge University Press, 1976, səh. 1-2. ↩
  5. Daniel Axelrod, The Evolution of Flowering Plants, in The Evolution Life, səh. 264-274 (1959) ↩